Şakir Albalıyev: Azad Cəbrayılımıza səfər, Prezidentimizlə görüş həyatımızın ən xoşbəxt anları kimi yaddaşımıza həkk olundu
 AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev Cəbrayıl şəhərində ölkə Prezidenti ilə görüşdə yaşadığı təəssüratları azertag.az ilə bölüşüb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə mən də iştirak edirdim. Prezidentlə birgə Cəbrayıl şəhərinin bərpasının təməl daşının qoyulması kimi tarixi anların şahidi oldum. Bu, o demək idi ki, düşmənlərimizin dağıtdıqları şəhərimizi – Cəbrayılımızı biz uzun illər qəlbimizdə yaşatdığımız yurd sevgisi ilə yenidən qurub-tikəcəyik, Cəbrayıl şəhərini yenidən abad edəcəyik. Hörmətli Prezidentimizin Cəbrayıl ictimaiyyəti ilə görüşünün mahiyyətində də elə bu məqsəd dayanırdı. Bu, o deməkdir ki, rayonumuzda həyat yenidən canlanacaq. Bu fikirləri AZƏRTAC-a “Xudafərin” qəzetinin baş redaktoru filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev Cəbrayıla səfərlə bağlı təəssüratlarını bölüşərkən deyib.
“Hər kəs yaxşı xatırlayır. Ulu öndər Heydər Əliyev həmişə deyirdi ki, qaçqın və məcburi köçkünlərin problemləri dövlətimizin bir nömrəli problemidir. Prezident İlham Əliyev də həmişə bu məsələni diqqətdə saxlayıb. Qısa müddətdə çadır düşərgələri ləğv olundu, məcburi köçkünlər üçün yüksək səviyyəli şəhərciklər salındı. Prezidentimiz deyirdi ki, bu, müvəqqətidir, biz doğma torpaqlarımıza qayıdacağıq. Həmin gün gəlib çatdı. 44 günlük Zəfər yürüşümüz nəticəsində dədə-baba torpaqlarımız işğalçılardan azad edildi və bərpa işlərinin təməli qoyuldu”, - deyə Ş.Albalıyev qeyd edib.
 O vurğulayıb ki, oktyabrın 4-də Cəbrayılın azad olunmasının birinci ildönümündə rayon ictimaiyyətinin nümayəndələrinin Cəbrayıla gəlişi könüllərin sevindiyi gün idi. Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev qəlbimizi güldürür, könlümüzü sevindirirdi. Ekran qarşısından bizə baxan tamaşaçılar da bu xoş və səmimi ovqatı açıq-aydın görürdülər. Respublikamızın Əməkdar artistləri Yaqut Abdullayeva ilə İlkin Əhmədovun şaqraq zəngulələri də bu xoş anların ifadəsi idi. Hətta görüş o dərəcə səmimi idi ki, ürəklənib Prezidentə yaxınlaşdım, əlimdəki “Xudafərin” qəzetini göstərdim və yığcam informasiya verdim.
Bir sözlə, dövlətimizin başçısı ilə görüşdə kövrək və duyğulu anlar yaşandı. Prezident bizimlə həm kollektiv, həm də hər birimizlə ayrı-ayrılıqda şəkil çəkdirdi. Azad Cəbrayılımıza bu səfər, Prezidentimizlə bu görüş həyatımızın ən unudulmaz, ən xoşbəxt anları kimi yaddaşımıza həkk olundu. |