Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

KAMRAN ƏLİYEV - 60

ƏSRİN BEŞDƏ ÜÇÜ

İctimai-siyasi arenada, sənət aləmində eləcə də elm, təhsil sahəsində tanınmış yaradıcı insanların istedadı, yaradıcılığı, elmi səviyyəsi və dünyagörüşü həmişə cəmiyyətdə diqqət mərkəzində olub. Belə insanların həyatı, xarakteri, şəxsiyyət kimi bütövlüyü, onların insani xüsusiyyətləri, həm də müasirlərinin onlar barəsində fikirləri tədqiqatçılar, eləcə də sadə insanlar üçün həmişə maraq kəsb edib. Heç kəsə sirr deyil ki, belə tanınmışların arasında elələri olub ki, onların yaradıcılığı insanığını üstələyib, ya da insanlğı yaradıclığndan önə keçib. Çox az tanınmışlar olub ki, yaradıcılığı ilə insanlğı üst-üstə düşsün. On iki ilə yaxın şəxsən tanıdığım professor Kamran Əliyev məhz üçüncü qəbil insanlardan- yəni yaradıcılığı ilə insanlğı, şəxsiyyəti üst-üstə düşən nadir ziyalılarımızdandır.
Kamran İmran oğlu Əliyev 1953-cü il mart ayının 5-də Naxçıvan MR Şərur rayonunun Diyadin kəndində anadan olmuşdur. O, 1969-cu ildə orta məktəbi, 1974-cü ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. K.Əliyev 1976-1979-cu illərdə Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. 1993-2001-ci illərdə ali məktəblərdə kafedra müdiri, prorektor vəzifələrində çalışmış və mühazirələr demişdir. K.Əliyev 1980-ci ildə -27 yaşında namizədlik, 1990-cı ildə-37 yaşında isə doktorluq dissertasiyası müdafiə etmişdir.
Kamran Əliyev “XX əsrAzərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri” ( Bakı, 1985), ”Hüseyn Cavidin şəxsiyyəti və poetikası”( Bakı, 1997), ” Mirzə Fətəlidən Hüseyn Cavidə qədər”( Bakı, 1998), “Cavid möcüzəsi”( Bakı, 2002), “Azərbaycan romantizminin poetikası”( Bakı, 2002), “Azərbaycan romantizminin nəzəriyyəsi” (Bakı, 2006), “Romantizm və folklor” (Bakı, Elm, 2006), “Hüseyn Cavid”( Bakı, 2008), “Abbas Zamanov olmasaydı” (Bakı, 2011) və s. kimi fundamental elmi əsərlərin və monoqrafiyaların, 200-dən artıq elmi və elmi-publisistik məqalənin, o cümlədən “Yalquzaq”,”Zəli” və “Vağzal” kimi dəyərli povestlərin və “Sədərək döyüşləri” (1992) kimi publisistik kitabın müəllifidir.
Kamran Əliyev Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, Folklor İnstitutunun Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hal-hazırda Azərbaycan MEA Folklor İnstitutunda “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiridir.
Professor K.Əliyev Azərbaycan filoloji elm tarixində xüsusi üslubu, özünəməxsus dəst-xətti ilə tanınan, zəngin, hərtərəfli elmi təxəyyülə malik olan, məşğul olduğu sahəni professional səviyyədə və dərindən bilən dəyərli elm xadimlərimizdəndir. Uzun illər boyu tanıdığım bu alimdə ötən illər ərzində əksər elm adamında müşahidə etmədiyim bir cəhəti özüm üçün müəyyən etmişəm: orijinal və maraqlı düşüncə sahibi olan Kamran Əliyev nədən yazırsa yazsın-istər şifahi xalq ədəbiyyatından olsun, istər yazılı ədəbiyyatdan, fərqi yoxdur, - yazılarında hökmən bir yenilik, bir novatorluq, yeni bir söz, fikir deməyə meyllik hiss olunur. K. Əliyevin ədəbiyyat tariximizin müxtəlif, eyni zamanda az öyrənilmiş sahələrinə marağı hər zaman ciddi səciyyə daşımışdır. O, həmişə aktual olan elmi məsələlər barəsində vaxtında və eyni zamanda orijinal fikirlər, mülahizələr söyləmək xüsusiyyəti ilə də həmişə diqqət mərkəzində olmağı bacarmışdır.
