Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
23.07.2021

Muxtar Kazımoğlu

AŞIQ ƏLƏSGƏR: BİR DAHA ŞİFAHİLİK MƏSƏLƏSİ HAQQINDA

(I məqalə)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı xüsusi Sərəncam işığında bu il Aşıq Ələsgərlə bağlı yubiley tədbirlərinin keçirilməsi, heç şübhəsiz, ustad sənətkarın yaradıcılığını hərtərəfli araşdırmaqda mühüm rol oynayacaqdır. Bu yazıda biz Aşıq Ələsgər irsinə, bu vaxtacan xeyli araşdırılan, amma yetərincə də mübahisəli məqamları olan şifahi ənənə və müəllif fərdiyyəti baxımından nəzər salmaq istəyirik. İlk növbədə xatırlatmağı vacib bilirik ki, xalq arasında Aşıq Ələsgər sözünün ilahi mənşəyinə inam tədqiqatçılar arasında sinədəftərlik məsələsini diqqət mərkəzinə çıxarır və yazı-pozu bilməyib bədahətən şeir demək məsələsinə yenidən qayıtmaq ehtiyacı yaradır. Ehtiyac yaranır ki, sinədən söz demək məsələsi ilə Aşıq Ələsgərin yazı-pozu bilməməsinin bağlılığına təzədən bir aydınlıq gətirilsin.


Aşıq Ələsgərin yazı-pozu bilməməsinin Sovet dövründə xüsusi olaraq qabardılması o vaxtkı siyasi rejimin «proletar mədəniyyəti» təlimi ilə bağlı idimi? Axı yeni bərqərar olmuş Sovet siyasi sistemində aşağı təbəqəyə mənsub sənətkarların irəli çəkilməsi və onların «burjuaziya»nı təmsil edən yazıçılara qarşı qoyulması istiqamətində addımlar atılır, tədbirlər görülürdü. Yoxsul bir kəndli ailəsindən çıxan və təhsil almaq imkanı olmayan Aşıq Ələsgərin dövlət orqanları tərəfindən xüsusi olaraq İrəvana dəvət edilməsi xatırlatdığımız istiqamətdə atılan addımların, görülən tədbirlərin bir nümunəsi sayıla bilər. Amma burası da var ki, Aşıq Ələsgər dövlət orqanlarının dəvətinə heç də müsbət cavab verməyib və İrəvanda rəsmi dairələrlə ünsiyyətdən boyun qaçırıb. Öz dövrünün Mirzə Bəylər kimi qabaqcıl dünyagörüşlü ziyalısına, Dəli Alı kimi yenilməz qaçağına təriflər deyən Aşıq Ələsgər Sovet quruluşunun şəninə bir misra belə söyləmək fikrində olmayıb. Demək, Aşıq Ələsgərin «bisavadlığı»nın xüsusi olaraq qabardılmasının arxasında «proletar mədəniyyəti» siyasətinin gizləndiyini güman etmək özünü o qədər də doğrultmur və bu qüdrətli sənətkarın həyat-yaradıcılığı ilə bağlı səciyyəvi faktlara aşıq sənətinin qanunauyğunluqları baxımından yanaşmaq lazım gəlir. Bədahətən şeir demək bu qanunauyğunluqlardan biridir. Əlbəttə, sinədən söz demək bütün aşıqlara yox, Aşıq Ələsgər kimi ustad aşıqlara aid edilən və xüsusi önəm verilən bir cəhətdir. Məsələ burasındadır ki, ustad aşığın Dədə Qorqud sayaq övliyalığı ilə, kəramət sahibi olması ilə bağlı inanclar, hər şeydən əvvəl, həmin sənətkarın sinədən söz demək qüdrətini əsaslandırmağa yönəlir. Elə söz ki, dildə-ağızda gəzir və zaman-zaman nəsildən-nəslə ötürülür. Elə söz ki, şifahi şəkildə yarandığı kimi, nəsildən-nəslə ötürülüb geniş yayılması da bir çox hallarda məhz şifahi şəkildə baş verir. Odur ki, Aşıq Ələsgər yaradıcılığında şifahilik məsələsinə diqqət yetirmək, bu sənətkarın yazı-pozuya münasibətini xüsusi nəzərə almaq bu günün özündə belə aktuallıq kəsb edir və bu məsələnin çözülməsi aşıq yaradıcılığı ətrafında davam etməkdə olan şifahi sənət – yazılı sənət mübahisəsinə müəyyən qədər aydınlıq gətirir.
