Folklor İnstitutunun Elmi Şurasında 2021-ci ilin elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabat dinlənilib

Dekabrın 16-da AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov gündəlikdəki əsas məsələnin - Folklor İnstitutunun 2021-ci ildəki elmi-tədqiqat və elmi-təşkilati fəaliyyəti barədə hesabat olduğunu bildirib. Akademik hesabatdan öncə filologiya elmləri doktorları Ramil Əliyev və Leyla Məmmədovanın İnstitutun Dissertasiya Şurasının tərkibinə daxil edilməsi barədə məsələyə baxılmasını təklif edib. Elmi Şura üzvləri məsələnin lehinə qərar veriblər. Daha sonra iclasda elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasovun elmi müəssisənin cari ildəki fəaliyyəti barədə hesabatı dinlənilib. Hesabat Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və Dövlət proqramlarının icrası, elmi tədqiqat işləri, fundamental elmin təhsillə əlaqəsi, beynəlxalq əlaqələr, xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirak, elektron elmin vəziyyəti, nəşr, kadr hazırlığı, sosial fəaliyyət, təltif və mükafatlarla bağlı məsələləri əhatə edib.

Hesabat dinlənildikdən sonra Şura üzvlərindən fil.e.d. Ramazan Qafarlı və fil.ü.f.d.,dos. Mətanət Abbasova çıxış edərək cari ilin hesabatını qənaətbəxş hesab ediblər. Onlar gələn ildə elmi fəaliyyətlə bağlı arzu və təkliflərini də diqqətə çatdırıblar.
İclasda iştirak edən akademik Möhsün Nağısoylu Folklor İnstitutunda cari ildə aparılan elmi tədqiqat və elmi-təşkilati işlərini yüksək dəyərləndirib və institutun “Dədə Qorqud” dərgisi ilə əməkdaşlıq etmək arzusunda olduğunu qeyd edib. İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov növbəti ildə də Folklor İnstitutu kollektivinin qarşıya qoyulan məsələlərin həllində inamla çalışacağına əminliyini bildirib. Hesabat yekdilliklə qəbul edilib.

Elmi Şuranın iclasında həmçinin institutun Dədə Qorqud şöbəsinin müdiri vəzifəsinə seçki keçirilib. Fil.e.d.Ramazan Qafarlı yekdilliklə Dədə Qorqud şöbəsinin müdiri vəzifəsinə seçilib.
Sonda Elmi Şura fil.ü.f.d.Elçin İmaməliyev və sən.ü.f.d.Kəmalə Atakişiyevaya ixtisas üzrə dosent elmi adının verilməsi məsələsini müzakirə edib. Səsvermə keçirildikdən sonra onların dosent elmi adı alması üçün AAK qarşısında vəsatət qaldırılmasına qərar verilib.