Kamran Əliyev, əsasən, romantizm problemlərinə həsr olunmuş qiymətli tədqiqatları, eləcə də yazılı ədəbiyyatla folklorun qarşılıqlı əlaqələrinə həsr edilən dəyərli əsərləri ilə ədəbi ictimaiyyət arasında tanınır. Professor K.Əliyevin “XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri”( Bakı, 1985), “Azərbaycan romantizminin poetikası”( Bakı, 2002), “Azərbaycan romantizminin nəzəriyyəsi” (Bakı, 2006), “Romantizm və folklor” (Bakı, Elm, 2006) kimi monoqrafiyaları romantizm məsələlərinə, yazılı ədəbiyyatla folklorun qarşılıqlı əlaqələrinə həsr edilən dəyərli tədqiqatlardır. K.Əliyev bu monoqrafiyalarında XX əsr Azərbaycan romantizminin ümumnəzəri mənzərəsini vermiş, o dövrün Azərbaycan romantikləri olan Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq kimi görkəmli sənətkarların ədəbi-nəzəri görüşlər sistemini əhatəli və hərtərəfli şəkildə təhlil etmişdir. Kamran Əliyev vurğulamışdır ki, bu sənətkarların ədəbiyyata baxışları dövrün ictimai-siyasi hadisələrinin, həmin dövrdə baş verən ədəbi-mədəni fəaliyyətin təsiri altında olsa da, istiqamət baxımından bilavasitə romantizmin özü ilə, romantik metod və romantik üslubla əlaqədar olmuşdur.
Alim həmçinin göstərmişdir ki, XX əsr Azərbaycan romantiklərinin hər hansı bir məsələyə öz spesifik baxışları vardır. Bu baxışlar sistemi, heç şübhəsiz, onların dünyagörüşündən və mənsub olduğu romantizm ədəbi cərəyanından irəli gəlirdi.
Bu kitablarda müəllifin XX əsr Azərbaycan romantikləri olan Hüseyn Cavid, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə, Abbas Səhhət, Abdulla Şaiq və başqa ədiblərin əsərlərindəki romantizm problemlərinə həsr olunmuş axtarışları öz əksini tapmışdır. Monoqrafiyalarda Kamran Əliyev həm də XX əsr Azərbaycan romantizmini ayrı-ayrı sənətkarların ədəbi-nəzəri görüşləri, o cümlədən həmin ədiblərin spesifik yaradıcılıq xüsusiyyətləri səviyyəsində tədqiq etmişdir. Bütün bunlar isə, alimin romantizm haqqında bitkin, tamamlanmış, bütöv bir baxışlar sisteminin yaranması ilə nəticələnmişdir.
Ancaq bununla belə, Kamran Əliyev qeyd edirdi ki, romantizmin aktual problemləri çoxdur. Bu problemlər içərisində kifayət qədər öyrənilməmiş məsələlərdən biri də romantiklərin folklorla əlaqəsidir. Buna görə də müəllif bu problemə ayrıca bir monoqrafiya - “Romantizm və folklor” kimi dəyərli bir tədqiqat əsəri həsr etmişdir. “Romantizm və folklor” monoqrafiyasında professor Kamran Əliyev romantizmi bütöv bir sistem kimi götürərək, onu Azərbaycan folkloru ilə müqayisədə öyrənmişdir. Müəllifin fikrincə, romantiklərin folklorşünaslıq görüşlərinə ötəri bir görüşlər kimi baxmaq kökündən səhv olardı. Kamran Əliyev apardığı tədqiqatlar nəticəsində bu qənaətə gəlir ki, XX əsr Azərbaycan romantikləri folklora münasibətdə də elə əsl romantiklər olmuşlar.
Azərbaycan romantiklərinin folklorşünaslıq görüşlərini səciyyəvi faktlar
əsasında nəzərdən keçirən müəllif onların aktuallıq dərəcəsinə də toxunaraq yazmışdır: “...XX əsr Azərbaycan romantiklərinin estetik baxışları, o cümlədən
folklora dair düşüncələri müasir dövrümüzün folklorşünaslıq nailiyyətlərindən heç də geri qalmır, əksinə, bugünkü elmi fikirdə onlardan bəhrələnmək faydalı olardı”.
Qətiyyətlə demək olar ki, “Romantizm və folklor” monoqrafiyası Azərbaycan folklorşünaslığının və ümumfiloloji düşüncəsinin aktual probleminə həsr olunmuş çox qiymətli tədqiqat əsəri olmaqla yanaşı, həm də bütövlükdə Azərbaycan folklorşünaslığının nailiyyətidir.
Azərbaycan ədəbiyyatının ən yaxşı, ən mütərəqqi ənənələrini davam və inkişaf etdirən, onu daha da zənginləşdirən qüdrətli söz ustası Hüseyn Cavid öz dərin məzmunlu əsərləri ilə Azərbaycanda milli şüurun inkişafına çox mühüm xidmət göstərmişdir. Dahi sənətkarın yaradıcılığındakı romantik əhvali-ruhiyyə, hər şeydən əvvəl, türk millətinin gələcəyinə olan sonsuz inamdan qaylaqlanırdı.
Mütəfəkkir şair, görkəmli dramaturq H. Cavid Azərbaycan ədəbiyyatı tarixində orijinal yaradıcılığı olan ədəbi simalardan biridir. Çoxəsrlik Azərbaycan ədəbiyyatının XX əsr Azərbaycan romantizmi daha çox Hüseyn Cavidin adı ilə bağlıdır.Onun “Şeyx Sənan”,“İblis”, “Xəyyam”, “Səyavuş” və s. bu kimi əsərləri Azərbaycan dramaturgiyasında romantizmin bütün problematikliyi, ideya və məzmun xüsusiyyətləri ilə təzahür etdiyi əsərlərdəndir. Öz yaradıcılığı ilə H.Cavid Azərbaycan dramaturgiyasının mövzu sərhədlərini müxtəlif istiqamətlərdə genişləndirmiş, onu insani, humanist, nəcib və bəşəri ideyalarla daha da zənginləşdirmişdir. Onun ölməz əsərləri XX əsr Azərbaycan ədəbiyyatının mürəkkəb, çoxşaxəli və zəngin mühitində öz səsi və nəfəsi ilə seçilən mühüm bir ədəbi hadisə kimi bu gün də öz məna və əhəmiyyətini saxlamaqdadır.
