7.12.2012
AMEA FOLKLOR İNSTİTUTU ÖZ İLLİK HESABATINI VERDİ
Dekabrın 5-də AMEA Folklor İnstitutu elmi şuranın iclasını keçirdi. İclasda İnstitutun şöbə müdirləri, müdir müavini, elmi katib iştirak etmişdir.
İclası institutun direktoru filologiya üzrə elmlər doktoru Muxtar İmanov açaraq direktor müavini filologiya üzrə fəlsəfə doktoru Oruc Əliyevə söz verdi. Oruc Əliyev institutun illik hesabatını Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları və Dövlət proqramlarının icrası, elmi-tədqiqat işləri və mühüm nəticələri, kadr hazırlığı, elmi-təşkilati fəaliyyət, mükafatlar, təltiflər başlıqları altında təqdim etdi. Məlum oldu ki, Folklor İnstitutu 2012-ci ildə 37 müxtəlif adda kitab nəşr etmiş, İnstitutun bölmə müdiri Əli Şamilin “Krım sevgisi” kitabı, f.ü.f.d. Adil Cəmilin “Manas eposu və türk dastançılıq ənənəsi” monoqrafiyası və sənətşünas, professor Rafiq İmraninin “Muğam fəlsəfəsi” kitabı xaricdə nəşr edilmişdir. Bundan başqa, institut əməkdaşlarının 20-dən çox məqaləsi müxtəlif xarici ölkələrdə nəşr olunmuşdur. Ötən il ərzində institutumuza müxtəlif ölkələrin elm ocağından 10-a yaxın alim dəvət olunaraq müxtəlif mövzularda məruzələr oxuyub. Bunlardan başqa, Folklor İnstitutu ötən il ərzində üç simpoziuma təşkilatçılıq etmişdir. Bunlardan ikisi: “Qafqaz xalqlarının folkloru və lingvokulturologiyası”, “Folklor və Tariximiz” mövzulu simpoziumlar artıq keçirilib, “Qarabağ folkloru: problemlər və perspektivlər” mövzusunda konfrans isə dekabrın 26-da keçiriləcəkdir. Həmçinin AMEA Folklor İnstitutu BSU-nun təşkilatçılığı ilə “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçirilmiş beynəlxalq konfransda tərəfdaşlardan biri kimi iştirak etmiş və BSU tərəfindən mükafatlandırılmışdır.
Hesabatda qeyd olundu ki, 2012-ci ildə İnstitutda fəlsəfə doktorluğu üzrə 9 (3 əyani, 6 qiyabi) doktorant, 40-a yaxın dissertant hazırlıq keçmişdir. Onlar Azərbaycan folklorşünaslığında az işlənmiş və ya öyrənilməsi vacib olan problemlərlə bağlı elmi axtarışlarını davam etdirməkdədirlər. 2012-ci ildə İnstitutun doktoranturasına daha 9 nəfər qəbul olunmuşdur.
İclasın sonunda AMEA-nın müxbir üzvü, prof. Şahbaz Muradov çıxış edərək, hesabatdan razı qaldığını söyləmişdir. Yekunda Muxtar İmanov institutun perspektiv planından bəhs etmiş, Şahbaz Muradova və iclas iştirakçılarına öz təşəkkürünü bildirmişdir.
  |