Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
17.07.2021

“Ziyalı işığında” Ramazan Qafarlı-70 Beynəlxalq İctimai və Mədəni Elmlər konfransı keçirilib

AMEA Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə 15 iyul 2021-ci il tarixində “Ziyalı işığında” Ramazan Qafarlı-70 Beynəlxalq İctimai və Mədəni Elmlər konfransı keçirilib. İlk olaraq Azərbaycan və Türkiyənin Dövlət himnləri səslənib, daha sonra Ramazan Qafarlı haqqında videoçarx nümayiş etdirilib.
Konfransın plenar iclasını açan akademik Muxtar Kazımoğlu-İmanov bildirib ki, Ramazan Qafarlı daha çox folklorşünas alim kimi tanınsa da, sözün həqiqi mənasında yalnız şifahi ədəbiyyatın deyil, həm də yazılı ədəbiyyatın problemləri ilə ciddi şəkildə məşğul olan bizim alim həmkarlarımızdan biridir. Onun vaxtilə Nizami və Bəxtiyar Vahabzadə ilə bağlı sanballı monoqrafiyalarının çap olunması çox şeydən xəbər verir. Akademik M.Kazımoğlu R.Qafarlının bədii sözün problemləri ilə ─ istər şifahi, istər yazılı forması olsun məşğul olduğunu və bu müstəvidə tədqiqatlarının bu gün də davam etdiyini diqqətə çatdırıb. O, çıxışı zamanı R.Qafarlının uzun illər təşkilatçı və pedaqoq kimi də fəaliyyət göstərdiyini vurğulayaraq bildirib ki, sözügedən alim 30 ilə yaxın müddətdə Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Akademik çıxışının sonunda qeyd edib ki, R.Qafarlı naşirlik fəaliyyəti ilə də məşğul olub və vaxtilə bir neçə qəzet və jurnal təsis edib, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində Dədə Qorqud tədqiqat mərkəzinin müdiri olub, 2015-ci ildən isə fəaliyyətini AMEA Folklor İnstitutunda davam etdirərək Dədə Qorqud şöbəsinə və “Dədə Qorqud” dərgisinə rəhbərlik edir.
Daha sonra söz alan AMEA Folklor İnstitutunun baş elmi işçisi, fil.e.d. Nizami Muradoğlu(Məmmədov) bildirib ki, R.Qafarlının həyat fəaliyyətinə diqqət etsək, onu bir neçə istiqamətdən öyrənə bilərik. Ramazan Qafarlı həm folklorşünas alim, həm ədəbiyyatşünas alim, həm yaradıcı insan, həm də ictimai xadim kimi öyrənilə bilər. Ramazan Qafarlı və Bəxtiyar Vahabzadə arasındakı bağlılığa toxunan alim onların hər ikisinin əsl vətəndaş olduğunu, Vətən üçün, elmimiz üçün çalışdıqlarını diqqətə çatdırıb. Fil.e.d. N.Muradoğlu(Məmmədov) çıxışının sonunda bildirib ki, məhz bu amal, bu istək onları birləşdirib və R.Qafarlı B.Vahabzadənin ən yaxın dostuna çevrilib.


Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) rəhbəri Dr.Mustafa Əmək Lətif isə çıxışı zamanı qeyd edib ki, biz İKSAD olaraq müxtəlif ölkələrdə fərqli vəsilələrlə konfranslar keçirtsək də bu konfrans anlamı və əhəmiyyəti ilə xüsusilə seçilir. İki il əvvəl Ankarada keçirilən dünyanın iyirmidən cox ölkəsinin təmsil olunduğu Uluslararası konfrasa rəhbərlik edərkən Ramazan xocanın xarici ölkələrdə də tanındığının və əsərlərinin sevildiyinin şahidi olduq. Humanitar elmin dəyərli nümayəndələrindən biri kimi Prof. Dr. Ramazan Qafarlı bu günə qədər yazdığı elmi əsərləri və yetişdirdiyi tələbələri ilə təkcə Azərbaycana deyil, bütün türk dünyasına böyük fayda vermişdir. Bizim müasirimiz olan görkəmli ziyalının 70 illiyini böyük məmnunluq hissi ilə keçiririk. Dr. Mustafa Əmək Lətif çıxışının sonunda R.Qafarlı kimi alimlərlə Türkiyə və Azərbaycan bayrağının daha ucalarda dalğanacağına əminliyini ifadə edib.


