Folklor İnstitutunun alimləri "Əhməd Yəsəvi simpoziumu"nda iştirak ediblər

2022-ci il may ayının 21-22-də İstanbul şəhərinin ən qədim və böyük bələdiyyələrindən olan Maltəpə bələdiyyəsi “Əhməd Yəsəvi simpoziumu” təşkil edib. Toplantını bələdiyyə başqanı Ali Kılınç açıb. Qazaxıstan Respublikasının İstanbul şəhərindəki baş konsulu Alim Bayel isə simpoziumun məruzəçilərini və dinləyiciləri salamlayıb, günümüzdə Əhməd Yəsəvinin yaradıcılığına marağın artmasının səbəblərindən danışıb.

AMEA Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor Füzuli Bayatın sədirlik etdiyi “Əhməd Yəsəvi və Yəsəvilik” bölməsində Türkiyə Cümhuriyyətinin keçmiş Mədəniyyət Naziri və Millət vəkili, Əhməd Yəsəvi Universitetinin qurucular heyətinin keçmiş sədiri Namiq Kamal Zeybəkin “Əhməd Yəsəvi, Hacı Bəktaş Vəli, Yunis Əmrə cizgiləri”, Avropa Ələvi Akademiyasının Qurucu Başqanı Mustafa Düzgün Dədənin “ Əhmət Yəsəvi və Yəsəvilik mövzusunda mübahisələr”, Uluslararası Qazaxıstan-Türkiyə Əhməd Yəsəvi Universitetinin professoru Dosay Kenjeyatın “Xoca Əhməd Yəsəvi düşüncəsində kültür və elm məsələsi” məruzələri dinlənilib.
Hər bölmədən sonrakı fasilələrdə Türk xalqlarının musiqi kollektivləri və musiqiçiləri kiçik proqramla çıxış ediblər.

Bolu Abant İzzət Baysal Universitetinin professoru Ali Yamanın təşkilatçılığı ilə keçirilən toplantılarda Türkiyənin müxtəlif universitetlərindən, Özbəkistandan, Qazaxıstandan, Kosovadan gəlmiş araşdırıcıların məruzələri dinlənilib. AMEA Folklor İnstitutunun professoru Füzuli Bayatın “Şaman dünyagörüşündən xalq sufizminə keçiddə Yəsəvi təriqətləri” mövzusundakı məruzəsi simpozium iştirakçılarının böyük marağına səbəb olduğundan məruzə ətradında çıxış edənlərin sayı da çox olub.
“Əhməd Yəsəvi simpoziumu”nda AMEA Folklor İnstitutunun Xarici əlaqədar şöbəsinin müdiri Əli Şamil də “Xoca Əhməd Yəsəvi yaradıcılığının Avropa metodları ilə öyrənilməsində Əmin Abidin rolu” mövzusunda məruzə edib. Əli Şamil
Xarici əlaqələr şöbəsinin müdiri
|