Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
17.12.2013

Muxtar Kazımoğlu (İmanov)

Filologiya üzrə elmlər doktoru,
AMEA Folklor İnstitutunun direktoru
mukhtarkazimoglu@gmail.com

Ustad aşıq və tarixi ənənə

I yazı

Aşıq Şəmşirin təmsil etdiyi aşıq sənətinin təşəkkül tapıb özünəməxsus yol tutmasında ən başlıca göstəricilər, təbii ki, sazın meydana çıxması, ayrı-ayrı saz havalarının və onlara uyğun şeir şəkil və janrlarının yaranması, dastanların yeni məzmun və forma xüsusiyyətləri qazanmasıdır. Bu göstəricilərin mahiyyətini daha dərindən başa düşməkdə isə ən münasib üsullardan biri aşıq sənətini imkan daxilində ozan sənəti ilə müqayisə etməkdir. Əlbəttə, müqayisə o vaxt daha səmərəli olardı ki, XV-XVI əsrlərəcən qopuzda çalınan ozan havaları barədə dəqiq məlumat əldə edə biləydik, həmin havalardan hansının müqabilində hansı formalarda şeir oxunmasından xəbər tuta biləydik. İndiki halda aşıq-ozan müqayisəsini, əsasən, ehtimallar üzrə aparmalı və bu ehtimalları irəli sürərkən ən çox «Dədə Qorqud» eposuna üz tutmalı oluruq. «Dədə Qorqud» eposuna qopuzla sözün əlaqəsi baxımından nəzər saldıqda diqqəti ilk növbədə eposdakı «söyləmə»lər cəlb edir. «Söyləmə»lərin heca vəznli qoşma və gəraylılardan fərqlənməsi üzərində düşünüb folklorşünaslıqdakı məlum fikirlə biz də razılaşmalı, «Dədə Qorqud» şeirlərinin heca standartlarından kənara çıxmasını xüsusi qopuz havaları ilə əlaqələndirməli oluruq. Və vurğulamaq istəyirik ki, ozan şeirində olduğu kimi, aşıq şeirində də ortaya çıxan bir çox sualların cavabı məhz musiqidədir. Bizdə sazın sözdən, sözün sazdan ayrı öyrənilməsi, aşıq şeirinin aşıq musiqisindən nə dərəcədə asılı olmasına diqqət yetirilməməsi bu sahəyə aid tədqiqatların lazımi istiqamətdə getməsinə maneçilik törədir. «Lazımi istiqamət» dedikdə aşıq şeirini ifa prosesi ilə vəhdətdə götürmək, ifa prosesində yaranmasını aşıq şeiri üçün səciyyəvi cəhət saymaq və bu cəhətinə görə onu yazılı şeirdən fərqləndirmək kimi amilləri nəzərdə tuturuq. Bu cür amilləri nəzərə almaq isə aşıq şeirini dastan kontekstində araşdırmağı zərurətə çevirir. Çünki aşıq şeiri (bütövlükdə aşıq sənəti) öz mahiyyətini dastan ifaçılığında daha qabarıq şəkildə göstərir. Aşıq şeiri nəinki məzmun, həm də formasına görə dastan ifasına, həmin ifa zamanı çalınan saz havalarının ritm və ahənginə tabe etdirilir. Sərbəst şeiri xatırladan «Dədə Qorqud» «söyləmə»ləri qopuz havalarının ritm və ahənginə uyğun olaraq ortaya çıxırsa, heca standartları əsasında yaranan «Koroğlu» qoşma və gəraylıları da saz havalarının ritm və ahənginə uyğun olaraq ortaya çıxır. Yeri gəlmişkən qeyd edək ki, saz havaları ilə aşıq şeirlərinin üzvi bağlılığı kimi son dərəcə vacib məsələ Azərbaycan folklorşünasları arasında Sədnik Paşayevin diqqətini daha çox cəlb edib. «Aşığın şeiri, musiqisi, dastan yaradıcılığı və ifaçılığı əlaqəli şəkildə öyrənilsə, bu sənət (aşıq sənəti – M.K.) haqqında tam təsəvvür yaranar» deyən S.Paşayev saz havalarının şeir janrları üzrə təsnifatını aparıb. Məsələn, gəraylıların «Atlı Koroğlu», «Ayaq Cəlili», «Baş sarıtel» («Kəvəri»), «Bağdad dübeyti», «Borçalı dübeyti», «Vanağzı», «Qazax dübeyti» («Zülfüqarı», «Mirzə dübeyti»), «Koroğlu bəhrisi», «Gəraylı», «Mina gəraylı», «Məmmədhüseyni», «Naxçıvan gülü», «Orta sarıtel», «Paşa köçdü», «Sallama gəraylı», («Cığalı gəraylı»), «Səyyadı», «Tərs gəraylı», «Hicaz gülü», «Şahsevəni» və s. havalar üstündə oxunduğunu müəyyənləşdirib, həmçinin qoşma, təcnis, bayatı, divani, müxəmməs kimi janrların hansı havalara bağlı olduğunu konkret adlar çəkərək təfsilatı ilə göstərib (Pirsultanlı S.P. Ozan-aşıq sənətinin nəzəri məsələləri. Bakı, Ozan, 2002, s.70-74,).