ADPU-nun Quba filialının direktoru Dos.Dr. Yusif Alıyev də çıxış edərək bildirib ki, bu gün biz həqiqətən də sevincli və fərəhli bir günün iştirakçısıyıq. O, Azərbaycan ədəbiyyatında, folklorunda böyük ənənə yaratmış Ramazan Qafarlının şəxsiyyəti ilə yaradıcılığının bütövlük təşkil etdiyini vurğulayıb. Dos.Dr. Yusif Alıyev R.Qafarlının Azərbaycan ədəbiyyatında nəhəng izləri olan şəxsiyyətlərdən biri olduğunu diqqətə çatdıraraq bildirib ki, onun mifologiyamıza, ədəbiyyatımızın dastanlaşmış hissələrinə və ən dərin qaynaqlardan olan “Dədə Qorqud” dastanlarına aid tədqiqatlarını oxuyan hər kəs alimin necə dərinliklərə baş vura bildiyinin şahidi olur. Dos.Dr.Yusif Alıyev çıxışının sonunda R.Qafarlının dövrünün nəhəng alimlərindən dərs aldığını və həmin ənənəni bir körpü kimi bu günün gənclərinə ötürə bildiyini də yüksək qiymətləndirib. O, eyni zamanda alimin Bəxtiyar Vahabzadə ilə sıx münasibətlərinin olmasını hər kəsə nəsib olmayan uğurlu bir nəticə, göstərici və böyük şairimizin onun şəxsiyyətinə verdiyi dəyər hesab edib.


Millət vəkili, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d.,dos. Əziz Ələkbərli isə R.Qafarlını təkcə ədəbiyyatşünaslığıımızın, folklorşünaslığımızın, humanitar elmimizin görkəmli nümayəndəsi deyil, həm də tanınmış ictimai-siyasi xadim hesab edib. Dos.Ə.Ələkbərli böyük şairimiz Bəxtiyar Vahabzadənin XII cildlik əsərlərinin nəşri prosesində R.Qafarlının son dərəcə dəqiqlik, məsuliyyət və qayğı ilə bu işə yanaşdığının şahidi olduğunu vurğulayıb. O qeyd edib ki, B.Vahabzadə bütün yaradıcılığını ona etibar edib. Alim çıxışının sonunda mətbuat tariximizdə özünəməxsus yer tutan “Qafqaz” jurnalının R.Qafarlının təsis etdiyini və bu işdə böyük əməyinin olduğunu, bununla da müstəqil Azərbaycan Respublikasının mətbuatına yeni jurnal mədəniyyətini gətirdiyini də diqqətə çatdırıb.


AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, fil.e.d.,prof. Seyfəddin Rzasoy bildirib ki, R.Qafarlı Azərbaycanda ilk filoloq-alimdir ki, onun yubileyi beynəlxalq səviyyədə, konfrans formatında qeyd edilir. R.Qafarlınının elmi fəaliyyətindən söz açan professor alimin məhz emosional xarakterinin onu başqalarından fərqləndirən, orijinallaşdıran başlıca amil olduğunu qeyd edib. Prof. S.Rzasoy fikirlərinə davam edərək bildirib ki, Ramazan Qafarlını tanıyan hər bir kəs bilir ki, onun tale yolu fərqlidir. O, özü də seçkin bir tale yaşamağının fərqindədir. Psixoloji cəhətdən passionarlığı onu sanki normalaşdırılmış, ülgülərə salınmış və hamıya rahat görünən bir ömür yaşamağa qoymur. Ona görə də daim narahat, mübarizələrlə dolu, həyati təşəbbüslərlə zəngin həyat keçirir. Və bu həyat qıraqdan heç də cəlbedici görünmür. Ancaq bu, Ramazan Qafarlının taleyidir: Allahın Ramazan Qafarlı adlı bir bəndəsinin heç vaxt qaçmaq istəmədiyi bir tale... Onun Azərbaycan folklorşünaslığında öz yeri var. Bu yerə heç kəs qibtə etmir və iddia etmək arzusunda olmur. Çünki o məqama çatmaq üçün həyatda və elmdə Ramazan Qafarlı kimi prinsipial və cəsarətli olmaq, üzərinə sel kimi gələn təhlükələrə qarşı sinə verib dayanmağı bacarmaq lazımdır. Buna isə hamının və hər kəsin gücü yetməz.


