Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

1.7.2013

AMEA FOLKLOR İNSTİTUTU İLƏ QAZAXISTAN EA M.AUEZOV ADINA ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT İNSTİTUTU ARASINDA ƏMƏKDAŞLIĞA AİD İLK TƏŞƏBBÜS

QEA Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, filologiya elmləri doktoru Uəlimxan Qalimjanov və Əli Şamil.

2013-cü il iyunun 10-14-də AMEA Folklor İnstitutu ilə Qazaxıstan Elmlər Akademiyası (QEA) M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında bağlanacaq müqavilə layihəsinin müzakirəsi keçirilmişdir. Müqavilə layihəsində Qazaxıstanda yaşayan soydaşlarımızdan folklor nümunələri toplamaq, birgə kitablar nəşr etmək, elmi konfranslar keçirmək, kadrların təcrübə mübadiləsini təşkil etmək və s. nəzərdə tutulmuşdur.
Qazaxıstan ərazisinə görə Rusiya Federasiyasından sonra keçmiş Sovetlər Birliyində ən böyük respublikadır. Lakin burada hər kvadratkilometrə düşən əhalinin sayı qonşu ölkələrlə müqayisədə az olmaqla yanaşı, əhalinin təxminən 40 faizini ruslar və digər millətlərdən olan rusdillilər təşkil edir. Buna Rusiyanın mərkəzi vilayətlərindən aztorpaqlı kəndlilərini bölgəyə köçürməsi, Sovet hakimiyyəti illərində on minlərlə ailənin buraya sürgün edilməsi və xam torpaqların əkilib-becərilməsi adı ilə SSRİ-nin hər yerindən yüz minlərlə insanı orada yerləşdirməsini səbəb olmuşdur. Qəribəsi o idi ki, Qazaxıstana Azərbaycandan on minlərə ailə sürgün edilirdisə, Novruz Rızayev, Üzeyir Şabanov və b. da yüksək rəhbər vəzifələrə işləməyə göndərirdilər.
1928-32-ci illərdə hökumətin kollektiv təsərrüfat yaratması əhalinin mal-mülkünün əlindən alınmasına və 3-4 milyon insanın aclıqdan, xəstəliklərdən ölməsinə səbəb olmuşdur. Bu göstərici Qazaxıstan əhalisinin az qala yarısını təşkil edirdi. 25-30 il sonra isə bölgədə yeni şəhərlər, qəsəbələr, kəndlər salınaraq SSRİ-nin müxtəlif bölgələrindən insanları Qazaxıstana işləməyə göndərirdilər.
Sürgün olunanlar, xam torpağa işləməyə göndərilənlər və ya iş tapa bilməyib güzəran dalınca gedənlər arasında on minlərlə azərbaycanlı da vardı. Onların bir qismi geri dönsə də, geri dönə bilməyənlərin sayı yüz min nəfəri keçmişdi. Soydaşlarımız qazaxlarla eyni dinə inansalar da, dillərimiz yaxın olsa da, çoxu rus təhsilinin və təbliğatının təsirindən qazaxların deyil, 1990-cı ilədək Qazaxıstanda qazaxca cəmi bir orta məktəb vardı. Ona da şagird cəlb etmək problemə çevrilirdi. Hazırda respublikanın hər guşəsində ana dilində məktəblər açılır, rəhbər vəzifələrdə işləyənlər üçün pulsuz qazax dili kursları yaradılır. Ölkədə qazax dili rəsmi dövlət dili elan edilmişdir. Qazaxıstanın bütün orta məktəblərində qazax dili tədris olunur.
Qazaxlarla bizi ortaq dil, mədəni və din dəyərlər birləşdirməklə yanaşı, həm də orada on minlərlə soydaşımızın yaşaması ölkəmizin ictimai-siyasi xadimlərinin, elm adamlarının həmişə diqqətində olmuşdur. Bütün bunları nəzərə alan AMEA Folklor İnstitutunun rəhbərliyi Qazaxıstanla əməkdaşlığa xüsusi diqqət ayırmış, orada yaşayan soydaşlarımızdan folklor nümunələrinin toplanması üçün müvafiq işlərə başlamışdır.
QEA M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşları ilə qabaqcadan əldə olunmuş razılıq əsasında müzakirələr aparmaq məqsədilə Folklor İnstitutu direktorunun müşaviri və xarici əlaqələr bölməsinin rəhbəri kimi mən Almatıya ezam edildim.

Əli Şamil folklor şöbəsinin əməkdaşları arasında.