Biz – tədqiqatçılar aşıq musiqisini aşıq şeirindən, aşıq şeirini ifaçılıq prosesindən ayrı götürsək də, götürməsək də, ənənə ənənə olaraq qalır. Hər ustadın fəaliyyəti sayəsində yeni-yeni havalar, yeni-yeni dastanlar, yeni-yeni şeir janrları ilə zənginləşən ənənədə əsl mahiyyət dəyişmir. «Aşıq» adı daşıyan sənətkar nə boyda istedad sahibi olur-olsun, ənənəyə tabedir: sözü qələmdən çox sazla yaradır, sözü xalqa kitab-dəftərdən çox canlı ifaçılıqla çatdırır. Əgər belə olmasaydı, «aşıq» adı ilə yanaşı, «el şairi» adı da yaranmazdı. «El şairi» adı bir daha göstərir ki, qoşma-gəraylı yazmaq və bu yolla xalq arasında populyarlıq qazanmaq hələ aşıq olmaq demək deyil. Aşıqlıq mərtəbəsinə qalxmaq üçün söz ustası olmaqdan əlavə, gərək həm də mahir saz ifaçısı olub məclis apara, dastan danışa biləsən, sözü sazla birləşdirə, yeri gələndə sazın sədası altında bədahətən şeir deyə biləsən.
Ustad aşıqlara məxsus bədahətən şeir demək məsələsinə qismən ətraflı toxunub Aşıq Şəmşirdən, onun ənənəyə bağlılığından danışmaq istəyirik. Qeyd etmək istəyirik ki, bədahətən şeir demək, xalqın təsəvvüründə vergili olmaq deməkdir. İnama görə, məhz Allah vergisi ustad aşığı adi adamlardan fərqləndirir. Bu inamın hesabınadır ki, xalq arasında ustad aşıqların övliyalığı haqda çoxlu rəvayətlər vardır. Bu rəvayətlərin bir qismi ustad aşığın hər hansı diləyinin (alqış və ya qarğışının) hasilə yetməsi ilə bağlıdır. Aşıq Ələsgərin şagirdi Aşıq Ağayarın söylədiyinə görə, Tapdıq adlı bir nəfər onun (Aşıq Ağayarın) xəncərini alıb geri qaytarmaq istəmir. Aşıq Ələsgər işə qarışıb Tapdıqdan xəncəri istəsə də, xeyiri olmur. Əlacsız qalan Aşıq Ələsgər Tapdığı qarğımalı olur: «Bu, mənim şəyirdimin xançalını vermədi. Bu gejə gərək o bir balıya irast ola, savahnan Aşıq Ələsgəri burya gətirələr». Aşıq Ələsgərin dediyi kimi də olur: gecə Tapdıq qəfil bəlaya tuş olub evdəkiləri döyməyə başlayır. Əmisi irəli yeriyib qabağını almaq istəyəndə boynunu qırıb onu da böyrü üstə yıxır yerə. Camaat yığılır, Tapdığı iplə evin dirəyinə bağlayır ki, əlindən başqa xəta çıxmasın. Tapdığın düşdüyü bəlaya çarə fikirləşirlər. Aşıq Ələsgərin qarğışı yada düşür. Gedib Aşıq Ələsgəri gətirirlər. Tapdıq yalvarır: «Ələsgər baba, qadan alım, məni burdan qutar!» Aşıq Ələsgər ovsun oxuyub Tapdığın üzünə üfürür. Tapdıq düşdüyü bəladan qurtarır, gətirib xəncəri Aşıq Ağayara qaytarırlar (Aşıq Ələsgər. Şeirlər, dastan-rəvayətlər, xatirələr. Toplayıb tərtib edəni İ.Ələsgər. Bakı, Çinar-çap, 2003, s.444-445). Buna bənzər əhvalatlar Aşıq Şəmşir barəsində də danışılır. Məsələn, danışırlar ki, uşaq vaxtı tay-tuşları ilə mal otaran Şəmşiri yoldan ötən bir atlı nahaqdan şallaqla vurmaq istəyir. Şəmşir ötkəmliklə dillənir: «A kişi ey, mənə şallaq vurma, bax atın büdrəyər, qılçı sınar, qalarsan piyada!