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Azərbaycan dili” kafedrasının müdiri, fil.e.d.prof.Rüstəm Kamal da çıxışı zamanı R.Qafarlının kitablarının yalnız miqyasına, həcminə görə deyil, həm də orada qoyulan problemlərə görə də fundamental əsərlər olduğunu qeyd edib. O, Azərbaycan folklorşünaslığının, ədəbiyyatşünaslığının, ümumilikdə, filologiyanın janr probleminə, janr keçidləri, janr transformasiyaları, janr strategiyaları məsələlərinə R.Qafarlının toxunduğunu yüksək qiymətləndirib. Prof.R.Kamal qeyd edib ki, R.Qafarlı tədqiqatlarında folklorun tapmaca janrına və tapmacaların mifoloji kodlaşmasına da toxunub, tapmacalarda metafora yolu ilə mifoloji düşüncəni bərpa etməyə çalışıb və maraqlı tapıntılar əldə edib. Professor çıxışının sonunda R.Qafarlınının tarix və mif məsələsinə də diqqət yetirdiyini və onun geniş diapazonlu alim olduğunu vurğulayıb.
Sonra Gəncə Dövlət Universitetinin kollektivi adından Pedaqoji fakültəsinin baş müəllimi Bəsirə Abbasova söz alaraq yubiliyar alim haqqında xoş sözlər söyləyib və təbriklərini çatdırıb.


AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.e.d. İslam Sadıq isə çıxışı zamanı bildirib ki, R.Qafarlı əsl müəllim, pedaqoq olmaqla yanaşı, potensial imkanı geniş olan dəyərli alimlərimizdəndir. R.Qafarlının yaradıcılığının universal olduğunu xatırladan İ.Sadıq onun uşaq folkloru sahəsində gördüyü işlərdən bəhs edərək bildirib ki, uşaq ədəbiyyatını yaratmaq da, onu araşdırmaq da çətindir. Bunun üçün uşaq olmaq, uşaq kimi düşünmək və davranmaq tələb olunur. Alim R.Qafarlının uşaq folklorunu araşdırmasını möcüzə hesab edib. Sonda Ramazan Qafarlının tədqiqatlarında Şumer dastanlarının tədqiqinə də xüsusi yer ayrıldığını vurğulayıb.
AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, fil.ü.f.d.,dos. Ağaverdi Xəlil çıxışı zamanı alimin fəaliyyətinin kifayət qədər geniş və əhatəli olduğunu diqqətə çatdırıb. O, R.Qafarlının tədqiqatlarında janr və janrlararası əlaqə probleminə toxunub və bildirib ki, alimin folklorun nəzəri məsələləri ilə bağlı görüşləri onun səkkiz monoqrafiyasında, iki dərs vəsaitində öz əksini tapıb. Alim çıxışının sonunda bildirib ki, R.Qafarlının apardığı tədqiqatlar və onların nəticələrindən müasir folklorşünaslığımızda, onun nəzəri əsaslarının hazırlanmasında tam əminliklə istifadə oluna bilər.


AMEA Rəyasət Heyətinin elmi katibi, fil.ü.f.d.,dos. Sərxan Xavəri çıxışı zamanı R.Qafarlının yaradıcılığının həm elmi tematika,həm də elmi problematika baxımından çoxşaxəli və rəngarəng olduğunu diqqətə çatdırıb və bildirib ki, o, mifologiya sahəsində peşəkar mütəxəssis kimi tanınır. Məruzəçi bildirib ki, alim dünya folklorşünaslığında aktiv istifadə edilən çoxsaylı yeni anlayış və kateqoriyaları sistemli şəkildə qruplaşdırmış və nəzəri folklorşünaslığımızı xeyli zənginləşdirmişdir.