Hüseyn Cavidin zəngin və parlaq yaradıcılığı, qeyri-adi istedadı və nakam taleyi daim böyük maraq doğurub. Bəlkə də, Azərbaycan ədəbiyyatında xüsusi tədqiqata, geniş təbliğə Hüseyn Cavid qədər ehtiyacı olan ikinci bir yazıçı yoxdur. Bununla bağlı professor Yaşar Qarayevin fikrini yada salmaq yerinə düşər: «Bu gün belə obyektiv aynada, tarixi və elmi həqiqət güzgüsündə yenidən görünməyə Hüseyn Cavid qədər ehtiyacı olan ikinci böyük ədəbi simamız bəlkə də yoxdur».
Görünür, məhz bütün bunlara görə də professor Kamran Əliyevin dörd monoqrafiyası- ”Hüseyn Cavidin şəxsiyyəti və poetikası”( Bakı, 1997), ” Mirzə Fətəlidən Hüseyn Cavidə qədər”( Bakı, 1998), “Cavid möcüzəsi”( Bakı, 2002), və “Hüseyn Cavid”( Bakı, 2008) monoqrafiyaları Azərbaycan dramaturgiyasında orijinal dəsti-xətti olan bir dramaturq, qüvvətli bir faciənəvis, mənzum və romantik dramın yaradıcısı kimi unikal və şərəfli bir yer tutan H.Cavidin həyat və yaradıcılığına həsr edilmişdir. Kamran Əliyev bu monoqrafiyalarda H.Cavidin həyatının ayrı-ayrı məqamlarını, onun zəngin və parlaq yaradıcılığını və demək olar ki, bütün əsərlərini təhlil etmiş, hətta aydın və hərtərəfli başa düşülsün deyə müəllifin əsərlərinin qısa məzmununu da oxuculara təqdim etmişdir.
Bu baxımdan professor Kamran Əliyev H.Cavidə həsr edilən monoqrafiyalarında Cavid yaradıcılığında ümumbəşəri problemlərin qoyuluşu, onların təhlili, tədqiqi və həlli yollarının göstərilməsi baxımından orijinal və təqdirediləndir. Müəllifin ayrı-ayrı mövzulara Azərbaycançılıq, bütövlükdə “Böyük Turançılıq” ideologiyası zəminində yanaşma prinsipləri əsasında münasibət bildirməsi isə H.Cavidə həsr edilən tədqiqatların leytmotivi, ana xətti kimi qiymətləndirilə bilər.
Hər bir xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər, fikrimizcə, onun ən qiymətli sərvətidir. Hər bir xalq özünəməxsus, spesifik milli mənəvi dəyərlər sisteminə malikdir. Qlobal mənada bu milli-mənəvi dəyərlər hər bir xalqın, o cümlədən bizim xalqımızın da tarixi, dili, dini, adət-ənənələri, mentaliteti, mədəniyyəti, ədəbiyyat və incəsənətidir. Lokal anlamda isə milli-mənəvi dəyərlər keçmişə, xələflərə, ağsaqqala, böyük-kiçiyə ehtiram, öz milli “mən”ini yaşatmaq və ona hörmət etmək deməkdir. Bu mənada Kamran Əliyevin
“Abbas Zamanov olmasaydı”(Bakı, 2011) monoqrafiyası bir növ milli-mənəvi dəyərlər sisteminə, konkret olaraq onun daşıyıcılarından biri olan böyük bir ZİYALIYA,dünyaca tanınmış bir ALİMƏ, nəhayət, sözün hər mənasında böyük hərflərlə yazılan bir İNSANA- BÖYÜK ŞƏXSİYYƏT Abbas Zamanova həsr edilmişdir.
