“Abbas Zamanov olmasaydı” kitabı nəşr olunub
 |
 |
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, professor Kamran Əliyevin AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, görkəmli ədəbiyyatşünas və tərcüməçi, filologiya elmləri doktoru, professor, mərhum Abbas Zamanovun həyat və yaradıcılığına həsr etdiyi “Abbas Zamanov olmasaydı” kitabı nəşr olunub.
Abbas Zamanov 1911-ci ildə Naxçıvan MR-in Şərur rayonunun Maxta kəndində anadan olub. A.Zamanov Opera teatrının və filarmoniyanın direktoru olub. İkinci dünya müharibəsi illərində ordu sıralarında xidmət edib. Tərxis olunandan sonra ADU-nun filologiya fakültəsində baş müəllim, EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışıb. Universitetdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlayıb. Həmin vaxtdan başlayaraq ölkəmizdə və onun hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat əsərləri ardıcıl dərc olunub. Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və başqa ölkələrdə məqalələri dərc edilib. «Sabir və müasirləri» monoqrafıyası Təbrizdə, «Cəlil Məmmədquluzadə» oçerki Tehranda fars dilində nəşr edilib.
A.Zamanov Türk Dil Qurumunun müxbir üzvü, Konya və Səlcuq Universitetlərinin fəxri doktoru seçilib. Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərib, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, S.Hüseyn, H.Nəzərli, S.Ə.Şirvani, S.M.Qənizadə və Q.Zakirin əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirib.
A.Zamanov I dərəcəli «Vətən müharibəsi» ordeni, “Döyüş xidmətlərinə görə” və bir sıra medallarla təltif edilib. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi, Azərbaycan EA müxbir üzvü, Türk Dil qurumunun (Türkiyə) müxbir üzvü, Səlcuq Universitetinin fəxri doktoru idi.
O, 1993-cü il aprelin 1-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunmuşdur. Kitabda böyük alim, Azərbaycan elminin, ədəbiyyatının inkişafında öz fədakar əməyi ilə əvəzsiz rol oynamış Abbas Zamanovun xidmətləri, onun haqqında yazılmış məqalələr, xatirələr toplanmışdır.
Azərbaycan ədəbiyyatının bir çox ölkələrdə tanınması və təbliğ olunması onun adı ilə bağlıdır. Abbas Zamanovun yaratdığı əsərlərdən mədəniyyətimiz gələcəkdə də bəhrələnəcəkdir. |