Aşıq Ələsgər yazıb-oxumağı bacarıbmı? Bu suala «yox» cavabı verməyə tələsmədən ustad aşığın şeirlərinə müraciət edək. Görəcəyik ki, müəllif bir çox şeirlərində özünün yazıb-oxumağından söhbət açır:
Sol əldə kağız var, sağ əldə qələm,
Bir yanda nəşə var, bir yanda ələm.
Ələsgər tək şirin zəban, xoş kəlam,
Bivəfa dünyaya gəldi də getdi. («Getdi»)

Ələsgərəm, doğru yoldan azmaram,
Hərcayı gözələ tərif yazmaram. («Bəyistan»)

İstəyirəm, sana bir dastan yazam,
Qubernat eşidə, yaranal bilə. («Bilə»)

Orucu çox bəyənmişəm, məhəbbətim var Qəfərə,
Qasımı mərdanə gördüm, vəsfini yazdım dəftərə. («Kimi»)

Neçə namə yazdım canan elinə,
Heç birisi o diyara yetmədi. («Yetmədi»)
Göründüyü kimi, Aşıq Ələsgər «Getdi» şeirində kağız-qələmdən, «Bəyistan», «Bilə», «Kimi», «Yetmədi» şeirlərində isə tərif, dastan, vəsf, namə yazmaqdan bəhs edir. Oxşar mənzərəni «oxumaq» məsələsinə münasibətdə də izləmək mümkündür:
«Əlif»dən dərs aldım, əbcəd oxudum. («Yazıq əmməni»)
Dərs almışam, oxumuşam hər aya. («Dal dala»)
Oxudum, yetişdim mən bu hesaba. («Olur»)
Adı çəkilən şeirlərdə Aşıq Ələsgər oxuyub əbcəd öyrənməyindən, dərs alıb Quran ayəsi oxumağından, oxuyub bəlli bir mərtəbəyə yüksəlməyindən bəhs edir.
Bütün bunlarla bərabər, o da qeyd edilməlidir ki, Aşıq Ələsgər yaradıcılığında onun yazıb-oxumaq bacarmamasına işarə edən misralar da var:
Huş başımdan gedib, yoxdu savadım,
Sözlə mətləb yazmaq deyil muradım,
Arifə eyhamla yazıram hürfat. («Dörd kitab hər yana yolu göstərir»)
Bu misralardan aydın olur ki, Aşıq Ələsgərin «sözlə mətləb yazmaq» savadı yoxdur, o, fikrini arif adamlara ayrı-ayrı hərflərə işarə etməklə çatdırır.
Aşıq Ələsgərin yazıb-oxuya bilməməsi barədə yerli-yataqlı məlumatı isə onu görüb-tanıyan adamların söylədiklərindən alırıq. Aşıq Ələsgərlə ünsiyyətdə olan belə adamlardan biri Aşıq Şəmşirdir. Aşıq Şəmşirin söyləməsinə görə, İrəvanlı Mirməcid ağa cibindən bir bəyaz çıxarıb oxumaq üçün Aşıq Ələsgərə verir. Aşıq Ələsgər isə sazı köynəkdən çıxarıb, bəyazı oxuya bilməyəcəyini Mirməcid ağaya belə bildirir:
Qulaq eşitməsə, ürək duyarmı?
Nə bilər dünyada naşı bisavad?
Yazmaq, pozmaq bisavada uyarmı?
