Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
26.12.2021

AMEA-nın müxbir üzvü, professor Kamran Əliyevin vəfatının ildönümüdür

Hər bir insan müdriklik qabiliyyətinə malikdir. Ancaq bu yüksək şüur səviyyəsinə çatmaq üçün müəyyən zaman və enerji sərf etmək gərəkdir. Əgər səy göstərməsə insanın içində olan o işıq sönər. Müdriklik insanı daim axtarışda olmağa, məsuliyyətli və məhsuldar olmağa təşviq edər. Toplumlar üçün müdrikliyin əhəmiyyəti böyükdür. Bir toplumda müdrik insanların sayının artması, o toplumun hər sahədə inkişafını təmin edər. Peyğəmbərimizin də kəlamlarında elmə və alimlərə yüksək dəyər verilmişdir:

“Alimlər peyğəmbərlərin varisləridir”

“Qiyamət günü alimlərin mürəkkəbi şəhidlərin qanı ilə ölçülür.”

“Elm öyrənmək hər bir müsəlmana vacibdir”

“Elm öyrənmək məqsədilə səfərə çıxan şəxsləri Allah-taala cənnətin yollarından birinə hidayət edər.”

“Alimin dünyadan köçməsi İslam dinində elə bir boşluq yaradır ki, gecə və gündüzün bir-birinin yerini dəyişməsi bu boşluğu doldurmur”

Dəyərli insan, əsl alim, ziyalı, AMEA-nın müxbir üzvü Kamran İmran oğlu Əliyev Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında müstəsna xidmətləri olan şəxsdir. Kamran müəllim sözün əsl mənasında müdrik insan idi. Elm aləmində Kamran Əliyev imzası xüsusilə seçilirdi. O böyük alim olmaqla bərabər yüksək insani keyfiyyətlərə malik bir şəxs idi. Atamın tələbə yoldaşı olduğü üçün mən onu uşaqlıqdan tanıyırdım. AMEA Folklor İnstitutunda mənim işlədiyim “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri idi. Işində ciddi və tələbkar olan Kamran müəllim həmişə şöbə əməkdaşlarına diqqət və qayğıyla yanaşır, öz dəyərli məsləhətləri ilə həmişə düzgün yol göstərirdi. Kamran müəllimin ibrətamiz söhbətləri çox dəyərli idi. Onda xəsislik yox idi. Bu sözü o mənada işlətdim ki, o bildiklərini gələcək nəslə öyrətmək istəyən ziyalı idi. Gənc alimlərin, dissertantların yetışməyində əməyi vardı.

Özünü ədəbiyyatşünaslıq, folklorşünaslıq sahələrində təsdiq etmiş böyük alim, mütəxəssis olan Kamran Əliyevin elmi yaradıcılığını iki yerə bölsək 1-ci dövrə romantizmlə bağlı tədqiqat əsərləri, məqalələri, 2-ci dövrə Folklor İnstitutunda fəaliyyət göstərdiyi dövrü aid etmək olar.

Böyük alimimizin romantizmlə bağlı “XX əsr Azərbaycan romantiklərinin əbədi-nəzəri görüşləri” (1985), “Hüseyn Cavidin şəxsiyyəti və poetikası” (1997), “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər” (1998), “Cavid möcüzəsi” (2002), “Azərbaycan romatizminin nəzəriyyəsi” (2006), “Romantizm və folklor” (2006), “Hüseyn Cavid: həyatı və yaradıcılığı” (2008) və s. monoqrafiyaları var.

Romantizm XVIII əsrin sonu XIX əsrin əvvəllərində Avropa və Amerika mədəniyyətində yaranan ideya-bədii cərəyandır. Bildiyimiz kimi romantizmin estetik əsasını “bədii ideallaşdırma” prinsipi, müstəsna şəraitdə müstəsna xarakterlərin yaradılması, həyatın olduğu kimi deyil, “olmalı olduğu kimi” təsviri təşkil edir.

XX əsrin əvvəllərində Azərbaycanda maarifçi və tənqidi realizimlə yanaşı romantizm ədəbi cərəyanı da formalaşır. Azərbaycan romantikləri adının arxasında bütün bir ədəbi cərəyan və onun görkəmli nümayəndələri dayanır. Ə.Hüseynzadə və M.Hadi, H.Cavid və A.Şaiq, A.Səhhət və A.Divanbəyoğlu, C.Cabbarlı ilə təmsil olunan XX əsr Azərbaycan romantizmi öz estetik norma və prinsipi olan bir sənət kimi dəyərləndirməni H.Zeynallının H.Cavid haqqında məqalələri, “Peyğəmbər” əsərinin təhlilində tapdı. Sonralar M.Cəlal, M.Cəfər, Ə.Sultanlı, C.Xəndan, K.Talıbzadə, M.Əlioğlu, Ə.Mirələmov, Yaşar Qarayev kimi tədqiqatçıların əsərlərində bu ədəbiyyatın poetika məsələləri ilə bağlı təhlillər göründü. Ötən əsrin 60-cı illərindən romantik sənətə münasibətdə yeni mərhələ formalaşdı. M.Cəfər, M.Əlioğlu, Ə.Mirəhmədov, Y.Qarayev kimi görkəmli alimlərimizin əsərlərində mübahisə doğuracaq məqamlar olsa da, Azərbaycan ədəbiyyatında romantik ədəbiyyatın müstəsna yeri vardır kimi yekdil rəy formalaşdı.

