Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
04.09.2021

Şakir Albalıyev

Oxçuçaydan Dağtumasa...

İyulun 19-da 28 il əvvəldə qalmış uşaqlıq və gənclik dövrümün izi ilə geriyə qayıda bilmək fürsəti düşdü əlimə. Qələm dostum Hidayət Səfərli mənə zəng edib, AzərTAc-ın müxbiri Aydın Yavərzadə və operator-jurnalist Mirələkbər Hüseynovun Cəbrayıl-Zəngilan istiqamətində səfərə çıxacaqlarını bildirdi. Bir alim kimi mənim də onlara yol bələdçisi, yol yoldaşı olmağımı təklif etdi. Şahvəlli kəndindən olan xalamoğlu Mənsur Fətəliyevin “KİA” markalı maşınına oturub, gecə saat 3-də Bakıdan üzü doğma yurdumuza doğru hərəkət etdik. Cocuq Mərcanlıdan, Lələ təpəsindən o tərəfə, yol başlayanda həyəcanla nəzərlərimi vətən torpaqlarına zilləyə-zilləyə acgözlüklə ciyərlərimə vətənin havasını çəkməyə başladım. 28 il idi bu yolla geri dönüşüm olmamışdı. 28 il əvvəlki izimi görmək, uşaqlığımı, gəncliyimi axtarıb tapmaq istəyilə ürəyim atlanırdı. Gözlərim önündənsə cənnətməkan torpaqlarımızın əvəzinə xarabazarlığa çevrilmiş dəhşətli mənzərə gəlib keçdikcə varımdan yox olur, içim sızıldayırdı. Mehdili, Böyük Mərcanlı, Aşıq Pərinin yurdu Maralyan, Mahmudlu stansiyası, Əmirvarlı, Sarıcallı, Soltanlı... Göyərçin Veysəlli, Xudafərin, Araz çayı üstündə salınmış Su Elektrik Stansiyası – Su anbarı... Nəinki kənd adına yaraşacaq bir kənd, heç adi ev adına yaraşacaq bir abad daxma da görmədik. Doğma ev-eşiklərimizin yerinə su calamış, oda qalayıb kül eləmişdilər. Florası da, faunası da məhv edilmişdi. Təbiətcə zarafatcıl olan xalamoğlu Mənsur “görmürsən, heç bir Allahın tülküsü də yoxdu ki, qabağımıza çıxa” dedi. Doğrudan da, sözün həqiqi mənasında nə bir vəhşi heyvan, nə də yaşıllıq adına ağac, kol-kos da qalmamışdı. Tifağı dağılmış ermənilər dağıtmışdılar tifağımızı...
Zəngilan ərazisinə çatdıq. Bizi Zəngilan polisləri qarşıladılar, yolboyu üzü Zəngilan şəhərinə qədər, Oxçu çayına kimi bizi müşayiət etdilər. “Xəzər” Tv-dən, İctimai Televiziyadan da jurnalistlər çəkiliş aparmağa gəlmişdilər. Zəngilan şəhərinin yaxınlığındakı Şəhidlər Xiyabanını yerlə-yeksan edib, oda qalamışdılar. Bu məzarda uyuyan igidlərimizin özlərinə mərdi-mərdanə gücü düşə bilmədiklərindən, elə bil qəbirlərindən qisas çıxmaq istəyirmişlər mənfur və alçaq düşmənlərimiz.
