Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

20.6.2013

Muxtar Kazımoğlu (İmanov)
Filologiya üzrə elmlər doktoru,
AMEA Folklor İnstitutunun direktoru

FOLKLORUN TOPLANMASI VƏ SİSTEMLƏŞDİRİLMƏSİ PROBLEMLƏRİ

Azərbaycan folklorunun toplanmasında ən başlıca problemlərdən biri kadr hazırlığı ilə bağlıdır. Təəssüf hissi ilə qeyd edilməlidir ki, bu gün folklorşünas adı daşıyan kadrların böyük bir qismi folklorun toplanması işinə o qədər də məhəl qoymayan, yaxud toplama işinin elmi-nəzəri mahiyyətini lazımi şəkil və səviyyədə anlamayan adamlardan ibarətdir. Bu isə o deməkdir ki, folklorşünaslıq sahəsində çalışanların böyük bir qismi folklorla folklorun əsl mahiyyətini nəzərə almadan məşğul olurlar. Nəticədə folklor nümunəsini araşdırmaq yazılı ədəbiyyat nümunəsini araşdırmaqdan heç nə ilə fərqlənmir. Tutalım, nağıl hekayə meyarları ilə, dastan roman meyarları ilə, Aşıq Abbas Tufarqanlı və Aşıq Ələsgər M.P.Vaqif və S.Vurğun meyarları ilə öyrənilir. Folklor araşdırıcısı folklorun ifaçılıq və şifahi söyləyicilik sənəti olduğunu nəzərə almadıqda, söyləyici ilə ünsiyyəti xalq yaradıcılığını öyrənməyin mühüm şərtlərindən biri saymadıqda ciddi nöqsanların ortaya çıxması qaçılmaz olur. Belə nöqsanlar aşıq yaradıcılığına münasibətdə daha qabarıq şəkildə özünü göstərir. Nöqsanların kökləri barədə düşünərkən, hər şeydən əvvəl, belə bir fakta diqqət yetirmək lazım gəlir: axır on-on beş ildə folklorşünaslıq sahəsində aparılan tədqiqatların, yazılan fəlsəfə doktorluğu dissertasiyalarının çoxu aşıq poeziyasına aid mövzuların payına düşür, ustad aşıqlar bir yana, şeir kitabı çap olunan çağdaş aşıqlardan da tək-tükü tapılar ki, onun yaradıcılığına dissertasiyalar həsr edilməsin. Aşıq poeziyasına bu cür tez-tez müraciət edilməsinin bir səbəbi, görünür, müəllifinin bəlli olması etibarilə bu poeziyanın yazılı poeziyaya bənzəməsidir. Belə bənzərlik, yəqin ki, gənc tədqiqatçıda mövzunun «asan» olması və həmin mövzuda dissertasiyanı tez bir zamanda yazıb başa çatdırmağın mümkün olması təsəvvürünü yaradır. Və dissertant özündən əvvəlki tədqiqatlardan hazır sxem və qəlibləri götürüb işə girişir: aşığın lirikasında məhəbbət mövzulu şeirlər, təbiət mövzulu şeirlər; ictimai mövzulu şeirlər. Özünə az-çox güvənən dissertant bu sıraya «aşığın şeirlərində sənətkarlıq xüsusiyyətləri» sxemini də əlavə edir. Beləliklə, dissertasiyalarda adlar dəyişir, mahiyyət isə dəyişməz olaraq qalır. Xatırlatdığımız sxemlər əsasında qurulan, yazılı poeziyaya yanaşma meyarları ilə işlənib ortaya qoyulan dissertasiyalarda «aşıq kimdir?» sualına cavab tapmaq mümkün olmur. Suala düzgün cavab tapılmamasının günahı isə yalnız dissertantlarda yox, həm də bizim hamımızdadır. Yəni biz, folklorşünaslıq elmində səlahiyyət sahibi olan şəxslər bu gün aşığı sanki bir müğənni və çalğıçı sifətində görür və bu sənətkarı o cür qiymətləndiririk. Unuduruq ki, aşıq, hər şeydən qabaq, məclis aparan, dastan söyləyən bir ifaçıdır; aşığın qoşduğu qoşma, gəraylı, təcnis, divani və s. janrlı şeirlər məhz bu ifaçılığın tərkib hissəsi kimi götürülməli və araşdırılmalıdır.