İnsan olmayaydı kaşı bisavad…

Atam yoxsul olub dövləti-vardan,
Məni qurtarmayıb bu intizardan,
Az-az öyrənərəm oxumuşlardan,
Gündə eylər çox təlaşı bisavad.
Aşıq Ələsgərin yazı-pozu bilməməsini öz xatirələrində sənətkarın oğlu Aşıq Talıb və şəyirdi Aşıq Ağayar da yeri düşdükcə vurğulayır. Aşıq Ələsgərin nəvəsi və Aşıq Ələsgər irsinin tanınmış tədqiqatçısı İslam Ələsgər qeyd olunan məsələ ilə bağlı mülahizələri ümumiləşdirərək yazır: «Aşıq Ələsgər kəskin hafizəsi və həmişə öyrənməyə cəhd göstərməsi sayəsində zəngin bilik əldə etmişdir. Oğlanlarının, onu görmüş digər qocaların söylədiklərinə görə, aşıq dövrünün ziyalıları və din xadimləri ilə ünsiyyətdə olar, onlara tarixi, bədii və dini kitablar oxutdurub, qulaq asmağı çox sevərmiş. Dini məsələlər ətrafında gedən mübahisələr zamanı mollalar, axundlar, qazilər, hətta şeyxlər onun dedikləri ilə razılaşmalı olurmuşlar.
Aşıq Ələsgərin şeirlərində Firdovsinin, Nizaminin, Füzulinin, Nəsiminin, Hafizin adlarının çəkilməsini, «onlar da yazdığı ayə, məndədi» deyilməsini təsadüfi hal hesab eləmək olmaz. Aşıq dinləmə yolu ilə onların əsərləri ilə tanış imiş”. İslam Ələsgərin bu qənaəti tədqiqatçılar arasında qəbul edilmiş bir qənaətdir və bizim də bu qənaətə heç bir etirazımız yoxdur. Amma kimsə «dərin zəka sahibi üçün yazıb-oxumağı öyrənmək asan bir işdir» deyib Aşıq Ələsgərin «bisavadlığı»na şübhə ilə yanaşsa və öz şübhəsinin yersiz olmadığını ustad sənətkarın bir çox şeirlərində rast gəldiyimiz (və bir az əvvəl xatırlatdığımız) «namə yazdım», «əbcəd oxudum» kimi ifadələrlə sübuta yetirməyə çalışsa, biz bunu da təbii hal saymalıyıq. Ona görə ki, aydınlaşdırılması vacib olan məsələ Aşıq Ələsgərin yazı yaza bilməməsindən daha çox onun şifahi yaradıcılıq prinsiplərinə nə dərəcədə əməl edib-etməməsidir. Faktlar göstərir ki, Aşıq Ələsgər məhz şifahi yaradıcılıq yolunu seçib və bədahətən şeir söyləmə tələbinə yüksək səviyyədə əməl etməyə çalışıb:
Bir mirzə lazımdı əli qələmli,
Mən deyəm, vəsfini yaza, Müşgünaz.
«Müşgünaz» şeirindən götürdüyümüz bu misralar şifahi söyləmə və qələmə alma məsələlərinin Aşıq Ələsgər yaradıcılığındakı yerini görməyə yaxından kömək edir. «Yazılanı oxusunlar, qulaq asım; şeiri deyim yazsınlar”. Bu prinsip Aşıq Ələsgər haqqındakı dastan-rəvayətlər və xatirələrdə də kifayət qədər zəngin faktlarla öz təsdiqini tapır. Aşıq Şəmşirin Aşıq Ələsgər haqqındakı xatirəsində qarşılaşdığımız səhnə – verilən kağızın Ələsgər tərəfindən oxunmaması oxşar şəkildə dastan-rəvayətlərdə də rastımıza çıxır: Şəmkirli Aşıq Hüseynin qıfılbəndi yazılmış kağız Aşıq Ələsgərə çatanda o, kağızı oxumaq üçün oğlu Bəşirə verir. Qıfılbəndə cavabı da Aşıq Ələsgər yazmaq yox, şifahi söyləmək yolu ilə bildirir. Cavabın kağıza köçürülməsini Aşıq Ələsgər yenə oğlu Bəşirə həvalə edəsi olur.
