Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
03.11.2021

ƏLVİDA DEMİRƏM, SALAMAT QALIN!


30 oktyabr Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə günü kimi qeyd olunur. 30 oktyabr 2021-ci il həm də ömrünü arxivlərdəki tozlu rəflərin içində Repressiya qurbanlarının taleyinə həsr edən, onların qaranlıq ömür səhifələrini aydınladan, son arzularını, diləklərini kitablara həkk etdirib təkrardan yaşadan böyük insan, Repressiyaşünas alim Cəlal Qasımovun ölüm günü oldu.
Repressiyaşünas alim ömrünü Respessiya qurbanlarına həsr etdiyi kimi, onların ümumdünya xatirə günündə həyatını başa çatdırdı..doğmalarına, dostlarına "Bu dünya yaşamağa dəyər" desə də, "Əlvida demirəm, salamat qalın!" dedi.

Gedirəm yolumun sonu bilinmir,
Həyat bir dəfədir ölən dirilmir,
Yaxşı yaddaşlardan heç vaxt silinmir,
Məni bu dünyada əbədi sanın,
Əlvida demirəm, salamat qalın!

Yaxşı ki, dünyada izlərim qaldı,
Nə tez yollarımı boran-qar aldı.
Əkdiyim çiçəklər solub-saraldı.
Sevgidən alışın, sevgidən yanın,
Əlvida demirəm, salamat qalın!

İşıq saldım neçə haqsız ölümə,
"Otuz yeddi" soyqırımdı elimə,
Neçə şair sinə gərmiş zülümə,
Onları hörmətlə, izzətlə anın,
Əlvida demirəm, salamat qalın! (02.11.2021 A. Şirinova)