Oxçuçayın sahilində bir az gəzişdik. AzərTAc-a, televiziyanın “ARB” kanalına Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsiylə bağlı ekoloji həyəcan təbili çalınması haqda intervyü verdım. Daha sonra Ağalı kəndinə gəldik. Burada “Ağıllı kənd” layihəsi üzrə tikintisi aparılan ərazidə dayandıq. Müasir tipli, yaraşıqlı evlərin tikilməsi hələ başa çatmamışdısa da yaxın gələcəkdə istifadəyə veriləcəyi aydın görünürdü. Burada da AzərTac üçün müsahibə verdim. Böyük Qayıdış üçün “Ağıllı kənd”lərin inşasının əhəmiyyətindən danışdım. Əhalinin dədə-baba torpaqlarına qayıdacağını tezləşdirmək üçün bu plan əsasında evlərin inşa olunmasının ən optimal yol olduğunu dedim. Ölkə Prezidentinin Sərəncamı ilə Şərqi Zəngəzur inzibati iqtisadi bölgəsinin yaradılmasının siyasi müstəvidəki əhəmiyyətini açıqladım. Bunun tam məntiqəuyğun bir addım olduğunu qeyd edib, bildirdim ki, Şərqi Zəngəzur varsa, deməli, Qərbə Zəngəzurumuz da var. Qarabağı işğalçılardan azad edən ordumuz Qərbi Zəngəzurumuzu da düşmənlərdən geri almağa qadirdir. Bu, həm də düşmənlərimizə siyasi mesajımızdır. Qarabağ onların olmadığı kimi, Zəngəzurun Şərqi də, Qərbi də onların deyil. Zəngəzur qədim Azərbaycan torpağıdır, dədə-babalarımızın yurdudur.
Sofulu, Pirəsəd babamın yurdu,
Zəngəzur elləri oylağım oldu.
Fələk 93-də qanlı tas qurdu:
Doğma Qarabağdan düşdük dərbədər,
Vətənsiz adıma qaçqın dedilər.
Atamın məzar daşına yazdığım bu şeirim özümdən ixtiyarsız yadıma düşür. Təəssüf ki, atam kimi çoxlu soydaşlarımıza bu günləri görmək, yaşamaq nəsib olmadı. Düşmənlərin barbarcasına kor qoyduğu yurdumuzun dəhşətli mənzərəsi qəlbimizi bir tərəfdən didib-parçaladığı kimi, doğma torpaqlarımızın işğaldan azad olunduğu bu xoş günlərimizi görmədən dünyasını dəyişənlərimizin də vətən torpaqlarına ömürlük həsrət qaldıqları da bir acı sızıltı kimi içimizi göynədir. Bu mənada cismimizin də gözü, ruhumuzun-duyğularımızın da gözü qan ağlayırdı abad ellərimizin bərbad günə salındığını görəndə. Amma həyat gənc və yetişməkdə olan nəslin timsalında davam edir. Bu gün biz canımızla, ruhumuzla vətənin azadlığını görməyənlərin də həyatını davam etdirib, onların da əvəzindən və həm də onların da davamçıları olaraq Böyük Qayıdışın reallaşması, vətənimizin yenidən abad diyara çevrilməsi yolunda cəfalara qatlaşmalıyıq. Axı bu torpaqlar bizim ulu vətənimizdir.
Bu kimi duyğuların ağuşunda vətən torpaqlarının havasını ciyərlərimə çəkib, gördüklərimi yaddaşıma köçürmək üçün nəzərlərimi acgözlüklə çöllü-biyabana, düşmənlərin insansız vəhşi səhraya döndərdikləri torpaqlarımıza zilləyirəm.
Bizi müşayiət edən polislərdən biri 1983-cü ildə Zəngilanın Məmmədbəyli kəndində anadan olmuş Arzuman idi. Məmmədbəyli kəndində daşlıq bir təpəliyə işarə edib, bizdən soruşur ki, sizcə, burada nə ola bilərdi? Yəqin ki, meşəlik olub, - deyə fikirləşirik.
Meşəlik deyəndə, bəli, çoxlu yolka ağacları da var idi. Amma bura kəndimizin qəbiristanlığı olub. Hər qəbrin də yanında ağaclar əkilmişdi, - dedi polis nəfəri.