Dastan-rəvayətlərdə Aşıq Ələsgərin yazıb-oxumaq bilməməsinə bu qədər diqqət yetirilməsinin səbəbini doğru-düzgün anlamaq üçün yenidən ənənəyə baş vurmaq, Ələsgərəqədərki ustad aşıqlarla bağlı bəzi əhvalatları xatırlatmağa ehtiyac yaranır. Uzağa getmədən «Qurbani» və «Abbas-Gülgəz» dastanlarına nəzər salsaq, hər iki dastanda baş qəhrəmanların təhsilə, yazı-pozuya münasibətini üzə çıxaran epizodlara rast gələrik. Məsələn, «Qurbani» dastanında belə bir epizod diqqətdən yayınmır: Pəri xanımla Qurbani bir yerdədirlər. Pəri xanım bir molla çağırıb Şıx oğlu Şaha məktub yazdırır ki, Şıx oğlu Şah iki sevgilini Qara Vəzirin zülmündən xilas etsin, onlar bir-birindən ayrılmasınlar. Başa düşmək çətin deyil ki, bu epizodla dastançı öz qəhrəmanının yazıb-oxumaq bilməməsinə, söylədiyi şeirlərin haqq vergisi kimi sinədən gəlməsinə işarə edir. Oxşar epizodlarla «Abbas-Gülgəz» dastanında da qarşılaşırıq: Abbası öz istəyi ilə mədrəsəyə qoyurlar, amma şikəstə oxumaq üstündə molla ilə toqquşmaq və ağır falaqqa cəzası almaq bu təhsili yarımçıq qoyur. Xatırlatdığımız epizodda da dastançının niyyəti eynidir: Abbasın təhsil gücünə yox, Allah vergisi hesabına sinədəftər olmasını diqqət mərkəzində saxlamaq.
Ələsgərəqədərki ustad aşıqlardan Xəstə Qasımın təhsilə, yazı-pozuya münasibətini əks etdirən rəvayətlər də toxunduğumuz mövzu baxımından az maraq doğurmur. Xəstə Qasımın əvvəl öz kəndi Tikmədaşda, sonra isə Ərdəbildəki Şeyx Səfi məscidində kifayət qədər yüksək təhsil alması məlum faktlardır. Tədqiqatçı Məhəmməd İbadi Qaraxanlının fikirlərinə əsaslanıb o faktı da xatırlatmaq yerinə düşər ki, Xəstə Qasım mahir bir xəttat olub. Bu fakt istər-istəməz belə bir sual doğurur: Yüksək təhsil almaq və mahir xəttat olmaq Xəstə Qasımın sinədəftər haqq aşığı olmasını xalqın təsəvvüründə arxa plana keçirmir ki? Xeyr, arxa plana keçirmir, ona görə ki, Xəstə Qasımın yüksək savad sahibi olmasından böyük məhəbbətlə söhbət açan aşıqsevərlər bu sənətkarın sinədəftərliyindən də eyni məhəbbətlə söhbət açırlar. Aşıqsevərlərin qənaətlərindən biri də budur ki, Xəstə Qasımın şeirləri daha çox ağızdan-ağıza keçərək, məclislərdə oxunaraq xalq arasında məşhurlaşıb. Bu qənaətə uyğun rəvayətlərin yaranmasına da təsadüfi hal kimi baxmaq olmaz. Rəvayətlərdən biri bu məzmundadır: Hakimiyyətdən narazılığını bildirdiyinə görə Xəstə Qasımın əlyazmalarını Nadir şahın adamları Tikmədaş bölgəsindəki Bino çayına atıblar. Məhəmməd İbadi Qaraxanlıya istinadən xatırlatdığımız bu rəvayət, bizcə, hər şeydən daha çox şifahilik məsələsini qabartmaq üçündür. Bu rəvayəti danışmaqla aşıqsevərlər Xəstə Qasım şeirlərinin Haqdan gəlmə ecazkarlığını nişan verirlər və bildirmək istəyirlər ki, əlyazmalar olsa da, olmasa da, Xəstə Qasımın Haqdan gələn şeirləri dillər əzbəridir, bu şeirləri zaman-zaman yaşatmağın mühüm bir yolu məhz şifahi ifaçılıqdır.