Kamran Əliyev ömür boyu bu sənətin sirrlərini öyrənib, tədqiq edib və Azərbaycan elminə bir-birini tamamlayan dəyərli monoqrafiyalar bəxş edib.

Namizədlik dissertasiyası kimi yazdığı “Azərbaycan romantiklərinin nəzəriyyəsi” monoqrafiyası Kamran müəllimin romantizm sahəsində yazdığı əsərlərin başlanğıcı oldu. “Azərbaycan romantizminin poetikası” monoqrafiyası 60-70-ci illərin dünya, xüsusən rus ədəbiyyatşünaslığının nailiyyətlərinə əsaslanan bir əsər idi. Bu əsər həm də romantizmin bədii ifadə sistemi haqqındakı təsəvvürləri bütövləşdirdi.

Kamran müəllimin romantizmlə bağlı tədqiqatlarının mərkəzində H.Cavid durur. Akademik Məhəmmədcəfər Cəfərov H.Cavidin yaradıcılığını geniş təhlil edərək, onun özünəməxsus şeir dili, üslub xüsusiyyətləri olduğunu qeyd edir: ”Cavid şeirində çox zaman xəyal, sevinc, kədər, ümid kimi psixoloji halar, haqq, ədalət, həqiqət, zaman, məkan kimi mücərrəd anlayışlar da canlandırılıb şəxsləndirilir.”

Kamran Əliyev H.Cavidin Azərbaycan ədəbiyyatında yerini və rolunu olduğu kimi tədqiq edən ədəbiyyatşünaslarımızdandır. Cavidin bədii dünyagörüşü, ideyaları, folklorla bağlılığı haqqında Kamran müəllimin qənaətləri çox maraqlı və düşündürücüdür.

Kamran müəllim Cavidlə bağlı bütün monoqrafiyalarında H.Cavidi Azərbaycan romantizminin əsas siması olaraq və olduğu kimi tədqiq etmişdir.

Kamran müəllimin Folklor İnstitutunda işlədiyi dövrdəki yaradıcılığını xüsusilə qeyd etmək lazımdır. Onun imzası görünən hər yerdə böyük alimin elmi nailiyyətlərini görürük. Kamran Əliyev ədəbiyyatşünaslıq və folklorşünaslıq elminin inkişafında müstəsna yeri olan dəyərli şəxsiyyətdir.

Folklorla bağlı araşdırmalarına “Cavid və folklor”, “Folklor və yazılı ədəbiyyatın problemləri”, “Açıq kitab-Dədə Qorqud”, “Çağdaş folklorşunaslığın problemləri və bu sahədə yazdığı çoxlu sayda sanballı elmi məqalələr aiddir.

Kamran müəllim həm də Folklor İnstitutunda “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri vəzifəsində çalışırdı. 2012-ci ildən yaranan bu şöbəyə rəhbərlik edən professor Kamran Əliyev folklor və yazılı ədəbiyyatın öyrənilməsində yeni istiqamət formalaşdırdı. “Folklor və yazılı ədəbiyyat” adlı iki hissədən ibarət kitab çap olundu. Burada folklor və yazılı ədəbiyyatla bağlı müxtəlif məqalələr işıq üzü gördü. Kamran müəllimin xalqımızın böyük abidəsi “Kitabi-Dədə Qorqud”a həsr etdiyi “Açıq kitab-Dədə Qorqud” monoqrafiyası əksər elmi müəssisələrin, aparıcı ali məktəblərin müvafiq kaferalarında müzakirə edilmiş və yüksək qiymətləndirilmişdir.

Kamran müəllimin daim axtarışda olması onun yazdığı monoqrafiyalardan, çoxsaylı elmi məqalələrdən görünür. Şöbədə aparılan elmi müzakirələrdə mən daim onun analitik təfəkkürünə heyran qalırdım. Hamının fikrinə hörmətlə yanaşan Kamran müəllimin söylədiyi fikirlər çox dəyərli idi.

Kamran müəllim böyük alim olmaqla bərabər yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Mərhəmətli, xeyirxah, ədələtli, mehriban insan olan əzizimiz Kamran müəllim rəhbərlik etdiyi şöbənin əməkdaşlarına dost kimi davranırdı, Elmi qənaətlərini, həmçinin müxtəlif sahələrlə bağlı fikirlərini hər zaman şöbə əməkdaşları ilə bölüşürdü.

Kamran müəllim özündən sonra böyük irs qoyan alimlərimizdəndir. O Azərbaycan ədəbiyyatşünaslıq elminin zirvəsində duran şəxsiyyətdir. Onun yazdığı əsərlərə həmişə müraciət olunacaq. Onun ziyası həmişə elmimizə işıq saçacaq. Dəyərli alimimizin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. Bu dəyərli insanın yoxluğuna inanmaq olmur.

Xəyalə Orucqızı – Ağayeva

Filologiya üzrə fəlsəfə doktoru,
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.