Kişi şallağı bir də tovlayıb, atı məhmizlədi. İlk addımdaca at büdrədi, qılçı sındı. Kişi… uşağa sarı qaçdı. Uşağa çatan kimi onun ayağına qapandı: − A bala, sən Allah, məni bağışla… Kimlərdənsən, hansı müqəddəsin övladısan?» (Aslan M. Şaxla izimi, dünya. Bakı, İşıq, 1989, s.9-10). Aşıq Ələsgər və Aşıq Şəmşir diləyinin bu cür yerinə yetməsi «qolun qurusun» deyib Dəli Qarçarın qolunu qurudan Dədə Qorqudun kəramətini yada salmırmı? Dədə Qorqudun bu kəraməti ilə söy söyləyib boy boylamaq qüdrəti arasında bir bağlılıq olduğu kimi, ustad aşıqların da qeyri-adi hərəkəti ilə bədahətən şeir demək istedadı arasında bir bağlılıq yoxdurmu? Əlbəttə, sullara müsbət cavab verib, ozan və aşığı vahid etno-kulturoloji sistemin yetişdirməsi saymalı oluruq. Eyni etno-kulturoloji sistemin daşıyıcısı olmağın nəticəsidir ki, «qayibdən dürlü xəbər söyləyən» Dədə Qorqud kimi, Aşıq Ələsgərdə də görücülük vergisi var. Hətta bu görücülük o dərəcədədir ki, ustad aşıq nə vaxt öləcəyini də qabaqcadan söyləyə bilir (Aşıq Ələsgər. Şeirlər, dastan-rəvayətlər, xatirələr, s.461-462). Əslinə qalsa, Aşıq Ələsgərin «bisavadlığ»ı ilə bağlı qənaətin də bir kökü Allah vergisi məsələsinə gedib çıxır. Təsadüfi deyil ki, ustad aşığın «bisavadlığ»ını yalnız sıravi adamlar yox, onu yaxından tanıyan sənət adamları − yetirməsi Aşıq Ağayar, oğlu Aşıq Talıb, həmçinin Aşıq Şəmşirin özü də təsdiq edir. Aşıq Şəmşir atası Ağdabanlı Qurbanla dostluq edən Aşıq Ələsgəri belə xatırlayır: «Atamın günü Aşıq Ələsgərlə bir yerdə keçərdi… Onların göz yaddaşı, qulaq yaddaşı elə güclü idi ki, bir dəfə gördüklərini, eşitdiklərini heç vaxt unutmazdılar… Ələsgər əminin yazı-pozu ilə işi yox idi, hamısını sinədən, bədahətən deyərdi» (Dədə Şəmşir yaddaşlarda. Xatirələr. Toplayıb tərtib edəni Q.Şəmşiroğlu. Bakı, Gənclik, 2000, s.34). Həm Aşıq Şəmşir, həm də Aşıq Ağayar, Aşıq Talıb kimi başqa şahidlər «yazı-pozu bilməyən» Aşıq Ələsgərin hansı məqamda hansı şeiri bədahətən deməsinə aid kifayət qədər misal çəkirlər. Aşıq Ələsgərin yazı-pozu bilməməsi ilə bağlı xatirələr ustad sənətkarın sinədən söz demək istedadını daha qabarıq göstərmək və bu istedadın İlahi vergisi olduğuna dinləyicini inandırmaq üçündür. Əlbəttə, ustad aşığın yazı-pozu bilməsi heç də bu el sənətkarı ilə bağlı xalq təsəvvürünü dəyişdirmir. Nə qədər yazı-pozu bilirsə-bilsin, nə qədər savadlı olursa-olsun, ustad aşıq xalqın təsəvvüründə sinədən söz deməyi bacaran bir sənətkardır. Daha doğrusu, bu sənətkarı sənətkar eləyən ilkin kəramətlərdən biri qeyri-adi təbə sahib olmaq, bədahətən şeir deyib sinəni boşaltmaqdır. Ustad aşıqların son nümayəndələrindən biri olan və yazıb-oxumağı bacaran Aşıq Şəmşirlə də bağlı xalq təsəvvürü məhz o cürdür. Belə olmasaydı, yeddi yaşlı Şəmşirin haldan-hala düşüb yetim quzuya şeir qoşmasından rəvayət danışılmazdı: «Xalaoğlu Əhməd onun (Şəmşirin – M.K.) bu qərib halını səhərin gözü açılandan fərq etmişdi.