Aşığın, ilk növbədə, şifahi söz sənətinin nümayəndəsi olduğunu nəzərə almamağımız yalnız tədqiqatlarda yox, toplama və sistemləşdirmə işində də özünü göstərir. Ustad aşıqların şeirlərini toplayan folklorçular çoxvariantlılıq məsələsinə diqqət yetirmir və həmin şerləri yazılı ədəbiyyat nümunəsi kimi bir variantda təqdim edirlər. Təqdirəlayiq haldır ki, son vaxtlar Folklor İnstitutunda keçirilən və folklorun elmi əsaslarla toplanıb sistemləşdirilməsinə həsr olunan seminar, sessiya və konfranslar öz müsbət təsirini aşıq ədəbiyyatı nümunələrinin toplanıb sistemləşdirilməsinə də göstərməkdədir. İnstitutun əməkdaşı Əli Şamilin çap etdirdiyi «Axısqalı Xəstə Hasan» kitabı göstərilən istiqamətdə ortaya qoyulan təqdirəlayiq işlərdən biri sayıla bilər. Kitabın ən mühüm məziyyəti Xəstə Hasan şeirlərinin məhz çoxvariantlılıq prinsipi əsasında təqdim edilməsidir.
Aşıq yaradıcılığından söz düşmüşkən, dastanlarımızın toplanıb nəşr olunması ilə bağlı bəzi məsələlərə toxunmaq istəyirik. Toxunmaq istədiyimiz məsələlərdən biri dastanlarımızın təqdim edilməsində ifaçılıq prosesinin diqqətdən kənarda qalması, dastan şeirlərinin hansı saz havası üstündə oxunmasına əhəmiyyət verilməməsidir. Dastan şeirləri və saz havalarının əlaqəsini izləmək baxımdan atılan səmərəli addımlardan biri kimi «Şirvan dastanları və aşıq rəvayətləri» kitabının adını çəkmək olar. Gənc folklorşünas Taryel Qəninin toplayıb tərtib etdiyi həmin kitabda şeirlərin oxunduğu havaların göstərilməsi çox əhəmiyyətlidir və arzu edərdik ki, bu istiqamətdə daha geniş miqyaslı işlər görülsün.
Dastanlarımızın, o cümlədən digər janrlarda olan folklor örnəklərinin tərtib olunmasında qarşılaşdığımız ciddi problemlərdən biri mətnin təbii şəkildə, informatorun söylədiyi biçimdə təqdim edilib-edilməməsi ilə bağlıdır. Bu məsələni konkret olaraq dastanlar üzrə nəzərdən keçirsək, acınacaqlı hallarla, folklorşünasın mətnə müxtəlif səviyyələrdə müdaxilə etməsi faktları ilə qarşılaşmış olarıq. Sovet dövründə, eləcə də müstəqillik dönəmində ən nüfuzlu folklorşünaslarımızın belə çap etdirdiyi dastanlar arasında lentdən necə var, o şəkildə köçürülüb təqdim olunmuş nümunələrə nadir hallarda rast gəlmək mümkündür. Belə nadir hallardan biri kimi Aşıq Aslan Kosalıdan yazıya alınmış dastanları nümunə göstərmək olar. Folklorşünas Elxan Məmmədlinin lentdən yazıya alıb tərtib etdiyi həmin dastanlar iki baxımdan xüsusi əhəmiyyət daşıyır: 1. nümunələrdə dil və üslub, o cümlədən dialekt-şivə xüsusiyyətlərinin qorunub saxlanılması; 2. məlum dastanların eyni aşıqdan yazıya alınması ilə söyləyici probleminin araşdırılmasına səmərəli zəmin yaradılması.
