Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

“Folklor İnstitutunda ciddi struktur dəyişiklikləri etdik”

Muxtar İMANOV

İnstitutun direktoru Muxtar İmanov işlərini müasir dövrün tələblərinə uyğun qurmağa çalışdıqlarını deyir

İnstitutda görülən işlər və bu il nəzərdə tutulan planlar haqqında məlumat almaq üçün suallarımızı institutun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanova ünvanladıq.

- Muxtar müəllim, direktor seçildikdən sonra institutun işində hansı dəyişikliklər və yeniliklər etmisiniz?
- İlk növbədə institutun strukturunda dəyişikliklər edilməsini vacib saydıq. Çünki burada elə şöbələr var idi ki, onların adında dəyişikliklər etmək lazım idi. Bundan əlavə yeni şöbələr də yaratmağa ehtiyac yaranmışdı. Təkliflərimizi AMEA-nın Humanitar İctimai Elmlər bölməsinə təqdim etdik və onlardan dəstək aldıq. Rəyasət Heyəti də təkliflərimizi dəstəklədi. Məsələn, bizim institutda folklorun etnoqrafiya ilə əlaqəli şəkildə öyrənilməsinə ehtiyac var idi. Bunu əsas tutaraq institutumuzda Mərasim folkloru şöbəsini yaratdıq. Yeni şöbələrimizdən biri də Müasir folklor şöbəsidir. Hesab etdik ki, belə bir şöbənin yaradılması vacibdir. Çünki bir var klassik folklor, bir də var yeni yaranan folklor. İndi də regionlarda yeni folklor nümunələri yaranır. Buna misal olaraq konkret adamlarla bağlı yaranan lətifələri qeyd edə bilərəm. İnstitutumuzdakı Azərbaycan folklorşünaslığı şöbəsinin adını dəyişib Klassik folklor şöbəsi etdik. Bundan əlavə Folklor və yazılı ədəbiyyat şöbəsi yaratdıq. Dünyanın bütün mədəni ölkələrində folklor materiallarının çap olunması arxiv materiallarındakı şifrə və kodla verilir. Bu baxımdan folklor materiallarının toplanması və sistemləşdirilməsi folklorşünaslığın çox vacib problemlərindən biridir. İndiyə qədər də bizim folklorşünaslarımız bu problemlə çox ciddi şəkildə məşğul olurdular. Amma institutumuzda yerin darlığı ucbatından arxiv adlandırdığımız şöbəmiz o qədər də yararlı durumda deyil. Biz o bölmənin adını dəyişib Folklor Fondu etdik. Özü də təkcə adını yox, mahiyyətini də dəyişdik. Paralel olaraq orada olan materialları sistemləşdirdik, şifrə və kod verdik. Folklor nümunələrimizi də bu şifrə və kodlar əsasında nəşr etməyi nəzərdə tuturuq. Belə olanda nəşrlər daha ciddi qəbul edilir. Bu baxımdan institutumuzun Folklor Fondunun yenidən qurulmasını vacib işlərdən biri hesab edirik. Bu işə uyğun olaraq yeni bir şöbə də yaratdıq – Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi.
- Bəs il ərzində hansı işlər görməyi nəzərdə tutursunuz?
- Görəcəyimiz işlər institutumuzun indiyədək gördüyü işlərin davamıdır. Biz indiyədək institutumuzda folklor materiallarının toplanması, sistemləşdirilməsi və tədqiqi ilə məşğul olmuşuq. Bu istiqamətdəki işlərimizi yenidən qurmaq niyyətindəyik. İşlərimizi müasir dövrün folklorşünaslıq tələblərinə uyğun qurmağa çalışırıq.