Hamımız məəttəl qaldıq. Matımız-qutumuz qurudu. Gözlərimizin önündə ancaq keçəl təpəlik canlanırdı. Başqa heç nə yox idi. Yəqin ki, buldozerin də gücü çatmazdı bu təpəliyi belə dibdən, dəhnədən qaşıyıb – kürüməyə. Ola bilsin ki, tankın ağzına verib kürüyüb təmizləmişdilər bu qəbiristanlığı ağacları, kol-kosları qarışıq. Başdaşından, sinədaşından, ya qəbirdəki skeletlərdən heç bir nişanə qalmamışdı. Haraya kürüyüb-tökmüşdülərsə, adamın heç ağlına da gəlməzdi ki, burada kənd qəbiristanlığı olub. Vəhşiliklə icra edilmiş erməni siyasəti idi bu. Əhalisi didərgin salınmış kənddə yaşayış əlamətinin olduğuna yalnız qəbiristanlıq şahidlik edə bilərdi. Axı dilsiz-ağızsız olan bu qəbirlərin başdaşları, sinədaşları şahidlik edə bilərdi ki, biz də var idik, biz azərbaycanlılar bu kəndin sakinləri idik. Siz ermənilər bizim törəmələrimizi doğma ev-eşiklərindən didərgin-köçkün salmısınız. Bax erməni barbarlar o qəbiristanlıqdakı bu cür səssiz ittihamlardan üşənib yerlə-yeksan etmişdilər bu təpənin üstündəki məzarları. Heç izi-tozu da qalmamışdı ki, güman edə biləsən ki, bura qəbiristanlıq olub. Yenə düzəngahlıqda yerləşsəydi, bir az başa düşmək olardı ki, torpağın üstünü şumlayıb, yerində əkin-biçin işi aparıblar. Halbuki islam dinində heç qəbiristanlıqda bitən otların da heyvanın yeməsi qəbul olunmur. Amma ermənilərə nə var ki? Onlar üçün belə şeylərə qoruq-qaytaq yoxdur. Onlar üçün halal nədi, haram nədi anlayışları yoxdur. Heç olsaydı haramlıq edib qonşu torpağına göz dikməzdilər, qonşuluq etdiyi xalqın ərazilərini və əhalisini yaman günə qoymazdılar... Maraqlı idi ki, kənddə daşı-daş üstə qalmağa qoymayan kəmfürsət ermənilər XIV əsrə aid olan 8 guşəli türbəni uçurmamışdılar. Yəqin ki, nə vaxtsa türbənin harasınasa bir xaç işarəsi yapışdırıb, bu künbəzin də onlara xas abidə olduğunu yalandan-palandan dünya ictimaiyyətinə sırımaq planları var imiş. Yəqin bədbəxtlər 8 guşənin qədim türklərə xas rəmzlərdən biri olduğunu ağıllarına gətirməyiblər... Amma onlara nə var ey, ona da bir don geyindirə bilərdilər. Çox şükür ki, düşmənin mənhus niyyəti ürəyində qaldı, saxtakarlıqları və yalanları axıra kimi ayaq tutmadı.
Zəngilan polislərindən ayrılanda artıq günün çox hissəsi getmişdi. Gün günortadan xeyli əyilmişdi. Araz çayı üstündəki su anbarı yaxınlığında xalamoğlu Mənsurla şəkil çəkdirdik. Göyərçin Veysəllidə yol tikintisi aparılırdı. Zəngilan, Qubadlı istiqamətinə doğru geniş yol çəkilişi işləri gedirdi. Üzümü yuxarılara tərəf çevirdim, mənim kəndimə - Dağtumasa gedən yolu göstərdim. Ən uzun məsafəli yol olduğunu bildirdim bizim kəndimizə müxtəlif tərəflərdən gedən başqa yollara nisbətən.
