Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
22.2.2013

Kamran Əliyev – 60

AMEA Folklor İnstitutu professor Kamran İmran oğlu Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirdi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlu K.Əliyevin Azərbaycan filologiyası tarixindəki yeri və xidmətlərindən söhbət açaraq tədbir iştrakçılarına alimin həyat yolu, yaradıcılığı barədə qısa məlumat verdi. Natiq bildirdi ki, alimin yaradıcılığı filoloji fikrimizin bir çox istiqamətlərini əhatə edir: “Professor Kamran Əliyev heç zaman bir sahəyə qapanıb qalmamış, daima ən müxtəlif istiqamətlərdə toxunulmamış mövzuaları diqqət mərkəzinə gətirmişdir. Onun yaradıcılığında klassik irs, folklor, müasir ədəbi fikir bütöv şəkildə izlənilmiş və Azərbaycan filoloji fikir tarixinin ayrı-ayrı səviyyələri kimi dəyərləndirilmişdir. Sözsüz ki, bütün bu yaradıcılığın fövqündə Azərbaycan filoloji fikrinin fəlsəfi dərki durur”.


M.Kazımoğlu alimin Azərbaycan ədəbiyyatşünasları içərisində yerini təyin edərkən qeyd etdi ki, hələ Firudin bəy Köçərlidən başlayan ədəbiyyatşünaslıq və ədəbiyyat tarixçiliyi ənənəsi M.Cəfərin, A.Zamanovun, K.Talıbzadənin elmi yaradıcılığı ilə daha da inkişaf etmiş və K.Əliyevin yaradıcılığında Azərbaycan romantizminin sistemli şəkildə öyrənilməsi şəklində təzahür etmişdir. Belə ki, alimin yaradıcılığında A.Şaiqin, H.Cavidin, M.Hadinin tədqiqata cəlb olunmamış istiqamətləri ilk dəfə olaraq işıqlandırılmış və Azərbaycan romantik fikir tarixindəki yerinə nəzər yetirilmişdir. Həmçinin K.Əliyevin yaradıcılığında romantik qəhrəman, obrazlar sistemi, təbiət obrazları, mifoloji obrazlar da orijinal şəkildə təhlilini tapmışdır.


Alim bildirdi ki, prof. K.Əliyevin araşdırmları folklorşünaslıq sahəsini də əhatə edir. Onun folkor və yazılı ədəbiyyat, epos və onun poetikası ilə bağlı məsələlər barədə apardığı tədqiqatlar ilk növbədə problemə orijinal yanaşılması ilə seçilir.
Sonra çıxış üçün söz “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, fil.ü.f.d. Elxan Məmmədliyə verildi. K.Əliyevlə bağlı xatirələri yada salan natiq onu xaraktercə dəyişməz, cavan yaşından ağsaqqal, qayğıkeş, sədaqətli dost kimi xarakterizə etdi. Qeyd etdi ki, K.Əliyev güclü fəhmə, nəzəri biliyə, dərin erudisiyaya sahibdir. Onun “Kitabi-Dədə Qorqud”un poetikası, eləcə də poetik qəliblərlə əlaqədar irəli sürdüyü fikirlər, xüsusən türk şeir ritminin at ayağının ritmik imitasiyasına əsaslanması ilə bağlı irəli sürdüyü fikir müzakirəyə, inkişaf etdirilməyə layiqdir.
Çıxışçı daha sonra institut rəhbərliyinə professor K.Əliyevin elmi fəaliyyətinin dəyərləndirilməsi istiqamətində akademiyanın rəyasət heyəti qarşısında vəsatət qaldırılmasını təklif etdi.


İnstitutun direktor müavini, fil.ü.f.d. Oruc Əliyev hələ tələbəlik illərindən K.Əliyevlə tanış olduğunu bildirərək xatirəsində qalan xoş təəssüratları tədbir iştirakçıları ilə bölüşdü. Çıxışçı qeyd etdi ki, K.Əliyevin diplom mövzusu o zaman araşdırılmamış bir problemə –
“M.Quliyevin ədəbi-tənqidi görüşləri”nə həsr olunmuşdu. O zaman universitetdə diplom müdafiəsi komissiyasının sədri K.Talıbzadə bu işi yüksək qiymətləndirərək K.Əliyevi akademiyaya işləməyə dəvət etmişdi. Məhz K.Əliyevin yaradıcılıq yolu orijinal problemlərin araşdırılması ilə başlamışdır.
O.Əliyev çıxışının sonunda alimə uzun ömür, can sağlığı və elmi yaradıcılığında yeni-yeni uğurlar arzu etdi.
Professor Füzuli Bayat K.Əliyevin Azərbaycan ədəbiyyatşünaslığı sahəsində, romantik fikir tarixində, tənqid barədə olan araşdırmalarının mühüm əhəmiyyət kəsb etdiyini dedi. Xüsusi qeyd etdi ki, K.Əliyev Azərbaycan romantizminin qaynaqlarının müəyyənləşdirilməsi baxımından böyük işlər görmüşdür. Hazırda onun elmi əsərlərindən universitet auditoriyalarında geniş şəkildə istifadə olunur. Alimin H.Cavidlə bağlı yazdığı monoqrafiya isə onun ən gözəl tədqiqat əsərlərindən biridir.


