Bənövşə Rzayevanın “Şəmsəddin Qasımov” kitabı nəşr olunub
Bu günlərdə AMEA Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin böyük elmi işçisi, sən.ü.f.d.Bənövşə Rzayevanın "Şəmsəddin Qasımov" kitabı nəşr olunub. Azərbaycan Bəstəkarlar İttifaqının xətti ilə nəşr olunan kitab İttifaqın üzvü bəstəkar Şəmsəddin Qasımovun həyat və yaradıcılığından bəhs edir. Əsər
2000- 2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatına rəhbərlik etmiş Şəmsəddin Qasımovun səmərəli fəaliyyətinə işıq salır. Müəllif bəstəkarın vətənpərvərlik mövzusunda yazdığı mahnıları, romansları, teatr tamaşaları üçün yazılmış musiqiləri, Fortepiano əsərlərini, eləcə də Fortepiano və skripka üçün, Kamera orkestri üçün, Xor və orkestr üçün, Kukla teatrı üçün əsərlərə yazılmış musiqiləri geniş təhlil süzgəcindən keçirir. Bəstəkarın dəyərli əsərlərindən hesab edilən “Mirzə Cəlil” kantatasının təhlili də əsərdə öz əksini tapır. Kitabda “Mirzə Cəlil” kantatası istər musiqi, kompozisiya, istərsə də mətndən istifadə nöqteyi -nəzərindən təhlil edilir.
Sözügedən kitabın redaktoru Əməkdar incəsənət xadimi, professor Zenfira Qafarovadır.
Kitab “Renessans” Nəşriyyat Evi tərəfindən nəşr edilib.


|