“Zəfər Yolunun Qəhrəmanları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
01 noyabr 2021-ci il tarixində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda “Zəfər Yolunun Qəhrəmanları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Zəfər Günü ərəfəsində keçirilən tədbir Hərbi Hava Qüvvələrinin şəhid pilotu polkovnik Zaur Nudirəliyevin xatirəsinə həsr edilib. Vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.
Sonra layihə müəllifi polkovnik Abdulla Qurbani çıxış edərək Cəmşid Naxçıvanski adına hərbi liseyin yetiməsi olan şəhid polkovnik Zaur Nudirəliyevin həyat və döyüş yolundan geniş bəhs edib.

Anım günündə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu (İmanov) söz alaraq Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında müasir silahların, yeni texnikaların böyük rolu ilə yanaşı, milli-mənəvi dəyərlər əsasında tərbiyə edilən müasir Azərbaycan döyüşçüsünün vətənpərvərlik hissinin, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun da az rol oynamadığını söyləyib. Azərbaycan folklorundan, xalq yaradıcılığından o cümlədən möhtəşəm “Dədə Qorqud” boylarından nümunələr gətirən akademik Ulu Öndərin vaxtilə söylədiyi bir fikrin bu gün də aktual olduğunu diqqətə çatdırıb və Azərbaycan əsgərinə şəhidlərimizin qəhrəmanlıq ənənələrini bundan sonra da uğurla davam etdirməyi arzulayıb.

Şəhid polkovnikin xatirəsinə həsr olunmuş tədbirdə Folklor İnstitutunun “Qorqud” folklor ansamblı milliliyə, vətənpərvərliyə, türkçülüyə söykənən konsert proqramı ilə çıxış edib. Ansamblın bədii rəhbəri, əməkdar artist Nuriyyə Hüseynovanın, eləcə də solistlər Solmaz Kosayeva, Həlimət Sultan, Çilənay Hüseynova və Ülviyyə Mərdanovanın ifaları maraqla qarşılanıb.
Zəfər Günü ərəfəsində keçirilən tədbirdə Müdafiə Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyətinin rəsmiləri, millət vəkilləri, şəhid ailələri, mədəniyyət və elm xadimləri, Bakı Qarnizonundakı hərbi hissələrin və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları, kursantlar, müharibə iştirakçıları və qazilər də iştirak edib.

 |