Bir müddət öncə AMEA rəhbərliyi ilə müzakirələr apararaq təklif irəli sürdük ki, folklor materiallarının yenidən toplanmasına çox böyük ehtiyac var. Rəhbərliyin razılığıyla bu işə kifayət qədər vəsait ayrıldı. Artıq bu vəsaitin hesabına yeni işlərə başlamışıq. İnstitutumuzun xətti ilə ayrı-ayrı bölgələrə folklor materiallarının toplanması məqsədilə ezamiyyələr təşkil olunub. Bizim əməkdaşlarımız hazırda müəyyən bölgələrdə bu işlərlə məşğuldurlar. Ezamiyyələri elə bölgələrə salırıq ki, oraya indiyədək folklorşünaslar ya ümumiyyətlə, getməyiblər, ya da çox az gediblər. Məsələn, Qarabağın bəzi bölgələrinə indiyədək heç bir folklor ekspedisiyası göndərilməyib. Biz ilk növbədə həmin bölgələri diqqətə alırıq. Bir neçə nəfərdən ibarət ezamiyyə qrupumuz Qarabağ bölgəsinin müxtəlif rayonlarında folklor materiallarını toplamağı nəzərdə tutub. Nəzərdə tuturuq ki, həm bu bölgədə, həm də digər bölgələrimizdə, hətta Borçalıda Novruz mərasimlərini araşdıraq. Bu mərasimlərin həm lentə alınması, həm də digər materialların toplanması nəzərdə tutulur. Sonradan bu materiallar sistemləşdiriləcək. Bizim əsas istiqamətlərimizdən biri də folklorun elmi əsaslarla araşdırılmasıdır.
- Söhbətimiz Novruz bayramı ərəfəsinə təsadüf edir. Bu bayramın araşdırılması ilə bağlı hansı işlər görülür?
- Bugünlərdə biz Novruzla əlaqədar elmi sessiya keçirdik. Çünki Novruzla bağlı bəzi mübahisəli məsələlər var. Məsələn, çərşənbələrin düzülüşündə, adlandırılmasında müəyyən fərqlər hiss olunur. Ümumi fikir belə oldu ki, Novruz Bayramı da folklor nümunəsi olduğundan onun çoxvariantlığı mümkündür. Folklorun mədəniyyət hadisəsi olaraq təməl prinsiplərindən biri çoxvariantlıqdır. Folklor yazılı ədəbiyyatdan əsasən buna görə fərqlənir. Konfransda çərşənbələrin adlarının düzülüşü ilə bağlı vahid bir sistemin olmasının mümkünsüzlüyü vurğulandı. Bölgələrdəki vəziyyəti araşdırdıqda görəcəyik ki, bəzi yerlərdə çərşənbələri bizim təqdim etdiyimiz ardıcıllıqla keçirmirlər. Məsələn, Naxçıvan, Qarabağ, Azərbaycanın digər bölgələrində birinci, ikinci, üçüncü və axır çərşənbə var. Naxçıvanın bəzi bölgələrində və bəzi Qarabağ kəndlərində, azərbaycanlıların çoxluq təşkil etdiyi Türkiyənin Qars vilayətində çərşənbələrə istilik mənasında “cəmrə” deyirlər. Cənubi Azərbaycanda isə soydaşlarımız farslarla çiyin-yiçinə yaşayırlar. Oradakı folklorumuza fars mədəniyyətinin də müəyyən təsiri ola bilər. Məsələn, orada elə bölgələr var 5, elələri də var 3 çərşənbə qeyd edirlər.
- Bu il institutun xətti ilə digər konfranslar nəzərdə tutulurmu?
- Bu il biz xüsusi Dədə Qorqud sessiyası keçirməyi planlaşdırırıq. Hər il aprel ayının 9-da bu sessiya keçirilir. Amma bu il sessiyanı daha böyük auditoriyada keçirmək niyyətindəyik. Biz bu sessiyanı qorqudşünaslığın 200 illik yubileyinə həsr etmək istəyirik. Keçirmək istədiyimiz digər tədbir «Folklorumuz və tariximiz» adlı konfransdır. Bu konfransı Tarix İnstitutu ilə birgə keçirəcəyik.
- İnstitutunuzun Elmin İnkişafı Fondunun xətti ilə həyata keçirdiyi layihə varmı?
