Folklor İnstitutunun əməkdaşları D.Azadi simpoziumunda iştirak etmişlər

14-16 may 2012-ci ildə qardaş Türkmənistanın paytaxtı Aşqabad
şəhərində “Dövlətməmməd Azadi və XVIII əsr türkmən həyatı” mövzusunda beynəlxalq simpozium keçirilmişdir.
Simpoziumun işində AMEA Folklor
İnstitutunun əməkdaşları, filologiya elmləri doktoru, bir necə beynalxalq mükafatın laureatı Ramiz Əskər və Əli Şamil, habelə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov da iştirak etmişlər. Türkmən ədəbiyyatında fəlsəfi-didaktik poeziyanın banisi, dahi Məxdumqulunun atası, tanınmış şair Qurbandurdu Zəlilinin babası Dövlətməmməd Azadinin yaradıcılığı haqqında azərbaycanlı alimlərin parlaq məruzələri böyük maraqla qarşılanmışdır.
Ramiz Əskərin simpozium ərəfəsində tərcümə edərək Bakıda çapdan
buraxdığı “Dövlətməmməd Azadi. Seçilmiş əsərləri” kitabı
Türkmənistanın elmi dairələri və ədəbi ictimaiyyəti tərəfindən yüksək
qiymətləndirilmişdir. Türkmən-Azərbaycan ədəbi əlaqələrinə mühüm töhfə
olan bu kitaba Azadinin məşhur “Vəzi-Azad” poeması, “Beş namaz”
məsnəvisi, qəzəlləri və rübailəri daxil edilmişdir. Ramiz Əskər kitaba
geniş önsöz yazmış, kiçik bir lüğət əlavə etmişdir.
|