Eyni söyləyicidən eyni janra aid folklor nümunələrinin olduğu kimi lentə alınıb, yazıya köçürülüb tərtib və nəşr edilməsi kimi son dərəcə vacib bir işi hələ sovet dövründə tanınmış folklorşünas Füzuli Bayat da görüb. O, Göyçənin İnəkdağı kənd sakini Saleh Məmmədovdan (Qara Salehdən) topladığı nağılları nəinki dil-üslub, dialekt-şivə xüsusiyyətlərinə, hətta çağdaş dövrlə, müxtəlif məişət məsələləri ilə bağlı söyləyici haşiyələrinə belə toxunmadan nəşr etdirib. Təəssüf ki, bu cür folklor nəşrləri barmaqla sayılacaq qədər azdır. Çap olunan folklor nümunələri arasında ədəbi dilə uyğunlaşdırılan və «səliqə-sahmana» salınanların çoxluq yaratması istər-istəməz gənc folklorçuları çaşdırır və onlar qeyri-ixtiyari olaraq çoxluğun təsiri altına düşməli olurlar. Belə zərərli meyldən uzaqlaşmağın başlıca yolu, heç şübhəsiz, təməl nəzəri biliyə yiyələnmək, folklorşünaslığın əlifbası sayılan mühüm elmi prinsipləri mənimsəməkdir. Gənc tədqiqatçı, dünya folklorşünaslığı bir yana, Azərbaycan folklorşünaslığına aid mötəbər əsərlərlə (məsələn, Hənəfi Zeynallının, Yusif Vəzir Çəmənzəminlinin, Əli Nazimin bir sıra məqalələri ilə) tanış olsa, folklor mətninə əl gəzdirib onu hansısa istiqamətdə saxtalaşdırmağın yolverilməz olduğunun dönə-dönə vurğulanmasının şahidi olar: «Toplayanlar geniş xalq təbəqəsi içərisinə girərək bu materialı olduğu kimi alıb yazmayırlar. Yəni hər yerin özünəməxsus bir şivəsi, bir leksikonu olduğu halda, o məhəllənin leksikonunu, ifadə şəklini, bədii görüşlərini, cümlə quruluşlarını, səslərdəki dəyişmələri tamamilə göstərmək üçün hər bir kəsdən eşidilən bu materialları söyləyən adamın söyləyişini eyni ilə zəbt etməyirlər» (H.Zeynallı. Azərbaycanda el ədəbiyyatı/Seçilmiş əsərləri. Bakı, Yazıçı, səh.117). H.Zeynallının göstərdiyi bu nöqsanların XX əsrin 20-ci illəri ilə məhdudlaşmayıb, sonrakı dövrlərdə də davam etdiyini bilmək və ondan nəticə çıxarmaq folklorşünaslıq sahəsində çalışmaq istəyən hər bir kəsin borcudur.
Söz yox ki, müvafiq nəzəri ədəbiyyata bələd olmaq və folklor mətnini saxtalaşdırmağın yolverilməz olması prinsipini qəbul etməklə iş bitmir, ilkin tələblərdən biri kimi bütövlükdə şifahi xalq ədəbiyyatımızla, folklorumuzun müxtəlif janrlarına aid səciyyəvi nümunələrlə yaxından tanış olmaq məsələsi ortaya çıxır. Mərasim folkloru ilə, inanc və sınamalarla, əmək, ovsun, fal, beşik nəğmələri və bayatılarla, mif, əfsanə və rəvayətlərlə, lətifə, qaravəlli və nağıllarla, dastanlar və bütövlükdə aşıq ədəbiyyatı ilə, xalq oyunları və meydan tamaşaları ilə, zəngin musiqi folkloru və bütövlükdə xalq mədəniyyəti ilə yaxından tanış olmadan, bu mədəniyyəti qanına-canına hopdurmadan gənc folklorşünas «nəyi, hansı tipdə materialı arayıb-axtarmaq lazımdır?» sualını özü üçün aydınlaşdıra və toplama işində qənaətbəxş nəticə əldə edə bilməz.
