“Azərbaycan xalq oyunları” mövzusunda dəyirmi masa keçirilib
04.10.2021-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ilə AMEA Folklor İnstitutu birlikdə “Azərbaycan xalq oyunları” mövzusunda onlayn tədbir həyata keçiriblər. Tədbiri Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət xanım Xələfbəyli açaraq dəyirmi masada müzakirə olunan mövzunun aktuallığına və əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, xalq oyunlarını qorumaq, tanıtmaq, təbliğ etmək sosial həyatın sürətlə dəyişməsi, qloballaşma prosesində zərurətə çevrilib. S.Xələfbəyli Rusiyanın Sankt-Peterburq şəhərində oyunlarla bağlı keçiriləcək festivalla əlaqədar Folklor İnstitutunun dəstəyindən yararlanmağa böyük ehtiyac duyduqlarını da ifadə edib.
Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov bildirib ki, institutda Folklor Studiyası fəaliyyət göstərir və bu studiyanın əməkdaşları ayrı-ayrı bölgələr üzrə xalq adət-ənənələrini əks etdirən çoxsaylı materiallar hazırlayıblar. Alim sözügedən festivalda lazım olacaq materiallarla bağlı studiyanın xidmətindən istifadə edilməsinin gərəkliyini vurğulayıb, ümumi maraq kəsb edən məsələlərdə Folklor İnstitutunun hər zaman dəstək göstərməyə və birgə çalışmağa hazır olduğunu bildirib. Akademik çıxışı zamanı Qarabağ bölgəsinə xas oyunların toplanması və öyrənilməsinin son dərəcə aktual olduğunu xüsusilə diqqətə çatdırıb, bu istiqamətdə müstərək fəaliyyət perspektivlərdən bəhs edib. |