“Nizaminin “Yeddi gözəl” poemasında mif, folklor və təsəvvüf” adlı monoqrafiya işıq üzü görüb
Bu günlərdə AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, fil.e.d., prof.Seyfəddin Rzasoyun “Nizaminin “Yeddi gözəl” poemasında mif, folklor və təsəvvüf” monoqrafiyası işıq üzü görüb.
İstər Azərbaycan, istərsə də dünya elmində Nizami yaradıcılığı ən müxtəlif aspektlərdən öyrənilib. Şairin irsinin tədqiqində Azərbaycan alimlərinin fəaliyyəti həm zəhmət, həm də məhsuldarlıq baxımından böyükdür. Bu fəaliyyət hazırda da davam edir. Oxuculara “Nizaminin “Yeddi gözəl” poemasında mif, folklor və təsəvvüf” adı altında təqdim olunan monoqrafiya da Nizami irsinə milli-filoloji marağın daha bir ifadəsidir. Əsərdə “Yeddi gözəl” bədii-estetik işarə kimi götürülüb və onun Azərbaycan milli düşüncə sisteminin bədii-estetik layındakı yeri tədqiq edilib.
Monoqrafiyada Nizami poeziyası “Yeddi gözəl” məsnəvisi əsasında orta əsrlər dünya modeli, onun folklor-mifoloji strukturu baxımından araşdırılıb. Əsərdə şüurun inkişaf mərhələləri (mifoloji və tarixi şüur modelləri), “Yeddi gözəl” poemasının əsas süjetinin folklor-mifoloji semantikası, makrokosmun (“böyük dünya”) mifopoetik strukturu və funksional semantikası, poemadakı haşiyə nağıl süjetlərində sufi dünya modellərinin təriqət praktikasının və mifoloji arxetiplərin təcəssümü, mikrokosmun (“kiçik dünya”//insan) mənəvi təkamül prosesinin semiotik strukturu, irfani-psixoloji və təsəvvüfi-poetik semantikası kimi məsələlər öyrənilib.
“Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyanın elmi redaktoru akademik Muxtar Kazımoğlu (İmanov), rəyçiləri prof. Tahir Məhərrəmov, prof. Şirindil Alışanlı və dos. Sərxan Xavəridir. |