...İllər öncədən - orta məktəb illərindən qiyabi tanıdığım, yazdığı əsərlərin sanbalından və dəyərindən nəzərimdə böyük, nəhəng bir insan təsəvvür etdiyim professor Abbas Zamanovu Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsinin I kursunda oxuyan zaman-1981-ci ildə ilk dəfə şəxsən görəndə bilmirəm, nədənsə, istər-istəməz bu sözlər fikrimdən keçib: ”Bəstəboy adamın nəhəngliyi”. Bəlkə də, bu “nəhənglik” fikrini məndə formalaşdıran onun kitablarını oxuyarkən təsəvvürümdə canlandırdığım ucalıq və əzəmət olub. Ancaq onu şəxsən tanıyanda - boyunun bəstə olmasını görəndə məndə məhz belə bir fikir- ”Bəstəboy adamın nəhəngliyi” fikri yaranıb. Abbas Zamanovun böyüklüyünü və əsl bir pedaqoq kimi qayğıkeşliyini bir də 1986-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin V kursunu qurtaranda-diplom müdafiəsində görmüşəm. Əhvalat belə olub:diplom işimi tamamlayıb onu oxuyub rəy vermək üçün elmi rəhbərimə – Qara Namazova təqdim etdim. O, qısa bir müddətdə diplom işini oxuyub geniş və müsbət bir rəylə mənə qaytardı. Diplom işinin müdafiəsi zamanı isə o vaxt imtahan komissiyasının rəhbəri olan Abbas Zamanova mənim diplom işim haqqında elə gözəl, elə tərifli sözlər dedi ki, Abbas müəllim sorğusuz-filansız diplom işimə «əla» qiymət yazdı. Abbas Zamanovun qayğıkeş bir insan, əsl bir ziyalı, ünlü bir elm adamı və nəhayət, əsl bir vətəndaş olduğunu isə məhz Kamran Əliyevin “Abbas Zamanov olmasaydı” monoqrafiyasını oxuyandan sonra daha dərindən duydum və hiss etdim.
Qeyd etdiyimiz kimi, monoqrafiya Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Abbas Zamanovun həyat və yaradıcılığından bəhs edir. Kamran Əliyev monoqrafiyanın “Sözə sahiblik zirvəsi” hissəsində yazır:” Hər bir xalqın tarixi keçmişi və gələcəyi onun yaratdığı söz xəzinəsinin zənginliyinə və gücünə borcludur. Tanıtma və tanınma yazılan və deyilən sözdən, ona yiyəlikdən və sahiblikdən daha çox asılıdır. Bu söz yalnız siyasətçinin, filosofun və yazıçının deyil, tənqidçi və ədəbiyyatşünasın da sözü ilə ola bilər. Necə ki professor Abbas Zamanov tənqidçi və ədəbiyyatşünaslar içərisində öz sözünə sahiblik edən və bu sözə yiyə duran nəhəng bir şəxsiyyət idi”.
Monoqrafiyada Abbas Zamanovu “Vətən cəmiyyəti”, “Canlı bir məktəb”, “Bu məktəbin ən əsas dərsliyi” kimi xarekterizə edən, onun yaradıcılıq fəaliyyətini “Böyük bir elmi-tədqiqat institutu”, mənzilini “Hamının üzünə açıq olan məbədgah” adlandıran Kamran Əliyev Abbas Zamanovu böyük sevgi və ehtiramla yad edir. Müəllif kitab boyu onun Azərbaycan elminə verdiyi töhfələri, etdiyi xeyirxahlıqları xüsusi minnətdarlıqla və son dərəcə dəqiqliklə xatırlayır. Kamran Əliyev monoqrafiya boyu sadaladıqlarını kitabın “Abbas Zamanov olmasaydı” adlı sonuncu bölməsində ümumiləşdirərək belə yazır: ”Professor Abbas Zamanov bütün ömrünü gileysiz və yorulmadan yaşadı. Mən həmişə Abbas Zamanov haqqında düşünəndə Cəlil Məmmədquluzadənin Eynəli bəy Sultanova yazdığı məktubundan bir cümləni xatırlayıram: «Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri-sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım».
Doğrusu, “Abbas Zamanov olmasaydı, mən də qeyri-sadəcə kənd müəllimləri içində yaddan çıxmışdım”. Bu, əslində qədirşünas bir tələbənin-professor Kamran Əliyevin qayğıkeş bir insan- professor Abbas Zamanov haqqında təvazökarcasına dediyi son dərəcə səmimi fikirləri idi...
K. Əliyevin elm aləmində böyük marağa səbəb olan sonuncu monoqrafiyası “Eposun poetikasi: “Dədə Qorqud” və “ Koroğlu” adlanır. Bu əsər Azərbaycan xalqının epik düşüncəsinin ən qiymətli abidələrindən hesab olunan ”Dədə Qorqud” və ”Koroğlu” eposlarının ayrı-ayrı məqamlarına aydınlıq gətirməsi baxımından son dərəcə dəyərlidir. Bu da onunla bağlıdır ki, hər iki eposun poetikası çox zəngindir, əhatə etdiyi mövzu dairəsi, daşıdığı informasiya yükü böyük, tədqiqatçılar üçün açdığı imkanlar isə geniş və tükənməzdir. K. Əliyev bu monoqrafiyası ilə sübut etdi ki, "Dədə Qorqud" və "Koroğlu" eposları dönə-dönə öyrənilsə də, araşdırılsa da, onlara yenidən müraciət etmək, hər dəfə də yeni fikir və mülahizələr söyləmək mümkündür.