– Ağrıyan yerin yoxdu, xalaoğlu?
– Var.
– Harandı?
– Bilmirəm…
– Başına hava gəlib?
– Hə. Başıma yığılan o hava deyir ki, bu yetimə (quzuya – M.K.) söz qoşum…
Axır ki, göyərəsi bir «çəmənin» ilk «çiçəyi» çırtladı:
Mənə baxıb nə mələrsən,
Nə göynərsən, yetim quzu?!
Ot yerinə dərd yeyərsən,
Qəm çeynərsən, yetim quzu.

Baxışından ələm yağır,
Baxma mənə fağır-fağır.
Mənim dərdim dağdan ağır –
Gör neynirsən, yetim quzu!
Xalaoğlu Əhməd eşitdiyinə inanmaq istəmirdi» (Aslan M. Şaxla izimi, dünya. Bakı, İşıq, 1989, s.10-11). Şair M.Aslanın özünəməxsus bir üslubda qələmə aldığı bu əhvalatın həqiqətən baş verib-vermədiyini dəqiqləşdirmək o qədər də vacib deyil. Bu məqamda vacib olan başlıca cəhət xalqın təsəvvüründəki Aşıq Şəmşir obrazının M.Aslan təsvirindəki Aşıq Şəmşir obrazı ilə üst-üstə düşüb-düşməməsidir. Əlbəttə, aşıq sənətini, bütövlükdə xalq ədəbiyyatını çox gözəl bilən və duyan M.Aslan, əlinə qələm götürüb Aşıq Şəmşirdən kitab yazarkən «ustad aşıq kimə deyirlər?» sualının məlum cavabını nəzərə aldığına görə onun təsviri Aşıq Şəmşir barədəki xalq təsəvvürü ilə heç bir ziddiyyət yaratmır. Xalq da, M.Aslan da Aşıq Şəmşiri mahir söz ustası kimi tanıyır. Və bu ustalıq, məqamı gəldikdə bədahətən deyilən, məqamı gəldikdə qələmlə yazılan kitab-kitab şeirlərdə öz təsdiqini tapır. Xalq da, M.Aslan da söz ustası Aşıq Şəmşiri sazdan ayrı təsəvvür edə bilmir. Aşıq Şəmşirin saz ifaçılığındakı ustalığı isə öz təsdiqini lent yazılarında tapır. Yetmişdən çox saz havasını ifa edib lentə yazdırmaqla o, klassik aşıqların nümayəndəsi olduğunu bir daha sübuta yetirmiş olur. Şair O.Sarıvəlli Aşıq Şəmşir yaradıcılığında sazla sözün vəhdətini xüsusi qiymətləndirib yazır: «Unutmaq olmaz ki, aşıq poeziyası sazla yanaşı, aşıq musiqisi ilə həmahəng inkişaf edib boy atmışdır. Yaradıcı aşıqların şeirlərinin əksəriyyəti şəkli cəhətdən havacat üzərində qurulmuşdur. Odur ki, aşıq ürəkli şair, şair ürəkli aşıq – Şəmşirin yaradıcılığına sazla sözün birliyi mövqeyindən baxmaq lazımdır» (Sarıvəlli O. Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir / Dədə Şəmşir yaddaşlarda. Xatirələr. Toplayıb tərtib edəni Q.