ADPU-nun Şəki fililalının “Dillər” kafedrasının müdiri fil.ü.f.d.,dos. Ulduz Mürşüdova çıxışı zamanı bildirib ki, R.Qafarlı Azərbaycan folklorşünaslıq elminin inkişafında xüsusi əməyi olan və mifolgiya üzrə fundamental işləri ilə dünya mifoloqları arasında öz dəsti-xətti ilə yer alan görkəmli alimimizdir. R.Qafarlı Azərbaycan folklorunu ümumtürk folklorunun bir qolu kimi araşdırır və Azərbaycan folklorunun türk etnik-mədəni sistemində yeri, əhəmiyyəti və rolu məsələlərini tədqiq edir. Onun “Azərbaycan türklərinin mifologiyası” adlı tədqiqatı oxucunu Azərbaycan türk mədəniyyətinin mifologiyası ilə tanış etmək üçün hazırlanmış və mifologiya sahəsində tədqiqat işi aparan tədqiqatçılar üçün qiymətli bir məxəzdir. Dos.U.Mürşüdova çıxışının sonunda Şəki ziyalıları adından yubiliyarı təbrik edərək ona gələcək elmi fəaliyyətində daha böyük uğurlar arzulayıb və R.Qafarlı kimi tədqiqatçılara Azərbaycan elminin böyük ehtiyacının olduğunu vurğulayıb.


Bakı Dövlət Universitetinin “Folklor” kafedrasının dosenti Etibar Talıblı isə çıxışı zamanı B.Vahabzadə irsinin nəşri və təbliği məsələrində R.Qafarlının fəaliyyətindən bəhs edib. Alim bildirib ki, bu tədbir bir tərəfdən R.Qafarlının zəngin yaradıcılıq irsininin yüksək səviyyədə etirafıdır. Digər tərəfdən isə bu, təşkilatçıların qədirşünaslığının, elmə, R.Qafarlı kimi alimlərə verdiyi qiymətin təzahürüdür. Dos. E.Talıblı R.Qafarlını toxunduğu problemləri ciddi konseptual, elmi-nəzəri cəhətdən yekunlaşdırmağı bacaran alimlərdən hesab edib. Çıxışının sonunda R.Qafarlı irsinin praktik əhəmiyyətindən bəhs edən alim onun əsərlərindən ali məktəblərdə, xüsusilə magistratura pilləsində geniş istifadə edildiyini qeyd edib.
Tədbir zamanı yubiliyarın yetirmələrindən olan, AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Araşdırmalar Mərkəzinin böyük elmi işçisi, fil.u.f.d. Əlimuxtar Muxtarov söz alaraq təhsil həyatında R.Qafarlının əsl pedaqoq kimi dərin iz buraxdığını, bu sahədə üzləşdiyi çətinliklər zamanı alimin göstərdiyi fədakarlığı diqqətə çatdırıb.


Məruzələrdən sonra yubiliyar, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, “Dədə Qorqud” jurnalının baş redaktoru, ADPU-nun Quba Filialının Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, fil.e.d. Ramazan Qafarlı çıxış edərək bildirib ki, çıxışları dinlədikcə yaşadığı ömrün müəyyən səhifələrini yenidən xatırlayıb. O, tələbəlik illərində və ümumiyyətlə, yaradıcılığında böyük rol oynayan iki böyük şəxsiyyətin İsmayıl Şıxlının və Bəxtiyar Vahabzadənin adlarını çəkərək qeyd edib ki, hazırkı dövrdə də üç böyük ziyalı: AMEA Folklor İnstitutunun direktoru, akad.M.Kazımoğlu (İmanov), ADPU-nun Quba Filialının direktoru, fiz.ü.f.d., dos. Yusif Alıyev və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) rəhbəri Dr.Mustafa Əmək Lətif belə bir möhtəşəm konfrans təşkil etməklə əmək və fəaliyyətimə böyük qiymət veriblər. Yubiliyar konfransa qatılan hər bir iştirakçıya dərin təşəkkürünü bildirib və bu konfarsın onun qarşısında böyük öhdəkilər qoyduğunu və bundan sonra da öz elmi fəaliyyətini davam etdirmək üçün əzm, məsuliyyət və dəqiqliklə çalışacağını diqqətə çatdırıb.


