Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
31.12.2021

Folklor İnstitutunda “Əzizə Cəfərzadə-100” mövzusunda Elmi sessiya keçirilib

30 dekabr 2021-ci il tarixində AMEA Folklor İnstitutunda “Əzizə Cəfərzadə-100” mövzusunda Elmi sessiya keçirilib. Zoom platforması üzərindən onlayn formatda keçirilən sessiyanı giriş sözü ilə institutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb. Akademik çıxışı zamanı XX əsr Azərbaycan ədəbiyyatında xüsusi çəkisi olan görkəmli yazıçı, folklorşünas alim Əzizə Cəfərzadənin ədəbi irsinə diqqət çəkib, milli ruhlu yazıçı və ədəbiyyatşünasın pedaqoqluq fəaliyyətinə toxunub, eləcə də onu incəsənətə bağlı yaradıcı insan kimi xarakterizə edib. Akademik Ə.Cəfərzadənin folklorşünaslığımızla bağlı qiymətli məqalələrinin olduğunu xatırladaraq, onun elmi və bədii yaradıcılığında ana və qadın mövzusunun başlıca yer tutduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb.


Akademikin giriş nitqindən sonra söz məruzəçilərə verilib. İlk məruzəçi fil.ü.f.d.Gülsümxanım Hasilova “Əzizə Cəfərzadə və folklor” mövzusunda çıxış edib. O, çıxışı zamanı Əzizə Cəfərzadənin tanınmış yazıçı, alim, gözəl pedaqoq, istedadlı nasir, yüksək intellekt sahibi, səmimi və mehriban xüsusiyyətlərə malik insan olmaqla yanaşı doğma elini-obasını, bölünməz Azərbaycanını sevən bir fədakar şəxs olduğunu vurğulayıb. Məruzəçi daha sonra bildirib ki, Ə.Cəfərzadə bütün ruhu ilə folklora bağlı idi. Bu bağlılığın özü milli mədəniyyətimizin, mental düşüncəmizin içindən gəlirdi. Ə.Cəfərzadə, əslində, insani və ədəbi kimliyi baxımından bir “el adamı”, daha doğrusu “el anası” idi. Onun bir insan, bir yazıçı və bir alim kimi folklora bağlılığının əsasında “el adamı” obrazı durur. G.Hasilova çıxışı zamanı onun folklorun bağrından qopmuş, mənəvi mayası folklorla tutulmuş bir insan olduğunu xatırladıb və bildirib ki, alimin folklorşünaslıqla bağlı tədqiqatları olduqca müxtəlif və rəngarəngdir. Bayatlılar, lətifələr, laylalar, nəğmələr, nağıllar, dastanlar, aşıq ədəbiyyatı və s. haqqında məqalələri xüsusilə qeyd olunmalıdır. Müəllifin folklorşünaslıqla bağlı axtarışları, adət və ənənələrimiz, Novruz, Qurban kimi milli və dini bayramlarımız, geyim və mətbəx mədəniyyətimiz, etnoqrafik yaddaşımız haqqında məlumat vermək baxımından mühüm əhəmiyyətə malikdir.

Elmi sessiyada “Türk qadınlarında saç düzümünün mifoloji anlamı (“Hun dağı” pyesi əsasında)” adlı məruzə ilə çıxış edən fil.e.d.,prof. Almaz Həsənqızı isə bildirib ki, görkəmli filoloq alim, professor, xalq yazıçısı Əzizə Cəfərzadə Azərbaycan xalqının ən qədim inanc sistemini, mərasim və rituallarını, geyim, süfrə mədəniyyətini, özünəməxsus övlad-valideyn, ailə münasibətlərini, bütövlükdə folklor ənənələrini əsərlərində təbii boyalarla ən çox canlandıranlardandır. Məruzəçi Ə.Cəfərzadəni Azərbaycan tarixini, mədəniyyətini dərindən bilən, yeri gəldikcə, həm söyləyici, həm toplayıcı, həm də tədqiqatçı – təpədən dırnağa qədər əsl folklorşünas, həqiqi alim və sağlığında “el anası” adı qazanmış olan yeganə qadın yazıçımız hesab edib. Alimin fikirlərinə görə, Ə.Cəfərzadə elini – ulusunu, ürəyinin ən böyük dərdinə çevrilmiş parçalanmış vətəninin hər iki parasını, eləcə də bütün türk dünyasını ürəkdən sevirdi. Bu böyük sevgi bütün əsərlərinin hər bir səhifəsində açıq-aşkar görünməkdədir. Alim çıxışı zamanı yazıçının folklorizmlərin zənginliyi ilə diqqəti çəkən “Hun dağı” povestinə nəzər salıb. O, əsərin sovet hakimiyyəti illərində qələmə alındığını və o dövrdə belə bir mövzuya müraciət etməyin böyük cəsarət tələb etdiyini qeyd edərək, Əzizə xanımın, mümkün olduğu qədər, türk etnik mədəniyyətinin unudulmaqda olan məqamlarını əsərində canlandıraraq, onları yenidən həyata qaytarmağa çalışdığını diqqətə çatdırıb.