«Xalq mədəniyyətini qanına-canına hopdurmaq» ifadəsini biz gəlişi gözəl bir ifadə kimi işlətmirik. Bu ifadəni işlətməklə nəzəri biliyə yiyələnmək və praktik şəkildə folklora bələd olmaq cəhətləri ilə yanaşı, başqa bir cəhəti də gənc folklorşünas üçün çox vacib sayırıq. Vacib saydığımız həmin cəhət folklora, xalq mədəniyyətinə qəlbən bağlılıqdan ibarətdir. Folklora, xalq mədəniyyətinə qəlbən bağlılıq isə özlüyündə həmin mədəniyyəti yaradan xalqa bağlı olmaq, ona dərin sevgilər bəsləmək deməkdir. Bu yerdə Amerika folklorşünası S.Qoldsteynin sözləri yada düşür: «Söyləyicilərlə səmimi münasibətlər qura bilməyən, onların həyatına girməyi bacarmayan, onlara dərin bir sevgi bəsləməyən toplayıcının, toplama işi ilə məşğul olmaması məsləhətdir» (S.Qoldsteyn. Folklor toplama metodları. İngiliscədən tərcümə edəni Ahmet E.Uysal. Milli Folklor Araştırma Dairəsi Yayınları, İstanbul, 1977, səh.114). Amerikalı folklorşünaslın söyləyiciyə dərin məhəbbət bəsləməkdən xüsusi olaraq söhbət açması və həmin söhbəti bizim məhz bu məqamda xatırlatmağımız təsadüfi deyil. İş burasındadır ki, folklor söyləyicisi folkloru yaradan xalqın əsas təmsilçisidir. Toplayıcının folklorla canlı təması söyləyici ifası sayəsində baş tutur. Əgər belədirsə, onda gənc folklor toplayıcısının qarşısında duran mühüm vəzifələrdən biri peşəkar folklor söyləyicilərinin sorağına düşmək, onları arayıb-axtarmaq və onlarla isti münasibətlər qurmaqdır. Gənc folklorçu Azərbaycan folklorşünaslığı tarixinə, xüsusən bu folklorşünaslığın SMOMPK məcmuəsi ilə bağlı mərhələsinə nəzər salsa, toplayıcı sevgisi və fədakarlığının neçə-neçə nümunəsi ilə qarşılaşmış olar. H.Zeynallının sözləri ilə desək «Azərbaycan müəllimlərinin adını həmin «Сборник материалов для описания местностей и племен Кавказа» məcmuələrində oxuduqca insanın heyrəti artır. Onların nə qədər həvəsi, nə qədər qeyrəti varmış!.. Qəpik-quruş bir mükafata uzun-uzun hekayələri, mənzumələri türkcə toplayıb tərcümələri ilə bərabər Tiflisə göndərirlərmiş. Əlbəttə ki, xalq ədəbiyyatı tarixi yaradılarkən böylə adamların adları qızıl su ilə ən görkəmli yerdə yazılmalıdır» (H.Zeynallı. Göstərilən əsəri, səh.116-117). H.Zeynallının fəxrlə bəhs etdiyi fədakar ziyalılar Firidun bəy Köçərli, Mahmud bəy Mahmudbəyov, Rəşid bəy Əfəndiyev, Eynəli bəy Sultanov və b. idi. Bu ziyalıların folklorumuzun toplanması sahəsindəki xidmətləri barəsində ən aydın təsəvvürü F.Köçərlinin «Balalara hədiyyə» kitabı yaradır. O kitab ki, bu günün özündə hamımızın sevə-sevə oxuduğumuz yığcam və əvəzsiz el ədəbiyyatı vəsaitidir. Vəsaitin sevilə-sevilə oxunmasının sirri toplayıcının (möhtərəm Firidun bəyin) öz işinə yüksək savad, səmimiyyət və sevgi ilə yanaşmasıdır.