Plenar iclasın sonunda Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) tərəfindən AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İ.Həbibbəyliyə, AMEA Folklor İnstitutunun direktoru, akademik M.Kazımoğlu-İmanova, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, “Dədə Qorqud” jurnalının baş redaktoru, fil.e.d. yubuliyar R.Qafarlıya və İKSAD-ın Azərbaycan üzrə baş təmsilçisi Əlvan Cəfərova simvolik hədiyyələr təqdim edilib.
Plenar iclasından sonra “Ziyalı işığında” Ramazan Qafarlı-70 Beynəlxalq İctimai və Mədəni Elmlər konfransı öz işini bölmələrdə davam etdirib və altı bölmədə ağaşıdakı məruzələr dinlənilib: AMEA Folklor İnstitutunun baş elmi işçisi, prof. dr. Nizami Muradoglunun “Ramazan Qafarlı yaradıcılığında Bəxtiyar Vahabzadə”, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin kiçik elmi işçisi Adışirinov Turalın “Bəxtiyar Vahabzadənin ədəbiyyat tariximizdə yeri və rolu”, ADPU-nun dosenti, f.ü.f.d., Pərixanım Soltanqızının “Bəxtiyar Vahabzadə yaradıcılığında Ramazan Qafarlı şəxsiyyəti”, Folklor İnstitutunun kiçik elmi işçisi Lalə Hüseynovanın “Bəxtiyar Vahabzadə və türk dünyası”, Folklor İnstitutunun böyük elmi işçisi, f.ü.f.d., dos. Elçin Qaliboğlunun “Prof. Ramazan Qafarlının “Azərbaycan türklərinin mifologiyası” əsərində problem məsələnin qoyuluşu”, AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, f.ü.f.d., Əlimuxtar Muxtarovun “Professor Ramazan Qafarlının nizamişünaslıq fəaliyyəti”, ADPU-nun ETM-nin elmi işçisi Aynurə Əliyevanın “Zeka sahibinin hayat çalışmaları: bilimci, öğretmen, yayıncı”, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Nübar Həkimovanın “Alim ömrü yaddaşlarda”, AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, f.ü.f.d., dos. Ramiz Qasımovun “Ramazan Qafarlı işığında: elmi tədqiqat, pedagoji fəaliyyət və müasir elmi əlaqələr”, AMEA Folklor İnstitutunun direktor müavini, f.ü.f.d., dos. Oruc Əliyevin “Nağıl janrı Ramazan Qafarlının tədqiqatlarında”, Folklor İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dos. Atəş Əhmədlinin “Dədə Qorqud” dastanlarının tədqiqində məcmuə mərhələsi: iki qütbün kəsişdiyi diaqonallar”, Folklor İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dos. Qalib Sayılovun “Ramazan karvanı...”, Folklor İnstitutunun əməkdası Lalə Bədirovanın “Hâce Muhammed Lutfî üzerinde Fuzûli tesiri”, ADPU-nun elmi işçisi Mehriban Sərdarovanın “Ramazan Qafarlının “Heydər Əliyev və qədim türk mifoloji-folklor irsi” əsəri tarixilik və müasirliyin vəhdəti kimi”, AMEA Naxçıvan Bölməsinin əməkdaşı, f.ü.f.d., dos. Əkrəm Hüseynzadənin “Aşıq Ələsgər yaradıcılığında Naxçıvanda yer adları”, BDU-nun Azərbaycan xalq ədəbiyyatı kafedrasının dosenti, f.