AMEA Folkor İnstitutunun əməkdaşı İstanbulda keçirilən “Türk Hərbi Təhsil və Təlim Tarixi Beynəlxalq Simpoziumu”nda iştirak edib

2021-ci il sentyabr ayının 15-18-i tarixlərində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində "Türk Hərbi Təhsil və Təlim Tarixi Beynəlxalq Simpoziumu” keçirilib.
Simpozium Atatürk Kültür, Dil və Tarix Qurumu nəzdindəki Türk Tarix Cəmiyyəti, Milli Müdafiə Universiteti və Fatih Savaş Tarixi Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.
Beynəlxalq Simpoziumu açılış nitqi ilə Milli Müdafiə Universitetinin (MSU) rektoru Prof. Dr. Erhan Afyoncu açıb. O, çıxışında hərbi təhsil mövzusunda belə bir simpoziumun daha əvvəl təşkil edilmədiyini vurğulayıb. E. Afyoncu, “Bu Simpoziumda edilən çıxışlar məqalələr şəklində nəşr olunduqda, bu, hərbi təhsil tarixi ilə bağlı çox əhəmiyyətli bir qaynaq olacaq” -deyə fikrini tamamlayıb.
Sonra Türk Tarix Cəmiyyətinin Başkanı Prof. Dr. Birol Çetin çıxış edib. TTK Başkanı açılış nitqində TTK və MSU-nun işbirliyi ilə keçirilən əvvəlki Simpoziumlardan bəhs edib və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyini söyləyib. Pandemiya səbəbiylə simpoziumlara ara vermək məcburiyyətində qaldıqlarını ifadə edən Çetin, gələcəkdə də, bu tipli beynəlxalq simpoziumların tez-tez keçiriləcəyini vurğulayıb.
B. Çetin, çıxışında hərbi təhsildə yeni texnologiyalara uyğun olaraq təlim metodlarının inkişaf etdirilməli olduğunu da önə çəkib. Prof. Dr. Birol Çetin cari dövrdə “milli təhlükəsizlik”, “dövlət təhlükəsizliyi” anlayışlarının böyük əhəmiyyət daşıyacağını xüsusi olaraq qeyd edib. O, nitqində, böyük sivilizasiyalar quran Türk millətinin varlığının və müdafiəsinin ən əhəmiyyətli faktorunun Türk ordusu olduğunu söyləyib.
Açılış çıxışlarından sonra Milli Müdafiə Universiteti tərəfindən təşkil edilən “Haluk Perk Hərbi Diplomlar Sərgisi”nin eksponatlarının nümayişi olub.

Beynəlxalq “Türk Hərbi Təhsil və Təlim Tarixi Sempozyumu”na dəvət alanlar arasında Azərbaycandan 5 nəfər- ADPU-nun kafedra müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva, AMEA Folklor İnstitutunun “Müasir Folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, AMEA Tarix və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kafedra müdiri, polkovnik Atamalı Şahbazov və AMEA Rəyasət Heyətinin “İctimaiyyətlə əlaqələr və informasiya” şöbəsinin Analitik informasiya sektorunun aparıcı mütəxəssisi Aqil Məhərrəmov da vardı.
İki gün davam edən beynəlxalq simpozyumda, hərbi musiqidən tutmuş, Jandarım Təşkilatının təlim fəaliyyətlərinə, İngilis Kral Hərbi Hava Qüvvələri Kollecində türk aviatorlarına, hərbi təhsilə, Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətində təlim fəaliyyətinə və s. mövzulara həsr olunmuş 79 məruzə dinlənilb.
“Türk Hərbi Təhsil və Təlim Tarixi Beynəlxalq Simpoziumu”na Azərbaycandan dəvət edilən elm adamları: tarix üzrə elmlər doktoru Sevinc Əliyeva “Kuzey Kafkasya`da Askeri Eğitimin Kurumsallaşmasında Osmanlı Subaylarının Rolu” (1918-1920), filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov “Azerbaycan Demokratik Cümhuriyeti Döneminde Milli Askeri Eğitimin Geliştirilmesi ve Azerbaycan Cümhuriyeti ile Osmanlı Türkiye’si Arasında Askeri İşbirliği”, polkovnik Atamalı Şahbazov “Kafkasya İslam Ordusu’nun Azerbaycan Halk Cümhuriyeti’nde Askeri Eğitim ve Öğretim Faaliyetleri”, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov “Azerbaycan’da Askeri Eğitim: Haydar Aliyev Yüksek Harp Okulu Tarihine Dair”, Aqil Məhərrəmov isə “İslam Öncesi Türk Toplumlarında Askeri Müzik ve Çalgı Dahil Müzik ve Çalgılar” adlı məruzələrlə çıxış etmişlər.


Tahir Orucov
AMEA Folklor İnstitutunun Müasir folklor şöbəsinin aparıcı elmi işçisi
Filologiya üzrə fəlsəfə doktoru, dosent