Sağ olsunlar yol yoldaşlarım. Kəndimizə tərəf ürəyimin uçunduğunu görüb, dar vaxtına – yəni axşam namazına düşəcəyinə baxmayaraq, Göyərçin Veysəllidən Dağtumasa tərəf istiqamət götürdük. Niyazqullar kəndini keçdik, Tinli, Qovşudlu kəndlərini keçdik. Qovşudlu kəndinə kimi asfaltın üzərində güclə seziləcək dərəcədə bir maşın izinə rast gəldik. Bir vaxtlar maşınların qarışqa kimi qayır-qayır qaynaşdığı bu asfalt yolda tam sakitlik idi. Yollar dincə qoyulmuş əkin sahəsi kimi sanki istirahət edirdi. Ancaq B.Vahabzadənin təbirincə desək, şam əgər yanmırsa, yaşamır demək. Yolların da üstündə hərəkət olmayanda – istər piyadaların, istərsə də maşınların gedişi-gəlişi olmayanda, öz yolluq funksiyasını itirir. Yollar yolsuzluqdan, yolçularsız zinhara gəlmişdi, yollar da bezar olub bağrı çatlayırdı sanki. Qovşudludan o yana – üzü Dağtumasa tərəf isə heç bir maşın izindən əlamət yox idi. Bəlkə yol da sevinirdi üstündə maşın görəndə. Dağtumas ərazisinin cənub tərəfində qərar tutmuş Qaraqaya kəndini də (qışlağını da) xeyli ötüb keçdik. Qovşudludan buracan heç bir maşın izi yox idi. Allahumuduna gedirdik. Daha doğrusu, bəlkə də mənim xətrimə Niyazqullardan buracan 22 km-dən çox yol qət etmişdik. Birdən mənə qayıdıb dedilər ki, ay Şakir müəllim, bu yolla gediş-gəliş olmayıb. Mən qabağımızda görünən Qəhrəman yurdu deyilən ərazini göstərib dedim ki, burada ağır döyüşlər gedib. Ola bilsin ki, bir az qabaqlarda düşmənlər yollara mina mərmisi də düzmüş olarlar. Sözüm ağzımda qaldı. Xalamoğlu Mənsur xırp maşını saxladı, dedi: - Buracan da sənə görə gəlmişik, müəllim. Özün də görürsən ki, heç bir maşın izinə rast gəlmirik. Həyatımızı təhlükəyə ata bilmərik, minaya düşə bilərik.
Etiraz edə bilməzdim. Amma gücüm özümə çatdı. Təkid etdim ki, siz düşün burda qalın. Verin mən özüm maşını idarə edim. Təkcə gedim. Mən canımdan qorxmuram. Əgər maşınınızın minaya düşməsindən qorxmursunuzsa, mən təkbaşına gedərəm. Onlar da mənə qıymadılar: -Yox, müəllim, Allah qoysa gələn dəfə gedərik. Gün batmaq üzrədir. Qabağımız da gecəyə gəlir. Gecə qalmağa da icazəmiz yoxdur, qayıtmalıyıq, - deyib məni dilə tutdular. Könlümü almağa çalışdılar.
