Əməkdaşımız Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
27-30 sentyabr 2021-ci il tarixlərində Türkiyənin Bursa şəhərində lX Uluslararası Altay Topluluqları Simpoziumu keçirilib. Sözügedən simpoziumda AMEA Folklor İnstitutunun Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. dos. Aynur Cəlilova da iştirak edib. Əməkdaşımız “Türk dastanlarında iksir-badə motivi” mövzusunda çıxış edib. A.Cəlilova məruzə zamanı ilk dəfə olaraq məhəbbət və qəhrəmanlıq dastanlarında olan badə (kasa) içmə motivini iksirlə (əbədi həyat suyu) əlaqələndirib, badənin şamanlıqla, sufiliklə, aşıq ədəbiyyatı ilə bağlılığı məsələlərinə aydınlıq gətirib. Badənin mifoloji xarakteri, növləri, dastan janrında tutduğu mövqe nümunələrlə əsaslandırılıb. Badə motivini əks etdirən orta əsr miniatürləri əsasında hazırlanmış slaydın nümayişi simpozium iştirakçılarının marağına səbəb olub. Əməkdaşımızın məruzəsi ilin sonunadək simpozium materialları toplusunda nəşr olunacaq.

|