14.1.2014
Əməkdaşlarımız folklorçuların Rusiyada keçiriləcək III Beynəlxalq konqresinə dəvət olundular

AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil və Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy fevral ayının 3-dən 9-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən folklorçuların III Beynəlxalq konqresinə dəvət olunublar. Konqresdə iştirak üçün dünyanın hər yerindən müraciətlər olunmuş və aralarında dünyanın ən məşhur folklorşünaslarının da yer tutduğu təxminən 400 məruzə seçilmiş və Konqresin proqramına daxil edilmişdir. Ppoqramda Ağaverdi Xəlilin “Rus tarixi-filoloji məktəbi və Azərbaycan folklorşünaslığı”, Seyfəddin Rzasoyun “Azərbaycan eposu: tədqiqinin və müasir vəziyyətinin problemləri” mövzusundakı məruzələri də öz əksini tapır. Konqres Rusiya federasiyası Mədəniyyət nazirliyinin Dövlət respublika rus folkloru mərkəzi tərəfindən təşkil edilir. Folklorçuların, etnoloqların, filoloqların, antropoloqların, sənətşünasların, etnomusiqişünasların və başqa ənənəvi mədəniyyət tədqiqatçılarının elmi həyatında öz mühüm nəticələrinə görə möhtəşəm forumlar olan bu konqresin birincisi 2006-cı ildə, ikincisi isə 2010-cu ildə keçirilmişdir. RF Mədəniyyət nazirliyinin təşkil etdiyi Ümumrusiya folklorçularının III konqresi aşağıdakı tematik bloklar üzrə planlaşdırılmışdır:
1. Folklor müasir informativ və mədəni məkanda.
• Akademik xalq sənəti və folklor.
• Folklorun səhnə təcəssümü.
• Müasir şəhər folkloru.İnternetdə folklor.
• Verilənlər bazası və folklor materialları arxivi.
• Folklorşünaslıqda informasiya texnologiyaları.
• Müasir polimədəni məkanda etnomədəniyyət.
• Müəllif yaradıcılığında folklor.Folklorizm.
• Mətbuatda və KİV-də folklor.
2.Folklorun tarixi və nəzəriyyəsi problemləri.
• Folklorun poetikası və mətnşünaslıq.Folklorun dili.
• Etnomusiqişünaslıq.Etnoxorelogiya.Etnoorqanologiya.
• Dekorativ-tətbiqi sənət və xalq sənətkarlığı.
• Ənənəvi oyun mədəniyyətinin problemləri.
• Sahə tədqiqatlarının strategiya və taktikası.
• Folklorşünaslığın regional və milli problemləri.
• Folklor elminin tarixi.
• Folklorşünaslıq digər elmlər kontekstində.
3. Xalq bədii mədəniyyətinin öyrənilməsi və tədrisi problemləri.
• Məktəbəqədərki müəssisələrdə uşaqlara folklor dəyərlərinin öyrədilməsi.
• Folklor praktikasının təşkili üzrə mədəni istirhaət və konsert təşkilatlarının fəaliyyəti.
• Müasir festivallar və folklor müsabiqələri.
• Xalq yaradıcılığı sahəsində menecment.
Bölmələrlə yanaşı folklorun və ənənəvi mədəniyyətin aktual problemlərinin dəyirmi masalarda, dikussiya klublarında müzakirəsi, seminarların keçirilməsi və məşhur xalq sənətkarlarının çıxışlarının dinlənilməsi planlaşdırılır. Konqres çərçivəsində Rusiya folklor kinosu festivalı keçiriləcək, folklor kollektivlərinin çıxışları olacaq, dekorativ-tətbiqi sənət əsərlərinin sərgisi, kitab yarmarkası və digər mədəni tədbirlər təşkil ediləcəkdir. |