Azərbaycan mədəniyyətinin və ədəbiyyatının möhtəşəm abidəsi olan «Dədə Qorqud» eposu təkcə öz təşəkkül tapdığı dövrlərdə deyil, eyni zamanda çağdaş dövrümüzdə də milli mənəviyyatımızın, ədəbiyyat və incəsənətimizin ideya bünövrəsi olaraq qalır. Azərbaycan tarixinin bütün milli-mənəvi dəyərlərini özün-də birləşdirən bu qədim abidə elə bir enerji mənbəyidir ki, çağdaş milli mədəniyyət tariximizi bu epossuz təsəvvür etmək qeyri-mümkündür. «Dədə Qorqud» eposunun milli mədəniyyət tariximizin dünəni və bugünündəki rolunu müdikcəsinə «Milli varlığımızın mötəbər qaynağı» kimi səciyyələndirən dövlət xadimi Heydər Əliyevin söylədiyi kimi: «Bizim zəngin tariximiz, qədim mədəniy-yətimiz və milli mənəvi dəyərlərimiz «Kitabi-Dədə Qorqud» eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər də çox sevəcəkdir».
Doğrudan da, “Dədə Qorqud” eposu çağdaş dünya mədəniyyətinə “Kül tiqin” və “Bilqə kağan” dastan-dilogiyaları və s. abidələr kimi yazılı şəkildə çatan qədim türk eposudur. “Dədə Qorqud” nəhəng, eyni zamanda mükəmməl, sinkretik tarixi sənəddir: oğuzun bütöv bir tarixi olan qiymətli salnamədir. Bu epos həm də bədii əsərdir, şifahi yaradıcılıq nümunəsidir və yazılı ədəbiyyatdır. «Kitabi-Dədə Qorqud» milli ədəbi düşüncənin başlanğıcı olduğuna görə şifahi xalq ədəbiyyatı nümunəsi olub, əvəzsiz bir folklor abidəsidir. Eposun Azərbaycan ədəbiyyatına təsiri elmi baxımdan «folklor və yazılı ədəbiyyat» problematikasına aid olduğu üçün o, həm folklorşünasların, həm də ədəbiyyatşünasların daim diqqət mərkəzində olmuşdur. Bu cəhətdən Ə.Abid, H.Araslı, T.Hacıyev, B.Nəbiyev, Y.Qarayev, A.Nəbiyev, P.Əfəndiyev, N.Cəfərov, Ş.Cəmşidov, Q.Namazov, K.Abdulla, K.V.Nərimanoğlu və başqa dəyərli folklorşünas, ədəbiyyatşünas və dilşünas alimlər eposun məzmun və mündəricəsinə, obraz və motivlər sisteminə, poetik quruluşuna, kompozisiya sisteminə, bədii dilin semantik məna aləminə və s. təsiri haqqında qiymətli tədqiqatlar aparmış, dəyərli fikirlər söyləmiş, ideya və mülahizələr irəli sürmüşlər.
Azərbaycan şifahi xalq ədəbiyyatının ən qiymətli əsərlərindən olan “Koroğlu” dastanı da ədəbi fikir tariximizin qiymətli yazılı salnamələrindəndir. Xalqımıza məxsus qəhrəmanlıq, vətənpərvərlik, humanizm, dostluq, qardaşlıq, qonaqsevərlik və başqa xüsusiyyətlər öz parlaq bədii ifadəsini bu dastanda tapmışdır. “Koroğlu” eposunun əsas qəhrəmanı və ayrı-ayrı surətləri ilə bağlı ilk məlumatlar, rəvayətlər, əfsanələr, kiçik epizodlar, həmçinin dastandakı mövcud qolların hamısı, müxtəlif illərdə toplansa da, onların hamısında qiymətli informasiya daşıyıcıları mövcuddur. Mənəvi irsimizin möhtəşəm abidəsi, Azərbaycan poetik söz sənətinin – aşıq yaradıcılığının zirvəsi sayılan “Koroğlu” dastanı uzun onilliklərdir ki, respublika və dünya eposşünaslığının tədqiq obyektindədir.
”Dədə Qorqud” və ”Koroğlu” eposları Azərbaycan xalqının epik düşüncəsinin ən möhtəşəm ədəbi-bədii təzahürlərindən hesab olunur. Bu eposlar çox qiymətli epik abidələr olduğundan, onlarda daşınan epik məlumatların çəkisi də olduqca böyükdür. ”Dədə Qorqud” və ”Koroğlu” eposları xalqın milli və mənəvi ehtiyatlarının çeşidli ünsürlərini özündə ehtiva edir. Bu mənada ”Dədə Qorqud” və ”Koroğlu” eposları epik məlumatlarının zənginliyi baxımından bütün digər oxşar abidələrdən fərqlənir.
Məlumdur ki, Azərbaycan şifahi xalq ədəbiyyatının janrları içərisində epos və onun poetikası, eləcə də eposun araşdırılma problemləri, Azərbaycan folklorşünaslığında tədqiq aktuallığını itirməyən mövzulardandır. Monoqrafiyada «Dədə Qorqud» və ”Koroğlu” eposları milli ədəbi düşüncənin ilkin mərhələsi və ilkin qaynağı kimi götürülmüş, onun milli ədəbi fikrin inkişaf tarixindəki yeri və rolu öyrənilmiş və bu eposlar elmi-mədəni tərəqqimizin mühüm amillərindən biri kimi tədqiq olunmuşdur.