- Hələlik bizim institut fondla birgə heç bir layihə icra etməyib. Biz hazırda fonda təqdim etmək üçün bir neçə layihə üzərində işləyirik. Onların məzmunu barədə hələlik geniş danışmaq istəməzdim. Yalnız təqdim etməyə hazırlaşdığımız bir layihə barədə danışmaq istərdim. Biz nəzərdə tuturuq ki, Azərbaycanın folklor xalq mədəniyyəti təkcə Azərbaycan türklərinin yox, həm də ölkədə yaşayan azsaylı xalqların mədəniyyətini əks etdirir. Bu baxımdan ehtiyac var ki, biz ölkəmizdə yaşayan azsaylı xalqların folklorunu da öyrənək. Bu ehtiyacı nəzərə alaraq yeni strukturumuzda azsaylı xalqların folkloru bölməsi yaratmışıq. Bölmə 3-4 nəfər əməkdaşı ilə artıq fəaliyyətdədir. Bu yaxınlarda bölmənin əməkdaşlarından biri Zaqatalada olaraq çox gözəl folklor nümunələri toplayıb gətirib. İndi istəyirik ki, fonda azsaylı xalqların folklorunun öyrənilməsi ilə bağlı layihə təqdim edək. Bunun üçün fondun yeni müsabiqə elan etməsini gözləyirik. Əgər bu məqsədlə fonddan maliyyə dəstəyi ala bilsək, çox yaxşı olacaq. Bu gün ehtiyac var ki, Xınalıq kimi unikal bir kəndə ezamiyyələr təşkil edilsin. Bu kəndin etnoqrafiyasının hərtərəfli öyrənilməsinə, dilinə baş vurulmasına ehtiyac var. Axıska türklərinin folklorunun araşdırılmasına da ehtiyac duyuruq. Bu il bununla bağlı bir kitab çap edəcəyik. İmkan olsa, onların yaşadığı yerlərə yeni elmi ekspedisiyalar da göndərmək olar. Eyni zamanda udinlərin, talışların, ləzgilərin və başqa azsaylı xalqların folklorunun öyrənilməsinə ehtiyac var.
- Bu yaxınlarda Bakıda Koroğlunun yeni heykəli açıldı. Babəkin də heykəlinin qoyulması ilə bağlı müzakirələr gedir.
- Koroğlunun heykəlinin qoyulması çox böyük əhəmiyyətə malik mədəniyyət hadisəsidir. Bu xalq qəhrəmanının heykəlinin qoyulmasına çox böyük ehtiyac var idi. Gələcəkdə Babəkin də heykəlinin qoyulması çox yaxşı olardı. Bu addımlar folklorun öyrənilməsinə yeni bir təkan verir. Bu sahədə tədqiqat aparanlar biləndə ki, onların müraciət etdiyi predmetlər bu dərəcədə qiymətləndirilir, daha böyük coşqu ilə işləyir. Koroğlu həm qəhrəmandır, həm də sənətkardır. Onun bir əlində saz, bir əlində qılınc var.
- Amma həm Babək, həm də Koroğlu ilə bağlı fikirlər birmənalı deyil. Bəziləri onların qəhrəman kimi təqdim olunmasının əleyhinə çıxırlar.
- Necə düşünülməsindən asılı olmayaraq fakt faktlığında qalır. Koroğlu böyük bir eposun qəhrəmanıdır. Yeri gəlmişkən, bizim Elmin İnkişafı Fonduna təqdim etmək istədiyimiz ikinci layihə Koroğlu ilə əlaqədardır.
Koroğlu yalnız Azərbaycan eposu deyil. O, təxminən 15-ə yaxın türk xalqının qəhrəmanıdır. O, haradasa ümumtürk folklorunun qəhrəmanıdır. Belə düşünəndə onun bizim həyatımızda, mənəviyyatımızda çox böyük önəmli rolu var. O, həm də tarixi şəxsiyyətdir.
- İşğal olunmuş ərazilərdə yaşayanların folklor nümunələrinin öyrənilməsi istiqamətində işlər necə qurulur? Bu istiqamətdə qurulan işlər necə və hansı formatda aparılır?
- Bu işlə bizim yeni yaratdığımız Müasir folklor şöbəsi məşğul olur. Şöbənin əməkdaşları işğal olunmuş ərazilərdən qaçqın düşmüş şəxslərin arasında olub folklor nümunələrini toplayıblar. Bu il bizim doktoranturaya qəbul olunan doktorantlardan birinə Kəlbəcər folklor nümunələri ilə bağlı araşdırma mövzusu vermişik. Bu doktorantımız əslən kəlbəcərlidir, kəlbəcərli qaçqınların arasında yaşayır. O, Kəlbəcər folklor nümunələrini toplayacaq, sistemləşdirəcək və araşdıracaq. Artıq indidən fəaliyyətə başlayıb.

İlham QULİYEV

“Kaspi” qəzeti
15.03.12

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.