El ədəbiyyatına, bu ədəbiyyatın daşıyıcılarına sevgini folklorşünaslığın təməl prinsipləri barədə bilgi ilə qovuşdura bilən gənc tədqiqatçı, heç şübhəsiz, folklor mühitini ətraflı öyrənməyi vacib məsələlərdən biri sayır. Folklor mühitini öyrənmək heç də həmin mühitdə hansı söyləyicilərin yaşadığını və onların təxminən hansı janrlarda folklor nümunələri yaşatdığını müəyyənləşdirməklə bitmir. Tələb olunur ki, tədqiqatçı toplama işi aparacağı bölgənin tarixi, coğrafiyası və etnoqrafiyası barədə dolğun təsəvvür əldə etsin. Nəzərə alsın ki, folklor etnoqrafiyadan kənar toplanıla və öyrənilə bilməz; hər hansı bölgənin əkinçilik, bağçılıq, heyvandarlıq, ovçuluq, balıqçılıq, arıçılıq, dulusçuluq, misgərlik, dəmirçilik, zərgərlik, dabbaqlıq, papaqçılıq, sərraclıq, xalçaçılıq… mədəniyyətini; tikinti, geyim, yemək, mədəniyyətini; toy, yas və müxtəlif bayramlarla əlaqədar adət-ənənələrini; xalq təqvimi və xalq təbabəti ilə əlaqədar inam və etiqadını öyrənmək həmin bölgənin (bütövlükdə Azərbaycanın) folklorunu öyrənməyin ayrılmaz tərkib hissəsidir. Təəssüf ki, bizdə folklorşünaslıq və etnoqrafiya qurumlarının ayrı-ayrılıqda fəaliyyət göstərməsi aparılan toplama və elmi-tədqiqat işlərinə öz mənfi təsirini göstərir – etnoqraf folkloru, folklorşünas isə etnoqrafiyanı özünə əsas araşdırma predmeti saymamaqda davam edir.
Folklorşünas V.N.Moroxinin qənaətinə əsaslanıb qeyd edə bilərik ki, folkloru həm ekspedisiya yolu, həm də stasionar yolla toplamaq olar. Stasionar yol folklorçunun hər hansı bir bölgədə daimi yaşaması və oradakı folklor mühitini ardıcıl surətdə müşahidə etməsi ilə səciyyələnir. Stasionar iş, adətən, illər ərzində, tələsmədən, çox vaxt da yeri və məqamı gəldikcə aparılır. Bu isə imkan verir ki, toplayıcı folklor nümunələrinin yaşam özünəməxsusluğunu, bu nümunələr içərisində gedən prosesləri görüb üzə çıxara bilsin. Stasionar toplama işi ilə məşğul olan folklorçular xalq yaradıcılığının ifaçıları yanına yaxın adam kimi, tanış, yerli, hətta qohum kimi gedirlər. Söyləyicinin toplayıcı yanında sıxılmaması, utanıb-çəkinməməsi folklorçuya imkan verir ki, bölgədəki bütün folklor proseslərinə dərindən nüfuz etsin. Bu bölgədə ardıcıl müşahidələr aparmaq toplayıcıya bayramların və ailə mərasimlərinin birbaşa şahidi və iştirakçısı olmaq fürsəti verir (Н.В.Морохин. Методика собирания фольклора. Москва, Высшая школа, 1990, с.18). Bizdə stasionar toplayıcılıq işi ilə məşğul olan folklorşünaslar arasında Sədnik Paşayev, Seyfəddin Qəniyev, mərhum Məhərrəm Cəfərli, mərhum Valeh Hacılar və b. adını çəkmək olar. S.Paşayevin Gəncədə, S.Qəniyevin Şamaxıda, M.Cəfərlinin Naxçıvanda, V.Hacıların Tiflisdə yaşayıb fəaliyyət göstərməsi müvafiq olaraq Gəncəbasar, Şirvan, Naxçıvan və Borçalı kimi etnoqrafik – tarixi arealların folklor örnəklərini davamlı və uzunmüddətli müşahidələr əsasında, xalqla qaynayıb-qarışmaq şəraitində toplamaq imkanı yaratdı və adlarını çəkdiyimiz folklorşünaslar həmin imkandan istifadə edib, müxtəlif janrları özündə birləşdirən el ədəbiyyatı toplularının tərtib və nəşrinə nail oldular. Belə hesab edirik ki, stasionar toplama ilə məşğul olacaq gənc folklorşünasların yetişdirilməsinə bu gün çox böyük ehtiyac var. Bundan ötrü regionlarla əlaqələrin genişləndirilməsi əsas şərtlərdən biridir. Regionlarda yaşayan və folklora bələdliyinə görə seçilən ziyalılar arasında iş aparıb stasionar toplama ilə məşğul olacaq adamlar üzə çıxarmaq mümkündür. Bu şərtlə ki, həmin ziyalılar stasionar toplama işi sahəsində yol verilmiş nöqsanları, ən başlıcası isə mətni dəyişdirmək, tutalım, əfsanə adına əfsanə, rəvayət adına rəvayət, nağıl adına nağıl… quraşdırmaq nöqsanını təkrarlamasınlar.