Professor K. Əliyevin bu mövzulara həsr olunmuş “Eposun poetikasi: “Dədə Qorqud” və “ Koroğlu” monoqrafiyası iki hissədən ibarətdir: “Dədə Qorqud” və “Koroğlu”. Bir neçə onilliklərdir ki, ayrı-ayrı tədqiqatlarda, müxtəlif dərsliklərdə, monoqrafiyalarda «Dədə Qorqud» eposunda iki boyun “Dəli Domrul” və “Çoban oğlu Təpəgöz” boylarını “süjetdənkənar”,”yad”, “qalan boylarla əlaqəsi olmayan” və s. epitetlərlə oxuculara təqdim etmişlər. Bu kimi fikirlər isə, təbii olaraq, qorqudşünaslıqda bir çox mübahisələrə, fikir ayrılıqlarına və müxtəlif polemikalara səbəb olmuşdur.
Buna görə də Kamran Əliyev kitabın "Dədə Qorqud"la bağlı hissəsində əsas diqqəti yuxarıda qeyd olunan fikirlərə rəğmən, eposun poetik strukturunun bütöv və tam olmasına, eposda heç bir “süjetdənkənar”lığın olmaması və s. bu kimi çox vacib problemlərə yönəltmişdir. Burada müəllifin əsas məqsədi «Dədə Qorqud» eposunu vahid, tam, bütöv halda tədqiq etmək və onu elə bu şəkildə oxuculara çatdırmaq olmuşdur. Çünki məhz bu şəkildə təqdim edilən «Dədə Qorqud» eposu daha möhtəşəm, daha əzəmətli görünür. Kamran Əliyev kitabdakı "Dəli Domrul" boyu: təsadüf, yoxsa zərurət?" və "Çoban oğlu Təpəgöz" sərlövhəli yazılarını bu iki boyun eposun ümumi quruluşu, süjeti və kompozisiyasının eposun ümumi poetikası, ahəngi ilə bağlılığı problemlərinə həsr etmişdir. Alim mübahisə və polemika doğuran məsələləri inandırıcı elmi dəlillərlə sübut və həll etməyə çalışmışdır. Qətiyyətlə demək mümkündür ki, elmi intiusiyası və elmi eridusiyasi dərin, zəkası iti olan professor K. Əliyev bunu məharətlə bacarmışdır. Belə ki K.Əliyev tutarlı dəlil və sübutlarla aydınlaşdırmışdır ki, “Dəli Domrul” boyu «Dədə Qorqud» eposunun strukturundan-süjetindən, kompozisiyasından, poetika elementlərindən ayrılmaz və təcridolunmazdır. Tədqiqatçının fikrincə, hətta “Dəli Domrul” boyu olmasaydı, sözsüz ki, epos öz bitkinliyini, dərin məna siqlətini, əzəmətini və monumentallığını xeyli itirmiş olardı. Çünki digər boylarda adda-budda və epizodik səviyyədə olan Oğuz elinin dinc, sakit dövrü yalnız “Dəli Domrul” boyunda özünün tam həllini tapmışdır. «Dədə Qorqud» eposu üçün zəruri olan “Dəli Domrul” boyu ilə qədim türklərin həyatının bitkin və bütöv mənzərəsini əks etdirmək vəzifəsi həyata keçirilmiş və eyni zamanda, eposun ədəbi-bədii məntiqi tamamlanmışdır.”
"Dədə Qorqud" eposunun boyları arasında onları bir-birinə bağlayan elə incə məqamlar mövcuddur ki, dəfələrlə oxunsa da, çox vaxt onları sezmək, hansısa bir hadisənin, əhvalatın, xırdaca bir məqamın mahiyyətinə varmaq, onları duyub hiss etmək mümkün olmur. K.Əliyev eposdakı bu incə məqamları yaxşı hiss edib duyduğuna görə, Təpəgözlə bağlı hələ də qaranlıq qalmış bir sıra məsələlərə aydınlıq gətirə bilmişdir. Qeyd etdiyimiz kimi, bir sıra tədqiqatçıların "Dədə Qorqud" eposunun ümumi kompozisiyasından ayrı hesab etdikləri ikinci boy "Basatın Təpəgözü öldürdüyü boy" dur. "Çoban oğlu Təpəgöz" sərlövhəli yazıda K. Əliyev Təpəgözün eposda əhəmiyyətli yer tutduğunu və Təpəgöz obrazının mənşəyinin müəyyənləşdirilməsi yolunda bir sıra maraqlı elmi qənaətlərini qeyd etmiş, dəqiqləşdirmələr aparmış və maraqlı nəticələr əldə etmişdir.
