Tanınmış türkoloq alim Məmmədəli Novruzov (Qıpçaq) vəfat edib

Tanınmış türkoloq alim, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının müəllimi, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin əməkdaşı, filologiya elmləri doktoru, professor Məmmədəli Novruzov (Qıpçaq) ömrünün 65-ci ilində vəfat edib.
Məmmədəli Dünyamalı oğlu Novruzov (Qıpçaq) 1956-cı il mart ayının 28-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. 1981-1984-cü illərdə Azərbaycan Dövlət Universitetində aspirant olub. 1985-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında baş müəllim, dosent işləyib, 2006-cı ildən isə kafedranın professoru olub.
M.Novruzov 1989-cu ildə “Türk dillərində hal kateqoriyasının formalaşması və inkişafı” mövzusunda namizədlik, 2003-cü ildə “Kəmiyyət anlayışının dildə ifadəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
O, türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetik, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində ciddi elmi araşdırmalar aparıb.
1985-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında çalışıb. “Türkologiyaya giriş”, “Qədim türk dili”, “Qədim türk yazılı abidələri”, “Türk dillərində kəmiyyət kateqoriyası”, “Türk əlifbaları” fənlərindən mühazirə və seminar dərsləri aparıb. Alim 70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, eləcə də “Türk dillərində hal kateqoriyası”, “Türk say sistemi”, “Türk savaş sənəti” (Ə.Əsgərlə birlikdə), “Kəmiyyət anlayışının dildə ifadəsi”, “Söz aləminə səyahət”, “Türk dillərinin səs quruluşu” kimi qiymətli kitabların müəllifi olub.
Tanınmış alim, gözəl insan Məmmədəli Novruzovun parlaq xatirəsi onu tanıyanların, həmkarlarının və tələbələrinin qəlbində daima yaşayacaq.
Allah rəhmət eləsin!