Folklor ekspedisiyalarına gəlincə, qeyd etməliyik ki, bu ekspedisiyalar konkret məqsədlərlə təşkil edilə bilər. Ola bilər, ekspedisiya bir janra (bayatı, nağıl, dastan və s.) aid nümunələrin toplanmasını qarşıya məqsəd qoysun. Ola bilər, ekspedisiya bir yox, iki yox, eyni vaxtda müxtəlif janrlara aid nümunələrin toplanmasını qarşıya məqsəd qoysun. Folklor İnstitutunun son vaxtlar Borçalıda və Şirvanda dastan məclislərini lentə alması və yazıya köçürməsi konkret bir janra aid nümunənin toplanmasına səciyyəvi misal ola bilər. Bu cür misalların özünəməxsus cəhəti janrın lentə alınmasına kifayət qədər uzun bir vaxtın getməsində və həmin vaxtda başqa janrla məşğul olmağın qeyri-mümkünlüyündədir. İfaçi-aşıqla qabaqcadan danışıb sövdələşən, xüsusi şərait və ya məclisdə dastanı lentə alan folklorçunun işi o halda səmərəli olur ki, bütün diqqətini məhz həmin prosesə – dastanın təbiiliyi ilə qeydə alınmasına sərf edə bilsin.
Eyni ekspedisiyada müxtəlif janrlar üzrə folklor materiallarının toplanması daha çox qarşılaşdığımız haldır. Söyləyicinin bildiyi nə varsa, hamısını yazıya almaq istəməyimizin mühüm bir səbəbi toplama işində hədsiz dərəcə geri qalmağımız və bu sahədə boşluğu doldurmaq üçün lazımi addımlar atılmasını gec də olsa, dərk etməyimizdir. Eyni ekspedisiyada müxtəlif janrlara aid materialların toplanmasının başqa cəhətləri də var. Nəzərdə tutduğumuz həmin başqa cəhətlərdən biri folklorda baş verən dəyişmələri izləyə bilməkdir. Bəli, zaman keçdikcə, müxtəlif ictimai-siyasi hadisələr bir-birini əvəz etdikcə folklorun ayrı-ayrı janrlarına aid nümunələrdə müəyyən məzmun dəyişmələri özünü göstərir. Məsələn, bu cür dəyişmələri bayatılar və lətifələrdə daha çox müşahidə etmək olur. Məlum bayatı və lətifə qəlibləri əsasında bu janrların bugünkü hadisələri əks etdirən örnəklərinin toplanması folklordaxili prosesləri öyrənmək baxımından az əhəmiyyət kəsb etmir.