ü.f.d.,Etibar Talıblının “Bahtiyar Vahapzade mirasının yayımlanması ve tanıtılmasında Ramazan Qafarlı imzası”, Folklor İnstitutunun doktorantı Leyla Nuriyevanın “Azərbaycan folkloru Mirzə Fətəli Axundzadə yaradıcılığında”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili şöbəsinin müdiri, prof. İsmayıl Kazımovun “Professor Ramazan Qafarı: görünən və görünməyən tərəflərilə…”, ADPU-nun filologiya fakültəsinin əməkdası Ulduz Qəhrəmanovanın “Türk şairi Məhəmməd Əşrəfinin Mirzə Ələkbər Sabir yaradıcılığına təsiri”, Gəncə Dövlət Universitetinin baş müəllimi Abbasova Bəsirənin “Qarabağ aşiq şairi Xaspolad Coşqunun qalib olmaq şərəfi”, Folklor İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dos. Nigar Həsənovanın “Qarabağ aşıqlarının və el şairlərinin yaradıcılığında linqvopoetik xüsusiyyətlər”, ADPU-nun professoru, p.e.d. Rüfət Hüseynzadənin “Türk dünyasının böyük şairi Nizami Gəncəvinin şəxsiyyətin inkişafı haqqında fikirlərinə bir baxış”, BDU-nun doktorantı Yeşim Kuyumçunun “Nasîruddîn Tûsî’nın ahlâk-ı nâsırî eserinde talim-terbiye ve tedris üzerine görüşleri”, ADPU-nun elmi işçisi Ayətxan Ziyadın “Rafiq Yusifoğlunun uşaq şeirləri Ramazan Qafarlının uşaq folkloruna baxışı müstəvisində”, Folklor İnstitutunun əməkdası, f.ü.f.d. Aynurə Səfərovanın “Xəlil Rza Ulutürkün şeirlərində türkçülük ideyası”, ADPU-nun əməkdası Günel Əliyevanın “Nizaminin sirlər dünyası”, ADPU-nun professoru, f.e.d. Minaxanım Təkəlinin “Türk dünyası ilə ortaqlıq daşıyan nəğmələrimizin dünya mədəniyyətində yeri”, Bakı Mühəndislik Universitetinin əməkdası İnci Nağıyevanın “Əli bəy Hüseynzadə və Abdullah Cövdətin qərbçilik görüşləri. (“Füyuzat” jurnalında)”, Folklor İnstitutunun Cənubi Azərbaycan Folkloru şöbəsinin müdiri, f.ü.f.d., dos. Mətanət Abbasovanın “Folklor, postfolklor və sosio-mədəni gerçəklik”, Naxçıvan Dövlət Universitetinin dosenti, f.ü.f.d. Bilal Alarlının “Azərbaycan folklorunda düzgünün janrdaxili dəyişmələri”, Folklor İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dos. Sərxan Xavərinin “Folklora nəzəri-metodoloji yanaşmanın Ramazan Qafarlı paradiqması: “struktur” və “funksiya”,

Azərbaycan Dillər Universitetindən Dr. Iosefina Blazsanı-Battonun “Cultural identity through folklore traditıons preservation”, Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri, sən.e.d.prof. Nailə Rəhimbəylinin “Musiqi folklorunda tarixilik faktoru”, Folklor İnstitutunun əməkdaşı, f.ü.f.d., dos. Aynur Hüseynovanın “SMOMPK məcmuəsində nəşr olunan Azərbaycan uşaq folkloru nümunələri haqqında”, Folklor İnstitutunun aparıcı elmi işçisi Sevinc Əliyevanın “Müasir Azərbaycan poeziyasında Ramiz Rövşən yaradıcılığı və folklor”, ADPU-nun dosenti, t.e.d. Xankişi Məmmədovun “Ramazan Qafarlının yaradıcılığında tapmacaların struktur-semantik analizinin tədqiqi”, BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, f.ü.f.d. Məhəmməd Məmmədovun “Qarabağ folklor örnəklərində qaraçuxa obrazı”, Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi Elnarə Əmirlinin “Əfsanələrin etioloji xüsusiyyətinə görə təsnifatı tarixi”, Folklor İnstitutunun doktorantı Nərmin Babayevanın “Ramazan Qafarlının tədqiqatlarında etioloji mif probleminə baxış”, Folklor İnstitutunun böyük elmi işçisi, f.