Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Folklor İnstitutunda 20 Yanvar şəhidləri anıldı

AMEA-nın Folklor İnstitutunda yanvar ayının 17-də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə institutun gənc əməkdaşları ilə yanaşı, həmin faciənin şahidi olan şəxslər də iştirak edərək öz fikirlərini bölüşdülər.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözünə başlayan institutun direktoru fil. ü.e.d. Muxtar İmanov 20 Yanvar faciəsinin Azərbaycan xalqının etnopsixoloji yaddaşında oynadığı roldan bəhs edərək bu günə yeni prizmadan baxmağı və tədbiri də bu aspektdə qurmağı təklif etdi: “20 Yanvar faciəsi bir fakt olaraq qanlı olaydır. Millətin “qarantı” olan sovet əsgəri öz silahını xalqa tuşlamışdı. Amma bu gün həmin tarixi faktı yalnız hadisələr kontekstində dəyərləndirmək doğru olmazdı. 20 Yanvar hadisəsinin bu gün üçün örnək olan fəlsəfəsi bizə deyir ki, bu hadisə xalqın, millətin vahid dəyərlər kontekstində oyanması idi. Həmin günlər xalq onu birləşdirəcək hansı daxili-psixoloji texnologiya var idisə, hamısını sərgilədi. Düzdür, orada şəhid olanlar bizim əzizlərimiz, qardaş və bacılarımız idi, onların yaxınlarının ağrılarını da biz təsəvvür edirik. Lakin məhz bu hadisənin hesabına xalq milli kimliyinə bir daha qayıtdı, sanki tarixi olay zəmnində özünü təsdiq etdi. Təsadüfi deyildir ki, Azərbaycan xalqı şəhidlərini Bakının ən yüksək nöqtələrindən birində dəfn etdi. Bu da özündə xalqın qəhrəman təsəvvürlərinin hamısını 20 Yanvar şəhidlərinə aid etməsini bildirir”.


Çıxış üçün söz alan fil.ü.f.d. İslam Sadıq 20 Yanvar hadisəsinin canlı şahidi kimi həmin günlərə səyahət edərək, hadisələrin meydana gəlmə detallarını faktların xronoloji ardıcıllığıyla şərh etdi. Özü ilə gətirdiyi həmin dövrlərin yadigarı olan qəzet və kitabça məclis iştirakçılarının diqqətinə çatdırıldı. Natiq bildirdi ki, həmin günlərdə xalqın daxili-psixoloji gərginliklərinə folklor faktları da biganə deyildi. Xalq öz qəhrəman şəhidlərini təkcə güllərlə deyil, bayatı, ağıların müşayiəti ilə son mənzilə yola salırdı: “Bugünlərin ən aktual mövzusu xalqın tarixi keçmişi, kimliyi, etnos olaraq mənşəyi idi. Xalq imperiyanın caynağından xilas olmaq üçün öz milli kimliyinə qayıtmışdı. 20 Yanvar hadisəsi Azərbaycan xalqını monolit şəkildə birləşdirdi, şəxslər fərdi mənafeyini unudaraq ən ideal maraqlar səviyyəsində - müstəqillik, azadlıq yolunda birləşdi”.
Sonra çıxış edən Əli Şamil bildirdi ki, oyanışın (yəni SSRİ-nin dağılmasının) ilk mərkəzlərindən biri məhz elə Azərbaycan idi. Həmin dövrdə Naxçıvan Ali Sovetinin muxtar respublikanın SSRİ-nin tərkibindən çıxması ilə bağlı qəbul etdiyi sənəd ilk rəsmi sənəd idi. Təsadüfi deyildi ki, Baltikyanı ölkələr Sovet cəngindən xilas olmaq üçün bu sənədi nümunə göstərmişdi: “Naxçıvan Ali Sovetinin qəbul etdiyi bu qərar ümumilikdə, Azərbaycan xalqının ruhunun siyasi səviyyədə ifadə olunan reaksiyası idi”.


Daha sonra çıxış edən fil.ü.f.d. Fəxrəddin Salim 20 Yanvar faciəsinin qaçılmaz olduğunu bildirdi. O dedi ki, imperiyaların süqutu həmişə qanla-qadayla mümkün olur. Qansız-qadasız qəhrəmanlıq olmur: “Bu gün müstəqilliyimizin bir dəyər olması məhz həmin şəhidlərin müqəddəs qanı hesabına başa gəlib. Azərbaycan xalqı zəif deyildi, sadəcə olaraq gücü əlindən alınmışdı. Amma bununla belə millət özündə daxilən güc tapa bildi, imperiyanın tankının qarşısına əliyalın olsa belə, çıxmağa cəsarət etdi. Mən təklif edirəm ki, biz bu günləri ağlamaqla, mərsiyə və qəmli notlar üzərində köklənmiş əhval-ruhiyyə ilə deyil, qəhrəmanlıq, irfani düşüncəylə yad edək. Bu anım sazla, sözlə, qəhrəmanlıq türküləri ilə müşayiət olunmalıdır. Biz yalnız 20 Yanvar günü cəm olmalı deyilik, ilin istənilən günündə Şəhidlər Xiyabanına gedib, şəhidlərlə baş-başa qalıb, düşünməliyik. Məhz onda biz 20 Yanvar hadisəsinin əsl mahiyyətini duymuş olarıq”.
Daha sonra çıxış edən fil.ü.f.d., şair Adil Cəmil də həmin dövr hadisələrinin canlı şahidi kimi xatirələrini bölüşdükdən sonra faciə ilə bağlı qələmə aldığı poemasından “O gecə” adlı bir hissəni oxudu. Onun çıxışı məclis iştirakçılarını ruhən həmin dövrə kökləməklə, həmin dövrə şairin hissi münasibətini əks etdirməklə bərabər, dövrün fəlsəfi dəyərləndirməsini də özündə ehtiva edirdi.
Fəxrəddin Salim Türkiyənin böyük istiqlal şairi Mehmet Akif Ərsoyun “İstiklal marşı”nı oxudu. Sonda instututun direktoru Muxtar İmanov bu günün bizim üzərimizə böyük bir məsuliyyət qoyduğunu və hər birimizin çalışdığımız sahədə əl-ələ verərək vətəndaşlıq mövqeyi sərgiləməyi tələb etdiyini dedi.

Səfa Qarayev
Hikmət Quliyev

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.