Əməkdaşımız Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
4-6 noyabr 2021-ci il tarixlərində Atatürk Kültür, Dil və Tarih Yüksek Kurumu nəzdindənki Türk Tarih Kurumu tərəfindən İstanbul Universiteti ev sahibliyində “Yavuz Sultan Selim ve Dönemi Simpoziumu” keçirilib. Sözügedən simpoziumda AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova "Azərbaycan Sovet ədəbiyyatında Sultan Səlim Yavuz bədii obrazı: Sultan Səlim və Şah İsmayıl münasibətləri" mövzusunda məruzə ilə iştirak edib. Əməkdaşımız çıxışı zamanı bildirib ki, bu gün Azərbaycan və Türkiyə Orta Asiyanın digər Türk cümhuriyyətləri ilə əl-ələ verərək, birlikdə Türk Birliyini qurmaqdadırlar. Artıq Türk Keneşi, Türk Dövlətləri Parlamentlər Assambleyası, “Türksoy” kimi qurumlar yaranmışsa və bu qurumlarda ortaq Türk tarixi, ortaq Türk ədəbiyyatı formalaşdırmaq istiqamətində ciddi işlər aparılırsa, bu o deməkdir ki, zamanla fərqli dünyagörüşlər, fərqli ideoloji-siyasi baxışlar sistemi aradan qalxacaq, o zaman Şah İsmayıla da, Sultan Səlimə də, Çaldıran savaşına da fərqli münasibət formalaşacaqdır.



|