Qurbani, Abbas Tufarqanlı və Xəstə Qasımla bağlı dastanlardan və rəvayətlərdən gətirdiyimiz, Aşıq Ələsgər fenomeninin doğru-düzgün başa düşülməsinə yönəltmək istədiyimiz faktlar sinədən şeir deyib ilahi mətləblərdən xəbər verməyin aşıq sənətində bir kult səviyyəsinə qaldırılmasını göstərir. Məsələyə bu cür yanaşılmasının bariz ifadəsidir ki, müasirləri Aşıq Ələsgərdən bəhs edərkən bu böyük söz ustasının hansı şeiri hansı məqamda deməsini xüsusi diqqətə çatdırırlar. Bu məsələ ilə bağlı maraqlı faktlara Aşıq Ağayarın xatirələrində rast gəlirik. Aşıq Ağayarın dediklərindən bəlli olur ki, «Bu gün» rədifli müxəmməsini Aşıq Ələsgər Qazaxda bir evdə qonaq olarkən; «Leyli», «Bəyistan», «Ürəyimdə» qoşmalarını və «Sarı gələndə» təcnisini Kəlbəcərin Qamışlı kəndində toy apararkən deyib. Söz yox ki, dastan-rəvayətlər Aşıq Ələsgərin şeirlərini söyləmə məqamlarına görə izləməyə daha geniş imkan yaradır. Aşıq Ələsgərin Səhnəbanı, Anaxanım, Həcər xanım, Şəmkirli Aşıq Hüseyn, Dəli Alı, Mirzə Bəylər, Mirməcid ağa, Şair Nağı və başqa şəxslərlə bağlı şeirlərinin necə, hansı şəraitdə, hansı əhvalat fonunda ortaya çıxmasını məhz dastan-rəvayətlər vasitəsilə öyrənə bilirik. Təbii ki, Aşıq Ələsgərin bütün şeirlərinin yaranma tarixini arayıb-araşdırıb üzə çıxarmaq mümkün deyil. Və bəlkə, belə bir araşdırmaya çox lüzum da yoxdur. Ustad sənətkarın şeirlərini diqqətlə oxumaq kifayət edir ki, həmin şeirlərin şifahi ənənədən gələn cəhətlərini görmək mümkün olsun. Belə cəhətlərin ən üzdə olanlarından və nəzərə tez çarpanlarından biri söz və ifadələrin ümumi danışıq dili əsasında işlənməsidir. Bir az əvvəl adını çəkdiyimiz «Bu gün» müxəmməsinə diqqət yetirsək, görərik ki, həmin müxəmməsin rədifi Aşıq Ağayarın dilindən «bu gün» şəklində yox, yerli şivənin tələffüz normalarına uyğun olaraq «böyün» şəklində səslənir:
Aləmin padışahı, sən yetiş imdada böyün,
Naqafil qarşımıza çıxdı mələkzada böyün.
Bu müxəmməsin adının və rədifinin «bu gün» şəklində oxucuya çatdırılması da göstərir ki, nəşr zamanı Aşıq Ələsgər şeirlərinin üzərində mümkün qədər ədəbi dil normalarına uyğunlaşdırma işləri aparılıb. Amma bu, heç də Aşıq Ələsgər şeirlərini danışıq dili tərzindən uzaqlaşdırmaqla nəticələnməyib.
Aləmin padışahı, sən yetiş imdada bu gün,
Naqafil qarşımıza çıxdı mələkzada bu gün.
