Qafqaz Universitetlər Birliyinə daxil olan qurumlar arasında elmi əməkdaşlıq genişlənir
 Xəbər verdiyimiz kimi, mayın 4-də AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov Gürcüstan Respublikasının Batumi şəhərində keçirilən Qafqaz Universitetlər Birliyinin «Qloballaşan dünyada universitetlərin rolu: Qafqaz örnəyi» adlı II konqresində iştirak edib. Tədbirdə respublikamızın bir sıra elm-təhsil müəssisəsinin rəhbərləri təmsil olunublar. Konqresdə elm-təhsil müəssisələri arasında işbirliyinin genişlənməsi və əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.
M.İmanov bildirib ki, bu konqresdə Qafqaz Universitetlər Birliyinə yeni üzvlər qəbul edilib, iş planı müəyyən olunub: «Folklor İnstitutunun Qafqaz Universitetlər Birliyinə qoşulması elmi əməkdaşlığımızın inkişafına ciddi təkan verəcək. Artıq Qafqaz Universiteti, Ərdahan Universiteti ilə əməkdaşlıq başlayıb. Məsələn, nəzərdə tutduğumuz məsələlərdən biri həm Azərbaycan, həm də Türkiyə ərazisində folklor örnəklərinin müasir standartlara uyğun şəkildə toplanılması, sistemləşdirilməsi, nəşridir. Bu sahədəki əməkdaşlığa xüsusi əhəmiyyət veririk».
Türkiyədəki Qafqaz Universiteti ilə Folklor İnstitutu arasındakı anlaşmaya görə hər iki tərəfdən folklor ekspedisiyası təşkil ediləcək. Artıq bununla bağlı Folklor İnstitutuna layihə göndərilib. İnstitut layihə barəsində fikrini onlara bildirəcək. Bir yerdə həm Qarsda, həm də Azərbaycanın ayrı-ayrı bölgələrində folklor ekspedisiyaları təşkil ediləcək. Toplanılan materiallar birgə nəşr ediləcək. Azərbaycandakı Qafqaz Universiteti ilə də Folklor İnstitutunun ikitərəfl müqaviləsi var. Əməkdaşlıq çərçivəsində həm elm, həm təhsil, həm də folklor toplama işi, onun sistemləşdirilməsi, nəşri, müxtəlif konfransların keçirilməsi və s. nəzərdə tutulur. Məqsəd Azərbaycan folklorşünaslığının digər türk xalqlarının folklorşünaslığı ilə qarşılıqlı şəkildə inkişaf etdirilməsi, bu istiqamətdə müəyyən kitabların nəşr olunması, tədbirlərin keçirilməsidir.
 |