Öncə Qazaxıstan Elmlər Akademiyasının M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun Əlyazmalar şöbəsinin müdiri Toqtar Əlibekovla görüşdüm. Onunla öncədən elmi simpoziumda tanış olmuşduq. O, məni rəhbərlik etdiyi şöbənin əməkdaşları və elmi fəaliyyəti ilə tanış etdi və çalışdığı elm ocağının gördüyü işlərdən danışdı.
Məni ən çox maraqlandıran Folklor şöbəsi idi. Folklor şöbəsinə prof., filologiya elmləri doktoru Baxçan Aribayeva rəhbərlik edir. Onun tədqiqat sahəsi türk xalqlarının dastanlarıdır. Şöbənin əməkdaşlarından filologiya elmləri namizədi Ağedil Toyşanoğlu mifologiya üzrə ixtisaslaşıb və türk monqol miflərinin qarşılıqlı əlaqəsindən namizədlik dissertasiyası yazıb.
Filologiya elmləri namizədi Azamat Axan oğlu koroğluşünaslıq, elmi işçi Nasixat Nabiulla tarixi eposlar, Disenqul Cahan mərasim folkloru uzrə ixtisaslaşıb. Uzun illər Folkor şöbəsinə və Ədəbiyyat və İncəsənət İnstitutuna rəhbərlik etmiş, məşhur alim, akademik Seyit Kaskabasov yaşına görə təqaüdə çıxsa da, həftədə bir-iki dəfə folklor şöbəsinə gəlir və gənclərə məsləhətlər verir.
Toqtar Əlibekovdan eşidəndə ki, 101 cildlik “Babalar sözü” (qazaxlar şifahi xalq ədəbiyyatını babalar sözü adlandırırlar) kitabının son saylarını mətbəəyə göndəriblər heyrət məni bürüdü. Sonra 25 cildlik müəllifi məlum olan folklor (bizim aşıq şeirləri adlandırdığımız) akınların şeirlər kitabını bir neçə sayını, eləcə də folklora aid çoxcildlik əlyzamalar katoloqunun 9-cu cildini mənə verəndə özümü saxlaya bilməyib “Kiçik bir kollektivlə bu qədər işi neçə gördünüz?” deyə xəbər aldım. Toqtar Əlibekov gülümsəyərək dedi ki, daha Sovet dövründəki kimi işləmirik. Hökumət qrant ayırır. Biz də o, vəsaiti mənimsəmirik, iş görə biləcək insanlara veririk. Kənardan da mütəxəssislər cəlb edir, onların zəhməthaqqını ödəyirik. Üstəlik, həmin qrantlar hesabına Çində, İranda, Əfqanıstanda, Özbəkistanda və b. yerlərdə, yəni Qazaxıstandan kənarda yaşayan qazaxlardan folklor toplayırıq.
Direktor şöbə müdirlərinə tapşırmışdı ki, institutun hər bir əməkdaşı niyyət protokolu ilə bağlı təkliflərini hazırlasın. Həmin gün böyük xəyallar içərisində Ədəbiyyat və İncəsənət İnstitutundan ayrıldım. Razılaşdıq ki, iyunun 14-də direktorun otağında görüşüb elm ocaqlarımız arasında bağlanacaq niyyət protokolunun şərtlərini müzakirə edək.
Bu arada Qazaxıstan Axısqa Türklərinin Milli Mərkəzində və Aşıq Xəstə Hasanın nəslinin toplu yaşadığı Talqar şəhərində “Axısqalı Xəstə Hasan. (Şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər)” kitabının tanıtma mərasimləri keçirildi. Kitab mənim 40 il üzərində işlədiyim və AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə 2012-ci ildə Bakıda çap olunmuş kitabın təkmilləşdirilmiş variantı idi. Almatıda nəşr olunmuş ikinci təkmilləşdirilmiş nəşr Qazaxıstan Axısqa Türklərinin Milli Mərkəzinin təşəbbüsü ilə Almatıda çap olunmuşdu. Xəstə Hasanın nəslindən olan iş adamı Abbasəli Paxralı oğlunun maaliyə dəstəyi ilə çıxan kitaba mən yeni şeirlər, Abbasəli Paxralı oğlu isə aşığın nəslindən olanların bir qismindən topladığı şəkilləri əlavə etmişdi.
Qazaxıstan Axısqa Türklərinin Milli Mərkəzində keçirilən toplantı kitab tanıtmasından çox Folklor İnstitutu ilə Milli Mərkəz arasındakı gələcək əməkdaşlığın müzakirəsini xatırladırdı. Toplantıya bölgədəki axısqalılar dərnəyinin vilayət, rayon, kənd və qəsəbə rəhbərləri, iş adamları da dəvət edilmişdilər. Mərkəzə rəhbərlik edən Ziyəddin Kasanov sadəcə bir iş adamı kimi deyil, ictimai-siyasi xadim, toplumun lideri, xeyriyyəçi kimi elmə və mədəniyyətə böyük dəyər verir.
Mədəniyyət Mərkəzində saat 19.00-da başlayan toplantı gecə saat 2.00-də bitmək bilmirdi. Toplantıda təklif etdilər ki, qarşıdakı illərdə AMEA Folklor İnstitutu ilə birlikdə Almatıda birgə elmi toplantılar keçirilsin, birgə folklor ekspedisyaları təşkil edilsin.
İyulun 13-də Talqardakı Altın adam şadlıq sarayında keçirilən toplantıda da təkcə Xəstə Hasanın nəslindən olanlar deyil, toplantıya qatılan axısqalıların əksəriyyəti Azərbaycanda onlara diqqət yetirildiyi ilə qürur duyduqlarını dilə gətirdilər.
İyunun 14-də Qazaxıstan Elmlər Akademiyası Ədəbiyyat və İncəsənət İnstitutunda elm ocaqlarımız arasında bağlanacaq niyyət protokolunun layihəsinin müzakirəsi yüksək işgüzarlıqla keçdi. İnstitutun direktoru, Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü, Ş.Vəlixanov adına Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru Uəlimxan Qalimjanov bir neçə dəfə Azərbaycanda olduğunu, Qazax rayonuna getdiyini söyləməklə yanaşı, elm ocaqlarımız arasında əlaqələrin zəifliyinə, günün tələblərinə cavab vermədiyinə təəssüfləndiyini də bildirdi. Əminliklə söylədi ki, başladığımız bu xeyirxah işi elm ocaqlarımız deyil, təhsil müəssisələrimiz də davam etdirəcək. Azərbaycandan Qazaxıstanın ali təhsil ocaqlarına, eləcə də Azərbaycanın təhsil ocaqlarına Qazaxıstandan oxumağa gənclər göndəriləcəkdir. Xüsusən humanitar sahəyə diqqəti artırmaqla indiyədək mövcud olan boşluğu doldurmaq lazım gələcəkdir.