Təpəgöz obrazının qədimliyi və bu eposun Homerin «Odisseya»sı ilə oxşarlığı barədə elmi ədəbiyyatda fikirlər çoxdur. Filologiya üzrə elmlər doktoru Flora Əlimirzəyeva yazır ki, tanınmış şərqşünas və tərcüməçi Ə.Şmidenin, haqlı olaraq, «qorqudşünaslığın atası» saydığı F.Dits «on bənddə Təpəgözlə Polifemi müqayisə edir və bu müqayisələrdə çox uyğun oxşarlıqlar tapır. Nəticədə F.Dits «Kitabi-Dədə Qorqud»dakı Təpəgözün Homerin «Odisseya»sındakı Polifemdən daha qədim olması qənaətinə gəlir». F.Ditsə görə, «Homer Asiyaya səyahəti zamanı Təpəgöz hekayəsini eşitmiş, onun natamam cizgilərini, adətən tərcüməçinin dediyinə əsasən, öz Polifeminə vermişdir. Bəlkə də, o, rəvayəti Yunanıstanda özü eşitmişdir. Bəlkə də, oğuz nəslindən olan bir nəfər hansı ad altında isə Yunanıstana gəlmiş və onun dilindən yayılan Təpəgöz hekayəti Homerə qədər yaddaşlarda qalmışdır. Homer isə bu surəti öz dövründə danışanlardan eşitmiş və yazıya almışdır» . Professor Ə.Sultanlı da «Dədə Qorqud»u qədim yunan eposları olan «İliada» və «Oddisseya» ilə müqayisə etmiş, onlarda motiv oxşarlıqlarının olduğunu xüsusi vurğulamışdır.
«Dədə Qorqud» eposunun poetika sistemi son dərəcə mükəmməl bədii bir sistemdir. Eposa daxil olan boyların süjet strukturu fərqlərdən çox yaxınlıqları əks etdirir. Obrazlara gəldikdə isə onlar da bir-biri ilə sıx əlaqəli formadadır. Buna görə də eposun əsl məzmun və mahiyyətinin meydana çıxarılması boylar arasındakı fərqlərin deyil, yaxınlıq və əlaqələrin tapılmasından, onların təhlil və şərhindən xeyli dərəcədə asılıdır. Həmin asılılığın və təmasın əyani formada nümayişi Beyrək obrazı ilə bağlı məsələlərdə bir daha bütün aydınlığı ilə görünür. Eposun ən kamil bədii obrazı Bamsı Beyrəkdir. Beyrək bütün Oğuz igidləri kimi, təbii ki, birinci növbədə, məhz qəhrəmandır. Ancaq görünür, qol gücü ilə yanaşı, o həm də xüsusi ağıl, düşüncə sahibidir ki, Qazan xanın inağı (ən yaxın, ən inanılmış adamı) sayılır.
Məlumdur ki, əvvəllər yaranmış hər hansı böyük bir abidə özündən çox-çox sonralar özünə bənzər onlarla əsərin yaranıb meydana gəlməsində böyük rol oynayır. Aşıq yaradıcılığında da yeni yaranan dastanlar əvvəlki dastanlardan istifadə edilərək meydana çıxır. «Koroğlu» dastanı da özündən əvvəl yaranmış və bütün boyları ilə, heç şübhəsiz ki, xalq içərisində dildən-dilə gəzən «Dədə Qorqud» dastanlarından bilavasitə qüvvət almışdır.
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qiymətli abidəsi, Azərbaycan poetik söz sənətinin – aşıq yaradıcılığının zirvəsi sayılan “Koroğlu” dastanı bir çox türk, eləcə də qonşu xalqlar arasında geniş yayılmışdır. Müxtəlif tədqiqatçı və alimlər - V.Xuluflu, H.Əlizadə və M.H.Təhmasib, İ.Abbaslı, U. Ənvər, və A. Xodzko və b. tərəfindən yüksək dəyərləndirilmiş “Koroğlu” dastanı Azərbaycan ədəbi-bədii düşüncəsinin nadir incilərindəndir. Bu dastanın geniş yayılan versiyaları içərisində Azərbaycan “Koroğlu”sunun özünəməxsus mövqeyi olmuşdur. K.Əliyevin “Eposun poetikasi: “Dədə Qorqud” və “ Koroğlu” monoqrafiyasında təhlilə “Koroğlu” dastanının məhz Azərbaycan versiyası cəlb edilmişdir. Zəngin obrazlar sisteminə malik olan “Koroğlu” eposunun poetikasında mühüm yer tutan, lakin az öyrənilmiş bir sıra məsələlərin, müəyyən məqamların ciddi təhlil və tədqiqata, araşdırmaya ehtiyacı var idi.
K.Əliyev “Koroğlu” eposunun poetikasının bir sıra maraq doğuran məqamlarını yüksək profesonallıqla üzə çıxarmış, eposun poetikasını bir neçə istiqamətdə araşdırmışdır. Belə istiqamətlərdən biri də “Koroğlu” eposunda bədii məkanın xarakteri məsələsidir. Təsadüfi deyil ki, monoqrafiyanın ikinci hissəsinin üçüncü məqaləsi də “Bədii məkanın xarakteri” adlanır. K.Əliyev bu məqalədə eposdakı simvollar, işarə və sözlərdə verilən məkanları üç yerə bölür: 1.Real məkan. 2.Ara məkan və 3. İdeal məkan. Əgər real məkan İstanbul, Toqat, Qars və basqalarıdırsa, ideal məkan isə Çənlibeldir. Ara məkan isə Real məkanla İdeal məkanın arasında olub, münaqişələrin həlli məkanıdır.