Fil.ü.f.d.,dos. Elçin Abbasov isə “Anamın nağılları”ında folklor obrazları” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışı zamanı “Anamın nağılları”nın daha çox tarix, keçmiş, konkret tarixi hadisələr olduğunu qeyd edib və topludakı hekayələrin istər tematik, istərsə də forma müxtəlifliyinə görə bir-birindən fərqləndiyini diqqətə çatdırıb. Alim çıxışının sonunda Ə.Cəfərzadənin folklor sahəsində apardığı araşdırmalar nəticəsində bu nağılların meydana çıxdığını vurğulayıb.
Sonra “Əzizə Cəfərzadə araşdırmalarında qadın aşıqları” mövzusunda çıxış edən fil.ü.f.d.,dos.Ağaverdi Xəlil bildirib ki, xalq yazıçısı bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirmişdir ki, bunlara “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın şair və aşıq qadınları”, “Şirvanın üç şairi”, “Mücrüm Kərim Vardani. Sünbülüstan”, “Abdulla Padarlı. Seçilmiş əsərləri”, “Hər budaqdan bir yarpaq” kimi kitabları aid etmək olar.


“Əzizə Cəfərzadənin “Bakı-1501” əsərində türk dövlətçiliyi qavramı” mövzusunda məruzə edən fil.ü.f.d.,dos.Atif İslamzadə çıxışı zamanı Əzizə Cəfərzadənin görkəmli alim, şöhrətli yazıçı, böyük müəllim olduğunu və bütün fəaliyyətini vətəninə və millətinə fəda etdiyini xatırladıb. Məruzəçi bildirib ki, Ə.Cəfərzadə hərəkatın ən ağrılı illərində, 90-cı ilin yanvar faciəsində millətin danışan dili olduğunu göstərən vətənsevər ziyalılardan olub. A.İslamzadə çıxışı zamanı Ə.Cəfərzadəni Şah İsmayıl Xətai haqqında roman yazmağa vadar edən səbəblərə də aydınlıq gətirib. O bildirib ki, fərdi-mənəvi, ictimai-siyasi, sosial-kütləvi, tarixi-ədəbi kontekstlərdə bu səbəbləri araşdırmaq mümkündür. Bunun məzhəb görüşləri ilə, konkret olaraq şiəlik qavramları ilə bağlı ola biləcəyi ehtimalına aydınlıq gətirən alim bildirib ki, Ə. Cəfərzadənin yaradıcılığını araşdırarkən bunun əksinin olduğunu müşahidə etmiş oluruq. A.İslamzadə qeyd edib ki, Əzizə xanım Şah İsmayılın şiəlik anlayışına sığmayacaq qədər böyük ideya daşıyıcısı, dövləti təfəkkürə sahib böyük şəxsiyyət olduğunu anlayırdı. Onun hələ XV əsrdə yeddi türk tayfası ilə qurduğu dövlət Azərbaycan (türk) dövlətçilik tarixinin ən böyük dövlətidir. Bu, eyni zamanda millətimizin asılı xalq olmadığını, dövlət quran böyük xalqlardan olduğunu təsdiq edir. A.İslamzadə çıxışının sonunda bildirib ki, Əzizə xanımı cəlb edən əsas səbəb o idi ki, biz dövlət sahibi olan millətik. Kölə və asılı millət deyilik. Tarixi dövlətçiliyimiz var. Demək dövlət təfəkkürümüz var. Bu təfəkkür bir gün müstəqil dövlət olmaq üçün kifayət edəcək qədər sabit və genişdir.

Fil.ü.f.d.,dos. Şakir Albalıyev isə “Üslubunda janr sinkretizmi, təhkiyəsində nağıl şirinliyi olan yazıçımız” mövzusunda çıxış edərək yazıçının əsərlərinin dilinin folklor çaları ilə olduqca zəngin olduğunu diqqətə çatdırıb.
Son məruzəçi fil.ü.f.d.,dos.Səkinə Qaybalıyeva “Əzizə Cəfərzadə folklor toplayıcısı kimi” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq yazıçısı, professor Əzizə Cəfərzadə folklorumuzu bütün fəaliyyət tipləri üzrə tədqiqata cəlb etmiş görkəmli alimlərimizdən biridir. Onun xüsusilə, Azərbaycan aşıq sənəti, ayrı-ayrı aşıq məktəblərində söyləyici spesifikası, repertuar zənginliyi, xalq mədəniyyətinin daşıyıcısı olan aşıq-söyləyicinin sosial funksiyası, mühiti, dövrü və s. mövzularında yazdığı “Şairnamə və vücudnamələr”, “Şirvan aşıqları və onların yaradıcılığında bəzi məqamlar”, “Avtobioqrafik məhəbbət dastanları” və b. məqalələri diqqəti cəlb edir. Sonda məruzəçi bildirib ki, tədqiqatçının qadın aşıqlarla bağlı apardığı araşdırmalar da bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir.
Elmi sessiyanın sonunda Xalq yazıçısı Əzizə Cəfərzadənin varisi Turan İbrahimov söz alaraq videogörüntü vasitəsilə Xalq yazıçısının evindəki əşyalarını, kitabxanasını, onun yaradıcılığına dair yeni nəşrləri nümayiş etdirib. T.İbrahimov Ə.Cəfərzadəni yad etdiklərinə görə tədbir təşkilatçılarına və bütün məruzəçilərə dərin təşəkkürünü bildirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.