Göz gördü gül camalın, könül içdi bada bu gün,
Can cəsəddən ayrılır, gedir bu sevdada bu gün.
Görmək çətin deyil ki, bəndin zəruri ədəbiləşdirilməsi «böyün» formasını «bu gün» formasına keçirməklə bitib və mələkzada//mələkzadə, bada//badə əvəzlənmələrinə, həmçinin müxəmməsin sonrakı bəndələrində irəng//rəng, calal//cəlal, pərvana//pərvanə, əfsana//əfsanə, mərdana//mərdanə əvəzlənmələrinə yol verilməyib. Aşıq Ələsgər şeirlərindən ziyarat (ziyarət), ibadat (ibadət), fursat (fürsət), qəzəmət (qazamat), biqıryat (biqeyrət), zamana (zəmanə), piloy (plov), aloy (alov), ciloy (cilov), sahab (sahib), barabar (bərabər), yaşıyam (yaşayam), urus (rus), doxdur (doktor), beşatlana xod verib (beşatılanı işə salıb) kimi tələffüz formasında olan söz və ifadələrdən nə qədər desən misal çəkmək olar. Amma biz bu cür misallar üzərində geniş dayanmağa ehtiyac görməyib, Aşıq Ələsgər timsalında sinədən şeir deməyin bəzi başqa əlamət və göstəricilərinə də ötəri nəzər salmaq istəyirik. Belə əlamət və göstəricilərdən biri özünəqədərki ənənədə kifayət qədər geniş yer tutan və müəyyən qədər qəlibləşən ifadə tərzindən yerli-yerində istifadə etməkdir. Məhəbbət mövzulu şeirlərinə nəzər salsaq, görərik ki, Aşıq Ələsgər özündən əvvəlki ustad aşıqların yaradıcılığında tez-tez qarşılaşdığımız «qönçə gülü dərmək», «tovuz kimi bəzənmək», «sona kimi silkinmək», «külli-Dağıstana dəyişməmək»… ifadələrinə, alma yanaq, gül yanaq, ay qabaq, günəş camal, bal dodaq, qaymaq dodaq, qar sinə… bədii təyinlərinə, qönçə-xar, tərlan-sar… bədii təzadlarına heç də az müraciət etmir. Belə qəlib-klişelərə müraciət, heç şübhəsiz, şifahi yaratma prosesinə yardım edir və mətnin qurulmasında zəmin element funksiyasını daşıyır. Qəlib-klişe nümunələrini «ənənə və Aşıq Ələsgər» kontekstində axtardığımız kimi, Aşıq Ələsgərin öz şeirləri daxilində də axtarmaq mümkündür: ayrı-ayrı gözəllərin tərifinə həsr etdiyi şeirlərdə Aşıq Ələsgər eyni və ya oxşar misralardan istifadə edir. Aşıq Ələsgərin «Güləndam» rədifli qoşmasındakı məşhur «Səni gördüm, əl götürdüm dünyadan» misrasına ustad sənətkarın «Sənəm, gəl» rədifli qoşmasında, həmçinin «Səni gördüm, əl götürdüm evdən, əyaldan, Şapəri» şəklində «Şapəri» müxəmməsində rast gəlirik. Başqa misal. Ustad sənətkarın «Giləyə» rədifli müxəmməsində belə bir misra var:
Libası əndamına layiq, əndam uyur libasına.
Bu misraya cüzi fərqlə «Gözəl» və «Gözələ» müxəmməslərində də rast gəlirik:
Libas əndama uyur, əndam uyur libasına. («Gözəl»)
Libas əndamına layiq, əndam libasından gözəl. («Gözələ»)
Oxşar misralardan istifadə edilməsini Dəli Alıya həsr olunmuş şeirlərdə də izləmək mümkündür:
Sərim qurbandı sərinə, ay atanın nər balası. («Deyin»)
Atanın sərdar oğludu, sərim qurbandı sərinə. («Kimi»)
Və yaxud:
Süzən tüfəng cingildəyir, güllə qaçır qana – deyin. («Deyin»)
Süzən tüfəng cingildəyir, patronu səyrişir qana. («Kimi»)
Oxşar misranı nəinki iki ayrı-ayrı şeirin müqayisəsində, hətta bəzən eyni şeirin daxilində də müşahidə etmək olur:
İnşallah, heç yerdə qalmaz avara,
Bir qula ki Şahi-Mərdan yar olsun.