Fil.ü.f.d. Əfzələddin Əsgər alimin elmi yaradıcılıq və şəxsiyyətinə kompleks şəkildə münasibət bildirərək qeyd etdi ki, o daima insanlarla səmimi və mehriban münasibətdə olmuşdur. Çıxışçı bildirdi ki, mən hər zaman onu köhnə dövrün son, yeni dövrün ilk alimi kimi xarakterizə etmişəm. Həm yaradıcılıqda, həm də şəxsiyyətdə K.Əliyev ənənə adamıdır. Gələcək nəsil onun ən müxtəlif təcrübələrindən yararlanmalı, elmi istiqamət və yanaşmalarda ondan tövsiyə almalıdır.
Fil.ü.f.d. Adil Cəmil onu nasir, şair, publisist kimi də xarakterizə edərək bildirdi ki, K.Əliyevin üstün cəhəti ədəbiyyatın öz poetikasından ədəbiyyata yanaşmasıdır. Alim qeyd etdi ki, onun bütün ədəbi janrlarda yetkin yaradıcılıq təcrübəsi vardır. Bu mənada K.Əliyevi həm də ədib adlandırmaq olar. Onun bədii yaradıcılıq istedadına fitrətən malik olması elmi təhlillərinin də orijinallığını təmin etmişdir. Mən də öz növbəmdə K.Əliyevə ən böyük nemət olan can sağlığı diləyirəm.
Mifologiya şöbəsinin müdiri fil.ü.f.d. Seyfəddin Rzasoy K.Əliyevin bütün yaradıcılığına geniş şəkildə nəzər salaraq onun ictimai-elmi əhəmiyyətindən bəhs etdi. Müəllifin bir sıra kitablarını ayrı-ayrılıqda dəyərləndirən alim “Eposun poetikası” adlı tədqiqata xüsusi diqqət yetirdi. Qeyd etdi ki, bu monoqrafiya eposşünaslıqda xüsusi hadisədir. K.Əliyev burada etnopoetika məsələlərini xüsusi incəliklə duymuş, etnos və onun yaradıcılığı arasındakı münasibətin dərin tellərini tuta bilmişdir. Onun müəyyənləşdirdiyi ən heyrətamiz faktlardan biri “Kitabi-Dədə Qorqud”da ölüb-dirilmə modelinin izahı ilə bağlıdır.


Fil.ü.e.d. Seyfəddin Qəniyev isə çıxışında K.Əliyevlə bağlı hər kəsə örnək ola biləcək faktları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Alimin elmi fikir tariximizə daxil etdiyi tədqiqatların hər zaman mühüm əhəmiyyət daşıyacağını deyən S.Qəniyev çıxışını yubiliyara həsr etdiyi şeir parçası ilə tamamladı.
Fil.ü.f.d. Ağaverdi Xəlil K.Əliyevin yaradıcılıq istiqamətinin daima bir xətt üzrə getdiyini və probelmin ən dərin qatlarına yönəldiyini dedi. Onun alimlik qabiliyyəti araşdırdığı sahədə problemi dəqiq müəyyənləşdirməsi, aktual olanı diqqət mərkəzinə gətirməsi, baxış bucağının düzgün seçilməsi ilə xarkterizə oluna bilər. Buna görə də onun əsərləri orijinaldır, hərtərəflidir və sistemlidir.
Sonra çıxış edən Nizami Muradoğlu K.Əliyevin bədii yaradıcılığından bəhs etdi. “Yalquzaq” povestinə diqqət yetirən çıxışçı əsərdəki yalquzaq obrazının timsalında təkliyin, tənhalığın ağrılarını bədii həqiqət kimi ortaya qoymaqdan danışdı, Hacı Murad obrazının özəlliklərini təhlilə çəkdi və yubilyara can sağlığı ilə müşayiət olunan yaradıcılıq uğurları dilədi.
Sonra söz yubilyara verildi. Kamran Əliyev gözəl sözlərə və elmi təhlillərə görə hər bir çıxışçıya tədbiri təşkil edən institutun rəhbərliyinə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, mən bu gün anladım ki, mənim yazdıqlarım dəqiq başa düşülür. Məncə alim və yazar üçün bundan gözəl xoşbəxtlik ola bilməz.
Tədbirin sonunda M.Kazımoğlu institut adından K.Əliyevə təbriknaməni və Qarabağ muğam albomunu hədiyyə etdi.

Hikmət Quliyev
Səfa Qarayev

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.