27.2.2013
AMEA Folklor İnstitutu Xocalı faciəsini andı
Tədbiri bir dəqiqəlik sükütdan sonra giriş sözü ilə açan institutun direktoru fil.ü.e.d. Muxtar Kazımoğlu ermənilərin azərbaycanlılara qarşı düşmənçiliklərinin tarixi köklərindən söhbət açaraq qeyd etdi ki, bu faciə bəşəriyyətin yaşadığı ən dəhşətli faciələrdən biri idi: “Bu faciənin baş verməsinin bir çox tarixi və fəlsəfi əsasları vardır. Bir tərəfdən yenicə müstəqilliyini elan etmiş bir dövlətin varlığı Rusiyanın imperiya maraqlarına cavab vermirdisə, digər tərəfdən erməni quldurlarının Azərbaycan torpaqlarına əsassız iddiası iki marağın üst-üstə düşməsilə nəticələndi. Həmçinin bu faciənin belə amansız və qəddar şəkildə törədilməsində birbaşa məqsəd dinc əhalinin gözünü qorxutmaq və Qarabağın digər regionlarını da bu göz dağından vahiməyə salmaq idi. Müəyyən mənada onlar buna nail ola bildilər.
Bu faciənin dəhşətli faktologiyasına bir qədər də fəlsəfi aspektdən yanaşmaq lazımdır. Bir xalqın ərazisində yurd-yuva saldığı, öz dövlətini qurduğu digər bir xalqa nə dərəcədə yığılmış nifrət olmalıydı ki, bu cür vəhşəti törətsin?! Bu məsələni dərk etmək üçün qarşı tərəfin etnomilli psixologiyasını, tarix səhnəsində özünüifadə tipologiyasını izləmək kifayətdir. Bu faciənin miqyası faşizmin törətdiyi vəhşiliklə də müqayisə oluna bilməz. Əgər faşizm uzun sürən, süni fəlsəfi ideologiya əsasında özünü realizə edirdisə, bundan fərqli olaraq ermənilərin törətdiyi əməllər yalançı tarix, boş xülya üzərində qurulmuşdur. Odur ki, sovet hökumətinin dağılmasından qısa zaman keçməsinə baxmayaraq onlar bu faciəni törədə bildilər.
Bu gün biz dünyanın siyasi gedişatı ilə ayaqlaşmalıyıq. Biz bir millət olaraq ağlamağı, məğlub görüntünü özümüzə sığışdırmasaq belə, dünya ölkələrini bu faciədən xəbərdar etməliyik. Əgər belə olmasa, bir qədər sonra erməni təbliğatı başına min cür faciələr açılmış xocalıların görüntülərini özlərinin “genosidlərinin” təbliğatına çevirəcəklər. Bu gün Azərbaycan dövləti Xocalı faciəsinin təbliği ilə bağlı çox uğurlu siyasət yürütməkdədir. Artıq dünyanın bir neçə ölkəsində Xocalı faciəsi genosid kimi tanınmış, bəzi ölkələrdə isə bununla bağlı işlər gedir.”

Tədbirdə çıxış edən prof. Füzuli Bayat Xocalı faciəsini Qarabağ faciəsinin tərkib hissəsi kimi xarakterizə edərək bildirdi ki, bu faciənin dünyanın qəbul etdiyi standartlara uyğun şəkildə təbliğinə mane olan səbəblərdən biri də, bizim etnopsixologiyamızdır: “Türk heç zaman ağlamağı, sıtqamağı, özünü yazıq kimi təqdim etməyi özünə sığışdırmamışdır. Unutmaq lazım deyildir ki, bu işin təbliğində biz ziyalıların üzərinə böyük yük düşür. Mən Türkiyə Cümhuriyyətində fəaliyyət göstərdiyim zaman hər il fevral ayının 26-da canlı proqramlarda Xocalı faciəsini əks etdirən görüntülərlə çıxış etməyi özümə vicdan borcu bilmişəm.
Biz nəinki yalnız həmin gün, ilin bütün günlərində Xocalını anmalı və təbliğ etməliyik.”
Çıxış edən fil.ü.f.d. Fəxrəddin Salim bu faciəni türk-islam məfkurəsi kontekstində dəyərləndirərək tədbir iştirakçılarının diqqətini yeni bir istiqamətə yönəltdi. Onun ifasında səslənən türk şəhidlyinin simvoluna çevrilən “Çanaqqala” türküsü Xocalı şəhidlərinin ruhuna ithaf olundu.
Fil.ü.f.d. İslam Sadıq Xocalı faciəsinin dünyaya tanıtdırılmasının mənəvi və hüquqi əsaslarından söhbət açaraq bu işdə bütün vətəndaşların həmrəyliyinin vacib olduğunu dedi: “XX əsrdə informasiya mübadiləsinin kifayət qədər sürətli şəkildə getdiyi bir dövrdə, hamının gözü qarşısında baş verən bu genosidi tanıtmaq üçün nə lazımdırsa, çalışıb etməliyik”.
Çıxışının sonunda İ.Sadıq Xocalıya həsr etdiyi poemasından “Qanlı çay daşı” adlı hissəni tədbir iştirakçıların diqqətinə çatdırdı.
Nizami Muradoğlunun “O ruhlara çağırış” adlı şeiri də tədbir iştirakçılarını Türk tarixinin cahanşümül simalarının timsalında milli vətənpərvərlik ruhuna köklədi.
Çıxış üçün söz verilən şair, fil.ü.f.d. Adil Cəmil Xocalı faciəsinin son dövrdə Azərbaycan xalqının başına gətirilmiş yeganə faciə olmadığını diqqət mərkəzinə gətirərək belə faciələrin Kəlbəcərdə Ağdaban-Çayqovuşan kəndində, eləcə də Qaradağlıda törədildiyini dedi. Qeyd etdi ki, biz bu faktları da unutmamalı, təbliğat zamanı kompleks şəkildə dünyaya çatdırmalıyıq. Səfa Qarayev
Hikmət Quliyev
|