“Olsun” rədifli qoşmanın birinci bəndində tanış olduğumuz bu misralar həmin şeirin yeddinci bəndində cüzi fərqlə yenidən qarşımıza çıxır:
Sidqini bağlayan Şahi-Heydara,
İnşallah, heç yerdə qalmaz avara.
“Deyin” müxəmməsinə nəzər salaq:
Səxavətdə misli-Hatəm, səddə İsgəndər balası.
«Deyin» müxəmməsinin beşinci bəndindəki bu misra həmin şeirin on birinci bəndində cüzi fərqlə yenidən özünü göstərir:
Səddə İsgəndər kimidi, Hatəm səxalı söylənir.
Gətirdiyimiz bu sayaq misallar həm şifahi yaratma, həm də şifahi yaşatma ənənəsi üçün təbii sayılmalıdır. Belə hesab edilməlidir ki, sinədən şeir deyən sənətkarın oxşar misralar, qəlib ifadələr işlətməsində həmin sənətkarın fitri istedadını kölgədə qoyacaq bir şey yoxdur. Bununla yanaşı, məsələnin ikinci cəhəti – sinədən söylənmiş şeirin yaddaşlarda necə qalması, məclislərdə hansı şəkildə səslənməsi də diqqətdən kənarda qalmamalıdır. Nəzərə alınmalıdır ki, sənətkar öz şeirlərində oxşar misralar işlətməsə belə, əlyazması olmayan həmin şeirləri ortaya çıxararkən unudulmuş məqamları yenidən bərpa etməkdə tərtibçilər üçün başlıca çıxış yollarından biri oxşar misralara üz tutmaqdır, yəni sənətkarın unudularaq boş qalmış hər hansı bir misrasının yerini onun oxşar başqa bir misrası ilə doldurmaqdır.
Aşıq sənətində şifahi yaratma və şifahi yaşatma amillərinin nəzərə alınması diqqəti məlum və məşhur çoxvariantlılıq məsələsinə yönəltmiş olur. Bəli, yazılı ədəbiyyat nümunələrindən fərqli olaraq, ustad aşıqların dillər əzbəri olan ən məşhur şeirlərinin belə neçə-neçə variantı ilə qarşılaşırıq. Bu cür çoxvariantlılıq, heç şübhəsiz, sinədən söz demək yolu tutmuş Aşıq Ələsgər şeirlərinə də aiddir. Təfsilata varmadan təkcə bu faktı xatırladaq ki, Aşıq Ələsgərin nəşr edilmiş şeirlərindən bir xeylisi müxtəlif kitablarda fərqli şəkildə təqdim olunub. Bu o deməkdir ki, başqa ustad aşıqlar kimi Aşıq Ələsgər şeirləri də bizə müxtəlif variantlarda gəlib çatıb.
Beləliklə, biz müxtəlif dəlillər (sözlərin tələffüz formasına geniş yer vermək; məlum formul və klişelərdən istifadə etmək; əlyazması olmayan şeirlərin müxtəlif variantlarda ortaya çıxmasına istər-istəməz zəmin yaratmaq və s.) əsasında Aşıq Ələsgər irsinin şifahi yaradıcılıqla qırılmaz surətdə bağlı olduğunu bir daha diqqətə çatdırmaq istədik. Amma onu da qətiyyən unutmadıq ki, bu zəngin irsdə açıq-aşkar özünü göstərməkdə olan bir müəllif obrazı var və həmin obraz barədə danışmadan Aşıq Ələsgər sənətinin estetik mahiyyətini doğru-dürüst anlamaq çətindir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.