Kameranı üzü Dağtumasa tərəf tutub, kəndimizin cənub ətəyində məndən intervyü aldılar. Uzaq yolun damarını qırıb, uzun illik kəndimizin həsrətinə son qoymağa uzağı 4 və ya 5 kilometrlik yol qalmışdı, aralıdan kəndimizin tamaşasına durdum. Sanki kəndimizi danışdırmaq, hal-əhvalını soruşmaq istəyən bir vəziyyətə düşmüşdüm. Qollarımı kəndimizə sarı uzadıb, indiyəcən sən məni qoynunda yaşadıb, böyütmüşdün, indi də qoy mən səni qollarım arasına alım, kəndim, - deyib, kəndimizə sarı uzanan asfalt yolun üstünə çökdüm. Uşaq kimi asfalta uzandım, qollarımı asfalt boyu yana açıb, sanki yolları qucurmuş kimi oldum. Hönkürdüm. Diqqət edən olsa, havalanmış zənn edərdi məni. 28 ilə yaxın bir vaxtda ayağım dəymədiyi, gözüm görmədiyi doğma yurdumun üstündə idim, amma doğulub böyüdüyüm məkanın 4-5 km-liyində donub qalmışdım. Az qala həyəcandan ürəyim partlayırdı. Elə gərgin anlar yaşadım ki, etiraf edim ki, bəlkə də həmin gün Künbəzə, Dağtumasacan getmək nəsibim olsaydı, sevincimin-kədərimin çulğaşacağı o dəqiqələrdə həyəcandan ürəyim çat verə bilərdi. Sonradan düşündüm ki, bəlkə də, bu, bir Allah istəyiymiş ki, birdən-birə kəndə qovuşmağa ürəyim tablamazdı. Kəndimlə hissə-hissə görüşə bilməyi yəqin Allah-təala məsləhət bildi. Mənim birdən-birə birbaşa kəndimizlə görüşməyə son dərəcə hadisələrə həssas olan ürəyimin gücü çatmazdı. Bu, heç əvvəlcədən mənim ağlıma gəlməmişdi. Amma doğrudan, həqiqət belədir. Mən özümü yaxşı tanıyıram, bilirəm ki, dözməzdim. Kəndimin 4-5 kilometrliyində bu cür ağır stressi yaşadımsa, kəndimin özünə çatanda bundan da ağır stress-həyəcan hissi məni bürüyər və bu acılı-şirinli vüsalı yaşamağa ürəyim dözməzdi. Asfaltdan qırağa çıxıb, vaxtilə əkin sahəsi olmuş torpağın özünü-vətən torpağını da qucaqladım, ilan kimi torpağı yalayıb, öpdüm. Vətənimin torpağını qucdum, öpdüm. Bu, mənim kəndimin torpağı ilə görüşüm idi. Bu görüşdə vüsala qovuşmaq öpüşü də vardı, öpüşüb qucaqlaşıb müvəqqəti də olsa ayrılmaq nisgili də vardı. Vüsala qovuşmaq sevinci ilə öpüşüb ayrılmaq nisgili bir yerdə qovuşub-çulğaşdı o anlarda. Torpaqdan qalxıb maşına tərəf qayıdanda isə hələ də kameranın üstümə tuşlandığını gördüm. Yəqin ki, kameraman özümdən xəbərsiz o həyəcanlı anlarımı kameranın yaddaşına köçürüb. Üst-başım toz-torpaqlı- vətən torpağına bulaşmış halda maşına əyləşdim. Gəldiyimiz yolu geriyə qayıdanda, halımın hədsiz pəjmürdə olduğunu görüb, təskinlik verdilər ki, gələn dəfə birbaşa Dağtumas tərəfə gələcəyik, Şakir müəllim, - dedilər.
Bu sözlərlə qəlbimi ovundurdular. Bu ümidlərlə də “Allah qoysa” dedim onlara. Qovşudlunu, Tinlini keçdik. Xalamoğlu Mənsurgilin kəndləri olan Şahvəlliyə yol aldıq. Şahvəlliyə gedən yolda məhv edilmiş düşmən texnikası ilə qarşılaşdıq. Bu, qanlı-qadalı döyüşlərdə Ali Baş Komandanımızın bacarıqlı sərkərdəliyi və xalqımızın igid övladlarının yenilməz rəşadəti sayəsində torpaqlarımızın yağı düşmənlərdən azad edilməsinə bir görk nümunəsi idi. Üzü axşama getdiyindən Şahvəllidə də çox dayanmadıq. Şahvəllidən çıxanda isə yenə enli və geniş magistral yol çəkilişinin şahidi olduq. Yol gediş-gəliş, canlı həyat nişanıdır. Bu, onu göstərirdi ki, inşallah, tezliklə bu yollarda həyat qaynayacaq, düşmənin xarabazarlığa çevirdiyi, virdi-viran etdiyi yurdlarımızı yenidən abadlığa çevirəcəyik.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.