Toplayıcının nəzəri ədəbiyyata və birbaşa folklorun özünə dərindən bələd olması, söyləyicinin damarını tutub, qılığına girib onu danışdıra bilməsi, toplama aparacağı bölgəni tarixi, coğrafi, xüsusən də etnoqrafik baxımdan öyrənməsi, oradakı folklor mühiti və söyləyicilər barədə dolğun məlumat əldə etməsi və s. ekspedisiyanın uğur qazanmasında nə qədər vacibdirsə, yerli təşkilatlarla əlaqələrin qurulması, bəlkə, bir o qədər vacibdir. Əlbəttə, dövlət təşkilatlarına, toplayıcının həmin təşkilatlarla əlaqəsinə münasibət müxtəlif ölkələrdə ictimai-siyasi şəraitdən asılı olaraq, müxtəlif cür ola bilər. Məsələn, Ş.Qoldsteyn ABŞ-ın müəyyən bölgələrində rəsmi təşkilatlarla əlaqələrin söyləyicilərə bildirilməsini məqbul saymır: «Toplayıcının hər hansı bir milli və ya rəsmi təşkilatla bağlı olduğunu söyləməsi bəzi yerlərdə aradan qaldırılması mümkün olmayan ciddi əngəl törədə bilər. Vətəndaşların qanunsuz hərəkətlərlə məşğul olduğu yerlərdə (məsələn, ABŞ-ın cənub tərəflərindəki dağlıq ərazilərdə və ya İngiltərənin icazəsiz balıq ovuna çıxan qaraçıları arasında) hər hansı bir dövlət məmuru qanunun pozulmasına qarşı mübarizə aparmağa gələn bir şəxs kimi düşünülə bilər… Xalq toplayıcının bir dövlət məmuru olduğuna qərar vermişsə, bu, onun toplama işində çox mənfi nəticəyə gətirib çıxaracaqdır” (S.Qoldsteyn. Göstərilən əsəri, səh. 36-37). Bizdə isə vəziyyət xeyli dərəcə fərqlidir. Toplayıcı hər hansı bir bölgədə şəxsi tanışlarının (məsələn, tələbə yoldaşı, əsgər yoldaşı, yaxın və ya uzaq qohumu və başqalarının) hesabına nə qədər əlaqələr qurub, söyləyicilərlə ünsiyyətə girsə də, yerli təşkilatların, xüsusən də icra hakimiyyəti qurumlarının yardımına ehtiyac hiss edir. Yerli icra hakimiyyəti qurumlarının yardımı ekspedisiya üzvlərinin lazımi şəraitdə yerləşdirilməsi, maşınla təmin olunması kimi məsələlərdən daha çox səyləyicilərin tapılıb bir araya gətirilməsi və onlarla işin qurulması məsələlərini əhatə edir və işə əsaslı müsbət təsirini göstərir. Toplama işində icra hakimiyyəti orqanlarının maraqlı olması barədə xəbər bölgədə əks-səda doğuran kimi müsahibə üsulu ilə material əldə etmək xeyli asanlaşır. Sorğu-suala tutub folklor nümunələri “almaq” istədiyin informator “a bala, mən nə bilirəm ki, danışım”, “xəstəyəm, danışmalı halım yoxdu”, “iş-güc vaxtıdı, qismət olsa, qışda gələrsən, bir yaxşı söhbət eliyərik” və s. kimi sözlərlə səni başından eləmir və canla-başla sinəsini boşaltmağa başlayır. İcra hakimiyyəti nümayəndələrinin işə qarışması folklorun müşahidə üsulu ilə də toplanmasına münasib şərait yaradır: icra hakimiyyəti, xüsusən mədəniyyət şöbələri xətti ilə, tutalım, nişan, toy mərasimlərinin nə vaxt və harada keçiriləcəyini öyrənib, dövlət məmurları ilə birlikdə həmin mərasimlərin şahidi və iştirakçısı ola, müşahidələr apara bilərsən.
Folklorun toplanmasında problemlərimiz olduğu kimi folklorun sistemləşdirilməsində də problemlərimiz var. Ən ciddi problemlərdən biri Folklor Fondunun elmi əsaslarla yaradılmasıdır. Belə bir Fondun yaradılması, ilk növbədə, arxiv işindən başlayır. Məlumdur ki folklor materiallarının arxivdə sistemləşdirilməsi janrlar, ifaçılar, bölgələr və s. kimi mühüm istiqamətlərdə aparıla bilər. Bu istiqamətlər sırasında janr məsələsi xüsusi əhəmiyyət daşıyır. Folklor materialları janrlar üzrə arxivdə yerləşdirilərkən, təbii ki, elmi ədəbiyyatdakı məlum təsnifat əsas götürülməlidir. Bununla yanaşı, məlum janr təsnifatından kənarda qalan və son illərin toplama materialları içərisində kifayət qədər geniş yer almaqda olan janrlara xüsusi həssaslıqla yanaşılmalıdır. Məsələn, Azərbaycan nağıllarının təsnifatında dini nağıllar bölgüsü yoxdur. Halbuki beynəlxalq Arne-Tompson “Göstərici”sində dini nağıllar ayrıca bir qrup kimi verilir. Son illər bizdə dini nağılların xeyli miqdarda toplanması həmin nümunələrlə bağlı təsnifata yenidən baxmaq zərurətini ortaya çıxarır. Bu zərurəti nəzərə alan folklorşünas İlkin Rüstəmzadə dini nağılların əfsanələr kimi təqdim edilməsini yanlış hesab edir və həmin nümunələrin (dini nağılların) ayrıca bir qrup kimi götürülməsini daha məqbul yol sayır (İ.Rüstəmzadə. Azərbaycan nağıl süjetlərinin kataloqu. Bakı, Elm və təhsil, 2013, səh.20).