Dünya Ahıska Türkləri Birliyi Başkanı Ziyəddin İsmixan oğlu Əli Şamilə qazax milli geyimi və hədiyyələr bağışlayır.

Çıxışının sonunda “Oyköz” kitabına avtoqraf yazaraq mənə bağışladı. Mən də Bakının simvolu sayılan “Qız qalası” tablosunu, “Uygur, qaqauz, Qüzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı”, “Kırım sevgisi”, “Axısqalı Xəstə Hasan, “Türkçülüyün qurbanları. (Qazaxıstan)” kitablarımı direktora bağışladım. O, hədiyyələri diqqətlə gözdən keçirdikdən sonra “Qız qalası” tablosunu iş stolunun üzərinə qoydu və bağışladığım kitabların adlarını bərkdən oxuduqdan sonra dedi: “Azərbaycanda türklük sevgisi, soykökə maraq, türk xalqlarını öyrənmək, ortaq cəhətləri ortaya qoymaq və təbliğ etmək istəyi bizdən güclüdür. Folklor İnstitutunun bir əməkdaşı 8 türk xalqının mədəniyyətini, ədəbiyyatını, folklorunu Azərbaycanda tanıdıb. Bizim institutun əməkdaşları böyük işlər görsələr də, türk xalqlarını öyrənməkdə və təbliğ etməkdə onlardan çox geridə qalmışıq. İnstitutumuzun elmi işçilərinin hamısının yaradıcılığını gözdən keçirsək, 4 türk xalqı haqqında kitab tapa bilmərik”.
Almatıda olarkən Sovet hakimiyyəti illərində Qazaxıstana sürgün olunan soydaşlarımız, onların yerləşdirildiyi kənd və qəsəbələr haqqında da sənədlər toplamağa çalışdım. Almatı vilayətinə Azərbaycandan sürgün olunanların adları, soyadları, yaşları, yerləşdirildikləri rayon, kənd haqqında bilgilər folklor toplamaga gedəcək əməkdaşlarımıza bələdçi ola biləcək.
Qazaxıstanda uğurlu əməkdaşlıq protokoluna nail olmaqla yanaşı, həm də oradan zəngin təəssüratla qayıtdım. Belə ki, Almatının təxminən 50 km doğusunda, esık (issık) vadisində, “Qızıl geyimli şahzadə” sərdabəsi aşkar edilən yerə gedirik. İçimdə bir qürur hissi keçirirəm ki, dünyanın ən nadir tapıntısı haqqında dəyərli kitab yazan azərbaycanlı alim, professor Mirəli Seyidovdur. O, geyimdəki bəzəkləri mifoloji cəhətdən təhlil edərək abidənin türklərə məxsusluğunu yazmışdır. Abidədən tapılmış gümüş təbəqə üzərində Göytürk əlifbasına uyğun əlifba ilə türkcə yazılmış “Xanın oğlu 23-də öldü” lövhəsi də Mirəli müəllimin dediklərin təsdiqləmiş oldu. M.ə. IV yüzilliyə aid edilən bu tapıntı göstərir ki, türklər 2500 il öncə qızılı əritməyi baçarmaqla yanaşı, qızıldan sap əyirməyi, paltar yaratmağı da bacarırlarmış.
Qazaxıstanda olarkən ikinci bir Qızıl geyimli şahzadə qəbrinin də tapıldığını, geniş araşdırılmadığından haqqında bilgi verilmədiyini söylədilər.
Qazaxıstana səfərim zamanı olduqca xoş qarşılandım və geri dönərkən də uzun müddət xoş duyğuların təsirindən ayrıla bilmədim. Bir daha əmin oldum ki, türklər tarix yaratmayıb, həm də tarixi yazıb və böyük mədəniyyətlərin yaranmasına imza atıblar. Sadəcə son yüzilliklərdə biz öz mədəniyyətimizə, yazımıza sahib çıxıb onu öyrənərək dünyaya tanıda bilməmişik.

"Qızıl geyimli şahzadə" heykəli önündə.

Əli Şamil

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.