14.2.2013
Əməkdaşımızın kitabı Kırımda çap olundu

Simferopoldakı QCİ “Qırımdevoquvpedneşir” neşriyyatı 2012-ci ildə AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamilin “Kırım sevgisi” kitabını tatar dilində nəşr edib. Kitaba müəllifin Azərbaycanda, Türkiyədə, Krımda nəşr edilmiş elmi, publisistik məqalələri, elmi konfranslardakı çıxışları daxil olunub.
Tarixən Kırım türklərinin başına gələn fəlakətlərdən, xalqın gələcəyə ümidini itirmədən dirəniş göstərməsindən söz açan bu yazılar Azərbaycan-Kırım əlaqələrini öyrənmək baxımından diqqətçəkəndir.
Kitabda 1917-ci ilin dekabrın 26-da yaradılan Kırım Milli Hökumətinin rəhbəri Noman Çələbi Cihanın mübarizələrdə keçən ömründən, AXC Baş Naziri Nəsib bəy Yusifbəylinin Kırımla bağlılığından, kırımlı ziyalılardan professor Bəkir Çobanzadənin, zamanəsində “mədəniyyət mələyi” adlandırılan Həsən Səbri Ayvazovun, Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri Asan Rıfatovun, “Azərbaycan səhnəsinin Culyettası” adlandırılan Fatma Qədrinin, Kırım Tatarları Yazıçılar Birliyinin sədri Şakir Səlimin, Azərbaycanı candan sevən, şair Yunus Kandımovun, Londonda mühacirətdə yaşamaq məcburiyyətində qalmış Cengiz Dağcının keşməkeşli ömür yollarından, eləcə də Sovet hökumətinin qadağalarının ən sərt vaxtlarında belə şeirlərində Kırım tatarlarının faciəsini dilə gətirən azərbaycanlı şair Əli Səngərlinin yaradıcılığından söz açan yeni və müzakirəyə səbəb ola biləcək faktlar vardır.
|