Qismətə bax, ilahi... bir çox repressiya qurbanlarına yenidən həyat verən onları illər sonra həyata qaytaran alim 30 oktyabrda özü həyatdan köç etdi.
Professor Cəlal Qasımovun ölüm xəbəri elm camiəsində hamını sarsıtdı, göz yaşlarına boğdu. Heç kim bu acı xəbərə inanmaq istəmədi. Dəyərli insanı itirmək çox ağır oldu. Məmməd İlqar kişilər ağlamaz deyən kişilər, atam ağlayırdı anam öləndə-deyirdi...İndi biz də kişilər ağlamaz deyən kişilər, kişilər ağlayırdı CƏLAL öləndə-deyirik.
İlk dəfə 30 may 2014-cü ildə AMEA Folklor İnstitutunda fəlsəfə doktorluğu üzrə disertasiyamın müdafiəsi günü gördüm Cəlal Qasımovu. Təmkinlə, sakit baxışları, çıxışçıları dinləməyi, hərdən də gülümsəməyi onu hamıdan fərqləndirirdi. Söz Cəlal müəllimə verildikdə çox səmimi: mən bu xanımın dissertasiyasını oxumamışam...Burda oxudum və çıxışlarından nəyə qadir olduğunu gördüm dedi. Və Hacı Kərim Sanılının haqqında yazdığı kitab diqqətimi çəkdi. Mən də "Bitməmiş istintaq" adlı kitab yazmışam H. K. Sanılı haqqında. Kitabı götürürəm- deyib kitabın son nüsxəsini götürdü. Cəlal müəllim kimi bir alimdən belə dəyərli fikir eşitmək məni çox ruhlandırdı. Və sonralar Cəlal Qasımovu daha yaxından tanıdım. Tez-tez dəyərli məsləhətlərini dinlədim. H. K. Sanılı haqqında birgə kitab yazmaq qərarına gəldik (kitab çapa hazırlanır). C. Qasımov Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yeri olan, öz çəkisi olan alimlərimizdən idi. Cəlal müəllimin böyük bir məktəb yolu vardı. Müəllim bizə təkcə sinif otaqlarında dərs deyən deyil, müəllim həm də bizə tanımadığımız halda kitablarını, əsərlərini oxuyaraq özümüzə müəllim seçdiyimiz insandır. Davranışlarında ədəb-ərkanı ilə örnək olandır. Sinif otaqlarında bizə elm öyrədən müəllimi bəzən müəllim olaraq yadda saxlamadığımız halda bizə həyat müəllimi olan insanı bir ömür boyu unutmuruq. Cəlal müəllim belə müəllimlərdən idi. Ədəbi ilə, böyük mədəniyyəti ilə, sadə-səmimi münasibəti ilə çoxlarının mənəvi müəlliminə çevrilmişdi. Elmi biliklərini heç kimdən əsirgəməyən, gənclərə elmi yolda addımlamağa dəstək olan, onlara stimul verən insan idi. Əsl Pedaqoq olan Cəlal müəllim pedaqoji fəaliyyətə 1984-cü ildən 1991-ci ilə qədər Sabirabad rayonunun Moranlı kəndində dil-ədəbiyyat müəllimi kimi başlamışdır. 1991-1993-cü illərdə isə bir zamanlar təhsil aldığı doğma Naxçıvan Dövlət Universitetində bu fəaliyyəti davam etdirmişdir. Pedaqoji sahədə uğurlu fəaliyyətinin gösrəricisi olaraq 2008-ci ildə "Əməkdar müəllim" adına layiq görülmüşdür.
Tanınmış alim, professor Cəlal Qasımov Azərbaycan ədəbiyyatşünaslığına bir çox töhfələr vermiş alimlərimizdəndir. Professor Cəlal Qasımovun tədqiqat istiqaməti daha çox siyasi repressiya qurbanlarının faciəli taleyinə yönəlib. Ədəbiyyatşünaslığın müxtəlif sahələrində elmi tədqiqatları olsa da, yaradıcılığının qayəsi məhz repressiya qurbanlarıdır. Akademik İsa Həbibbəyli təsadüfi deyil ki, professor Cəlal Qasımovu "görkəmli repressiyaşünas alim" adlandırır. Oxucuların marağına səbəb olan və yeni biliklər əldə etdiyimiz "Abdulla Sur və əsərləri" (1995), "Əsrin qiyamət çağı" (1997), "Yaddaşın repressiyası" (1997), (1997), "Bitməmiş İstintaq" (1997), "Repressiyadan deportasiyaya doğru", (1998), "Yaddaşın bərpası" (1999), "Məhbus tərcümeyi-halı" (2003), "Abdulla Surun həyatı və yaradıcılığı" (2004), "Hərbi psixologiya" (həmmüəllif, 2004), "MTN: tarixi-hüquqi mənbələr" (2005), "Əməliyyat psixologiyası" (həmmüəllif, 2005), "Cavidi məhbəsə aparan yol" (2007), "Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixi" (dərslik, 2008), "Azərbaycan təhlükəsizlik orqanlarının tarixi" (2009), "История органов безопасности Азербайджана" (2009), "Historiy of institutions of national security of Azerbaijan" (2009), "Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi" (2011), "Ədəbi məhkəmələr" (2012), "Kitabi-Dədə Qorqud yasaqlanması" (2014), "Bolşevik qurşununun qurbanları" (2015), "Azərbaycan folklorşünasları (1920-1950)" (2015), "Milli təhlükəsizliyin əsasları" (2015), "Vəli Xuluflu" (2016), "Cümhuriyyətin təhlükəsizlik orqanları" (2018), "Bəkir Çobanzadə" (2018), "Azərbaycan təhlükəsizlik orqanları 100 ildə, tarix və müasirlik" (2019), "Birinci Türkoloji Qurultay: şahidlər və şəhidlər" (2019), "Siyasi repressiya həyatda və ədəbiyyatda" (2020) və s. kimi 30-dan çox elmi kitabın müəllifidir. Professor Cəlal Qasımovun dərin araşdırmalarından biri də "Xalid Səid Xocayev"dir. Yaşasaydı, daha çox kitablara imza atacaqdı. Daha çox qaranlıq talelərə işıq saçacaqdı.
Cəlal Qasımov heç zaman unudulmayacaq. Yuxusuz gecələrinin məhsulu olan elmi tədqiqatları, 30-dan artıq əsəri, talelərinə aydınlıq gətirdiyi repressiya qurbanlarına həsr edilmiş araşdırmalar, yetişdirdiyi gənc alimlər onu daim yaşadacaq, unudulmağa qoymayacaq.
Son bir ildə AMEA Folklor İnstitutuna ağır itkilər üz verdi. Bir-birindən dəyərli alimləri- Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran İmran oğlu Əliyevi, Ramiz Kərəm oğlu Ələkbərovu, türkoloq alim, professor Məmmədəli Dünyamalı oğlu Novruzovu (Qıpçaq), şair-publisist, filologiya elmləri doktoru Nizami Murad oğlu Məmmədovu və professor Cəlal Əbil oğlu Qasımovu itirdik.
Məkanınız cənnət, ruhunuz şad olsun, dəyərli alimlərimiz! Yeriniz hər zaman görünəcəkdir!

İlhamə Qəsəbova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.