Oxşar vəziyyət mənqabə janrına da aid edilə bilər. Xeyli miqdarda mənqabə nümunəsi çap etdirən Füzuli Bayat həmin janrın dini rəvayət və əfsanələrdən fərqləndirilməsini vacib hesab edir: “Mənqabə təriqət böyüklərinin, tarixə adını yazmış məşhur təsəvvüf əhlinin kəramətləri ilə bağlı əhvalatlardan bəhs edir...
Dini əfsanələri mənqabələrdən ayıran başlıca funksional göstərici birində peyğəmbərlərin möcüzələrinin, digərində isə övliyaların kəramətlərinin olmasıdır” (F.Bayat. Folklor dərsləri. Bakı, Elm və təhsil, 2012, səh.197, 200). Əgər mənqabə bizim folklor “təsərrüfatımıza” daxil olub, tədricən oturuşmağa başlayırsa, onda, doğrudan da, mənqabəni ayrıca bir janr kimi təsnif etməyə əsasımız var.
Folklor Fondumuza istər son vaxtlar, istərsə də əvvəllərdən daxil olmuş janrların istisnasız olaraq hamısının mümkün variantları ilə birlikdə sistemləşdirilməsi təxirəsalınmaz vəzifələrdəndir. Mərhum folklorşünas İsrafil Abbaslı yazır: “Bəllidir ki, bayatılar el ədəbiyyatımızın lirik qolunun ən kütləvi janrlarından sayılır. Lakin bu günə kimi bu janrın (bütün variantları ilə birlikdə) neçə min vahid təşkil etməsi folklorşünaslığımız üçün bir sirr olaraq qalmaqdadır. Eyni sözləri mövsüm və mərasim nəğmələri, dualar və bəddualar (alqış və qarğışlar), andlar, atalar sözü və məsəllər, tapmacalar, əfsanələr, rəvayətlər, lətifələr, nağıllar və ümumiyyətlə folklorumuzun bütün janr və növlərinə aid etmək mümkündür» (İ.Abbaslı. Folklorumuzun baş problemi/ Azərbaycan folkloru. Toplama, nəşr və tədqiq problemləri/19-22 oktyabr 1993-cü ildə Şəkidə keçirilmiş Respublika folklor müşavirəsinin materialları. Bakı, Sabah, 1994, səh.122). İ.Abbaslı ayrı-ayrı janrları mümkün variantları ilə birlikdə əhatə edəcək Folklor Fondunu zənginləşdirməyin bir mənbəyi kimi XIX əsrdən üzübəri ayrı-ayrı qəzet və jurnallarda çap olunmuş folklor materiallarını; bir mənbəyi kimi qədim əlyazmalar və cünglərdə qorunan folklor materiallarını; bir mənbəyi kimi isə ekspedisiya materiallarını nişan verir. Bu mənbələrdən birinci və ikincinin əhəmiyyətini azaltmadan üçüncü mənbənin (xalq yaddaşında yaşayan folklorun) tükənməz bir xəzinə olduğunu bir daha xatırladırıq. Amma onu da əlavə etməyi vacib bilirik ki, tükənməz xəzinənin qədir-qiymətini bildiyimizi sübut etməyin başlıca yolu qol çırmayıb əməli iş görməyimiz, folklorumuzu incəliyinəcən özümüzə və özgələrə tanıtmağımız olardı.

"525-ci qəzet"
15 iyun 2013

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.