Şəmşiroğlu. Bakı, Gənclik, 2000, s.99). O.Sarıvəlli sazla sözün birliyi baxımından Aşıq Şəmşir yaradıcılığını götür-qoy etmək məqsədilə aşığın «Məni sən» rədifli cığalı müxəmməsi üzərində dayanır. Cəmi bir bəndini (yəni əsas bənd və onun arasına daxil olan cığa bəndləri) misal çəkən O.Sarıvəlli müxəmməsin forma mürəkkəbliyinə aydınlıq gətirir: «Sual olunur: müxəmməslərdə bu əlavə bəndlər, bu cığalar nə üçündür? Nəzərə almaq lazımdır ki, divani və müxəmməs şəklində yazılmış şeirləri eyni adlarda olan «Divani» və «Müxəmməs» havalarından ayrı götürmək, ayrı təsəvvür etmək çətindir. Bu saz havaları nəzərə alınmadıqda, bu şeir formaları da bir növ anlaşılmaz olur. Hətta bunlar bəzi oxuculara mənasız görünür. Yeri gəlmişkən, demək lazımdır ki, cığaların müxəmməslərə əlavə edilməsi, görünür, yalnız son dövrlərə aid məsələdir. Həm də müxəmməs şəklində olan şeirlərin «Müxəmməs» havasının üstündə ifa edilməsi ilə çox əlaqədardır. Yeddi bəndlik, hər misrası da on altı hecadan ibarət şeiri aşıq ifa etdikdə çox yorucu olur. Belə bir vəziyyətdə cığalar ifaçıların köməyinə gəlir. Musiqi (“Müxəmməs” havası) əlavə xallarla yeri gəldikcə öz ahəngini dəyişir, havanı yeknəsək olmaqdan qurtarır. Beləliklə, götürülmüş böyük bir mövzu, geniş bir məzmun dinləyiciləri yormadan ifa olunur” (Sarıvəlli O. Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir / Dədə Şəmşir yaddaşlarda. Xatirələr. Toplayıb tərtib edəni Q. Şəmşiroğlu. Bakı, Gənclik, 2000, s.114-115).
Aşıq yaradıcılığına sazla sözün vəhdəti baxımından yanaşılarkən söhbət istər-istəməz dastan məsələsinə gəlib çıxır. Başqa cür də ola bilməz. Çünki dastan ifaçılığı həm saza, həm də sözə geniş meydan verir və aşıq sənəti bu meydanda öz mahiyyətini daha qabarıq şəkildə göstərə bilir. Bu gün şeirlərini kitablardan sevə-sevə oxuduğumuz klassik aşıqların hər biri, ilk növbədə, məclis aparıb, dastan danışmaqla tanınıblar. Öz şeirləri ilə uca zirvədə dayanan və yazılı ədəbiyyatın M.V.Vidadi və M.P.Vaqif kimi nümayəndələri ilə müqayisə oluna bilən Aşıq Ələsgərin yalnız Azərbaycanda yox, bütün «Qafqaz eli»ndə, sazın nüfüz etdiyi ətraf ölkələrdə tanınıb şöhrət qazanmasının mühüm səbəblərindən biri məhz dastan ifaçılığı ilə bağlıdır. Aşıq Ələsgərin hansı dastanları məclislərdə daha çox danışmağı barədə konkret məlumatlar var. Oğlu Aşıq Talıb və şagirdi Aşıq Ağayarın verdiyi məlumata görə, Aşıq Ələsgər «Abbas-Gülgəz», «Qurbani», «Tahir-Zöhrə», «Valeh-Zərnigar», «İbrahim», «Əmrah» kimi dastanlara, «Koroğlu»dan yeddi qola daha çox üstünlük verərmiş. Atasının dastana münasibətindən danışarkən Aşıq Talıb başqa bir nöqtəyə – Aşıq Ələsgərin getdiyi səfərlərə, həmin səfərlərlə bağlı sərgüzəştlərə də toxunur və Aşıq Ələsgərin öz sözünə əsaslanıb belə hesab edir ki, “o səfərlərin hərəsi bir gejəlik nağıldı”, yəni dastandı (Aşıq Ələsgər. Şeirlər, dastan-rəvayətlər, xatirələr. Toplayıb tərtib edəni İ.