ü.f.d. Qiymət Məhərrəmlinin “Mif və nağıllardan başlanan ömür yolu”, Folklor İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dos. Hikmət Quliyevin “Mifdən internet folkloruna yaradıcı fantaziyanın simvolik təzahürü: problemə Ramazan Qafarlının “mif və qloballaşma” konseptində baxış”, Folklor İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dos. Səfa Qarayevin “Ramazan Qafarlının “Xızır mifinin kosmogenezi” ilə bağlı yanaşmalarının psixoanalitik baxımdan dəyərləndirilməsi”, Folklor İnstitutunun doktorantı Sahibə Paşayevanın “Ramazan Qafarlı və Sədnik Pirsultanlı yaradıcılığında mif və folklor”, Folklor İnstitutunun böyük elmi işçisi Xalidə Məmmədovanın “Dərvişlər möcüzəli doğulan qəhrəmanların sakral qoruyucusu kimi”, Folklor İnstitutunun Elmi katibi, f.ü.f.d., dos. Elçin Abbasovun “Ramazan Qafarlının koroğluşünaslıq fəaliyyəti”, AMEA-nın Dilçilik İnstitutunun doktorantı, Mingəçevir Dövlət Universitetinin müəllimi Zəminə Gülüstaninin “Ümumtürk onomastikasında etnik proseslərin izləri”, ADPU-nun əməkdası Dr. Yeganə Məmmədovanın “Məktəbəqədər yaşlı uşaqların nitq inkişafında Azərbaycan xalq nağıllarının rolu”, Pamukkale Universitetinin uzmanı, doktorant Yaşar Sözenin “Mikâil Rızaguluzade’nin Şahin adlı hikâyesi üzerine çocuğa görelik ilkesi bağlamında bir inceleme”, ADPU-nun laborantı Aynurə Babayevanın “Nəcib Fazil Qısakürək hekayələrindəki fəlsəfə və oxucunu düşündürmə səyi”, ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin böyük elmi işçisi, f.ü.f.d.Aytən Abbasovanın “Ömər Seyfəddinin hekayələrində qadının cəmiyyətdə və ailədə mövqeyi məsələsi”, Lesya Ukrainka adına Volin Milli Universitetindən doktorant Tetiana Reheşukun, “Similar plots in Ukrainian-Azerbaijani fairytale studies”, Folklor İnstitutunun aparıcı elmi işçisi, f.e.d. İslam Sadıqın “Ramazan Qafarlının mifoloji araşdırmalarının şumer paralelləri”, Folklor İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dos. Atif İslamzadənin “Dədə Qorqud kitabı”nda yəğma ritualı”, Herat Universitetindən Mahbuba Ziyanın “The thought and studies of rudolf steiner”, Sumqayıt Dövlət Universitetinin əməkdası Aynurə Bağırovanın “Azərbaycan dili dərslərində refleksiya”, Folklor İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dos. Mətanət Yaqubqızının “Ortaq bir dil – simvol dili”, BDU-nun Şərqşünaslıq fakultəsinin Türk dili bölümünün dosenti, f.ü.f.d., Güləhməd İmanovun “Müasir türk dilçiliyində cümlə və qrammatik bölmələr”, ADPU-nun Şəki filialının Dillər kafedrasının müdiri, AMEA Şəki Regional Elmi Mərkəzi, Folklor və Etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d.,dos. Ulduz Mürşüdovanın “Ramazan Qafarlı: Azərbaycan-türk mıfologıyasının tədqiqinə tarixi bir baxış”, Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin müdiri,fil.ü.f.d.,dos. Ağaverdi Xəlilin “Folklor janrları arasında əlaqə problemi (Ramazan Qafarlının araşdırmaları əsasında)”, ADPU-nun Quba Filialının direktor müavini, doktorant Aysel Şeydayevanın “Folklor nümunələri üzərində dil hadisələrinin müşahidəsinin əhəmiyyəti”, Folklor İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dos. Şakir Albaliyevin “Müasir Azırbaycan folklorşünaslığının nəhəng siması”, Folklor İnstitutunun aparıcı elmi işçisi f.ü.f.d.,dos. Səbinə İsayevanın “Gədəbəydən toplanmış uşaq oyunları”, Folklor İnstitutunun kiçik elmi işçisi Gülxarə Əhmədovanın “Uşaq oyunları”, Folklor İnstitutunun əməkdası Vüsalə Kərimova-Orucovanın “Uşaq folklorunda oyunların rolu və tərbiyəvi əhəmiyyəti”, Folklor İnstitutunun böyük elmi işçisi, f.ü.f.d. Xuraman Kərimovanın “Ramazan Qafarlının elmi fəaliyyətində Azərbaycan uşaq folklorunun aktual problemlərinin tədqiqi”, Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Ədəbiyyat bölümünün dosenti, f.ü.f.d. Səməngül Qafarovanın “Folklor – tərbiyə vasitəsi kimi”,