Məlumdur ki, “Koroğlu” eposunda əsas ideal məkan Çənlibeldir. O, dəlilərin, Koroğlunun tərəfdarlarının məskən saldıqları bu ideal məkan möhtəşəm bir qala kimi təsvir olunmuşdur. Tədqiqatçılar onun harada yerləşməsi, nə üçün Çənlibel adlanması barədə maraqlı mülahizələr söyləmişlər. Çənlibelin coğrafi istiqaməti, mövqeyi barədə də müxtəlif versiyalar söylənmişdir. Ümumiyyətlə, Çənlibel "Koroğlu" dastanında mühüm yer tutur. “Koroğlu” dastanının bütün boylarında Çənlibelin adı çəkilir və bu məkan həm də Çənlibel dəlilərinin vətən rəmzidir. K.Əliyev bir məkan kimi Çənlibel haqqında belə yazır: "Koroğlu" eposunda baş qəhrəmanın hərəkəti ilə bağlı olaraq məkanlar tez-tez dəyişir və müxtəlif istiqamətləri əhatə edir. Şübhə yoxdur ki, bu, bilavasitə epos poetikası ilə bağlı məsələdir. Amma eposda bir məkan da var ki, həmişə dəyişməz qalır. Belə bir məkan Çənlibeldir".
Bir məsələni də qeyd etmək yerinə düşər ki, K. Əliyevin monoqrafiyalarının, kitablarının və məqalələrinin tədqiqat üslubu orijinal, orada söylənən fikirlər elmi və yenidir. Bu isə aparılan tədqiqatların geniş əhatə dairəsini, əsas tədqiqat obyektlərini təsəvvür etməklə yanaşı, bu sahə ilə məşğul olan tədqiqatçılarda ətaflı və əhatəli təəssurat yarada bilir. Kamran Əliyevin monoqrafiyaları bu mövzuda yazılmış əsərlər içərisində elmi çəkisi, dəyəri və sanbalına görə xüsusi yer tutur, daim tədqiqatçılar və oxucular tərəfindən böyük maraqla qarşılanır.
Nə vaxtsa Fransız yazıçısı Jül Renarın yazılarının birində onun maraqlı bir fikrini oxumuşam. O yazır ki, baharda anadan olan insanlar daha çox səmimi olur və hər bir əşyada, həyatda gördüyü hər bir hadisədə və nəhayət, hər bir insanda bir gözəllik, bir məna axtarır və kövrək olurlar. Doğrusu, bu fikri ilk dəfə oxuyanda mənə qəribə gəlmişdi ki, necə yəni, yayda, payızda, qışda anadan olanlar “səmimi” və ”kövrək” ola bilməzlərmi?! Ancaq yazıdakı “daha çox” ifadəsinə diqqət yetirəndə və baharda anadan olan dostlarımın, tanışlarımın, nəhayət, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor, 1953-cü il mart ayının 5-də-baharda anadan olan Kamran Əliyevin xarakterinə fikir verəndə hər şey mənə aydın olmuşdu. Mənə aydın olmuşdu ki, doğrudan da, baharda anadan olanlar daha səmimi, daha qayğıkeş və bir az da kövrək olurlar...
Bu bahar – 2013-cı il mart ayının 5-də əsl elm fədaisi, yorulmaz folklor tədqiqatçısı və nəhayət, qayğıkeş və mehriban bir insan olan Kamran Əliyevin 60 yaşı tamam olur. O, ömrünün 61-ci baharına qədəm qoyur. Bir də ki, 60 yaş hələ əsrin beşdə üçü və demək olar ki, hələ, təxminən, yarısıdır. Deməli, əziz Kamran müəllim, bu hesabla sağlıq olsun, qarşıdan hələ ən azı əsrin beşdə ikisi-yəni bütöv bir 40 il də gəlir. Bu illər isə ömrün müdriklik çağı hesab olunur. Sizi yaxşı tanıyan, yaradıcılığınıza azdan-çoxdan bələd olan bir adam kimi qətiyyətlə deyə bilərəm ki, yaşadığınız bu 60 il bütöv bir əsrə bərabər illərdir. Əminəm ki, Ulu Tanrının Sizə bəxş edəcəyi qalan illəri də şərəflə, alnıaçıq yaşayacaq, əsl gənclik həvəsi ilə yazıb-yaradacaq və daha bir əsrə bərabər olacaq bir ömür yaşayacaqsınız. Və nəhayət, inanıram ki, Siz bundan sonra da problem məsələlərin həlli ilə seçilən tədqiqat əsərlərinizlə, elmi dəyəri, tutum yükü böyük olan monoqrafiyalarınızla, yeni məqalə və kitablarınızla oxucuları sevindirəcək, Azərbaycan ədəbiyyatını və folklorşünaslığını isə daha da zənginləşdirəcəksiniz.

 

Tahir ORUCOV
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru,dosent

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.