Ələsgər. Bakı, Çinar-çap, 2003, s.469). Bu kimi faktlar klassik aşıqların nəinki dastanlar danışmasından, həm də yeni-yeni dastanların yaranmasında onların mühüm rol oynamasından xəbər verir. Bu sözləri «klassik aşıq sənəti ilə müasir aşıq sənəti arasında möhkəm özüllü bir körpü təsəvvürü yaradan» (Kürdoğlu H. Dağlar nalə çəkib Şəmşirsiz ağlar / Dədə Şəmşir yaddaşlarda. Xatirələr. Toplayıb tərtib edəni Q.Şəmşiroğlu). Bakı, Gənclik, 2000, s.209) Aşıq Şəmşirə də aid etmək olar. O.Sarıvəllinin qeydlərindən məlum olur ki, Aşıq Şəmşir “Koroğlu”, “Abbas və Gülgəz”, “Heydər bəy”, “Alı xanla Pəri xanım”, “Abdulla və Cahan”, “Novruz”, “Həcər və Pərizad”, “Valeh və Zərnigar”, “Məsim və Diləfruz”, “Şah İsmayıl”, “İbrahim”, “Tahir və Zöhrə”, “Xəstə Qasım” kimi dastanların mahir ifaçısı olub; həmçinin müxtəlif mövzular üzrə üç dastan yaradıb (Sarıvəlli O. Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir / Dədə Şəmşir yaddaşlarda. Xatirələr. Toplayıb tərtib edəni Q.Şəmşiroğlu. Bakı, Gənclik, 2000, s.118) Aşıq Şəmşirin ifa etdiyi dastanlar sırasında birinci olaraq “Koroğlu” adının çəkilməsi, görünür, təsadüfi deyil. Məsələ burasındadır ki, Aşıq Şəmşirin zil səsi “Koroğlu” havalarının oxunması üçün çox uyarlı bir səs olub. M.Aslanın bu qeyri-adi səslə bağlı olaraq qələmə aldığı bir əhvalat var. Həmin əhvalat Aşıq Şəmşirin Xan Qərvəndində Usuf adlı bir aşıqla qabaqlaşmağından bəhs edir: “Aşıq Şəmşir üzünü camaata tutdu: – Ay yoldaşlar, siz də sözümə şahid olun: hansı aşıq meydana çağırırsa, fürsət qabaqkınındı, çünki bu kişi özünə genəşib meydana çıxıb. Eləmi?! Qaydaya görə, əvvəlcə havacat üstündə sınaşmalıyıq, sonra mən burda, o burda – deyişəcəyik, qıfılbəndə keçəcəyik... Əvvəlcə mən “Bozuğu Koroğlu” oxuyacam.
Dədə Şəmşir dövrə vurub qıyya çəkdi:

Hanı mənim Qoç Koroğlum –
Gələ girə bu meydana!..

Növbəti bənddə Aşıq Usufun “hey!” deməyi ilə boğazından qan fışqırmağı bir oldu” ( Aslan M. Şaxla izimi, dünya. Bakı, İşıq, 1989, s.36-37). “Bozuğu Koroğlu” oxumaq istərkən Aşıq Usufun boğazından qan açılması Aşıq Şəmşir səsinin dərəcəsini göstərmək üçün lazım olan bir detaldır. Bu detal göstərir ki, Aşıq Şəmşir səsi ilə oxumağa cəhd eləmək başqa aşıq üçün zora düşmək, boğazını sıradan çıxarmaq deməkdir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.