ADPU-nun Xarici Dillər Mərkəzinin əməkdaşı Sevinc Əsədovanın “İngilis və Azərbaycan dillərinin folklor nümunələrində zoonimlərin işlənməsi”, Prof.Dr. Ramil Əliyevin “Professor Ramazan Qafarlının elmi yaradıcılığında əfsanə və rəvayət janrı”, Akdeniz Universitetinin Özəl Beynəlxalq Hüquq fakültəsindən Doç. Dr. Necla Öztürkün “Yabancı turistlerin sokağa çıkma kısıtlamasından muaf olmasının anayasaya aykırılığı” və Arş. Gör. Döndü Kuşçunun “Türk hukukunda yabancilarin sinir dişi edilmeleri”, Ədliyyə Nazirliyi Lənkəran rayon İcra və Probasiya şöbəsinin əməkdaşı Elvin Quliyevin “Sosial müdafiə kontekstində vətəndaşların sosial təminat hüququnun təşkili”, Nazarbayev Universitetinin doktorantı Vlad Limin “Turkey and the middle east how can we explain the animosity between Ankara and riyadh and friendship between Ankara and Doha”, Nigeriya Milli Açıq Universitetinin Təhsil Bazası bölümünün Təhsil fakültəsindən, prof.Aqustin C. Ukviizin “Challenges of providing learner support services for quality education in circumstances of economic depression in Nigeria”, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyindən Dr. Ünal Eryılmaz, Osmaniye Korkut Ata Universitetindən Dr. Deniz Koçak və Ankara Hacı Bayram Veli Universitetindən Dr. Yasin Ertürkün “İktisadi ve mali değişkenler araciliğiyla ülkelerin iş yapma kolayliği açisindan analiz edilmesi: kümeleme algoritmasi uygulamasi”, Naxçıvan Dövlət Universitetinin dosenti, f.ü.f.d.Bağır Babayevin “Novruz bayramı XX əsr Azərbaycan demokratik fikrində”, Payam i Nur Universitetindən Xadja Banonun “Crisis management in aviation: the case of southwest airlines”, Biznes Administrasiyası və İqtisadiyyat Milli Kollecinin İslam araşdırmaları bölümünün magistrantı Rehana Kanvalın “Women and entrepreneurship: a study in the light of islamic teachings”, ADPU-nun əməkdaşı Lalə Hacıyevanın “Elçin Əfəndiyevin “Ağ dəvə” romanında dəvə obrazinin təsviri”, Folklor İnstitutunun aparıcı elmi işçisi,f.ü.f.d., dos. Məleykə Məmmədovanın “Qarabağ folklorunda doğum ritualları və inancları”, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Beynəlxalq Əlaqələr şöbəsinin əməkdası, f.ü.f.d.Rasim Hüseynovun “Heydər Əliyev irsi və qələbəyə aparan inamlı yol uğurumuz yenilməz siyasi iradənin, sarsılmaz əzmimizin məntiqi nəticəsidir”, Gümüşhane Universitetinin Sağlıq Bilimləri Fakültəsinin Acil Yardım ve Afet Yönetimi Bölümündən Dr. Öğr. Üyesi Sevil Cengizin “Afet ve Suç”, ADPU-nun əməkdaşı, t.ü.f.d.Əli Fərhadovun “XIX – XX əsrin əvvəlləri şimali Azərbaycanda yəhudiliyin tarixindən”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları: t.ü.f.d., dos. Rəşad Əsgərov və Elxan Quliyevin “Tarıxı yaddaşımızı özündə canlandıran Novruz bayramı”, Folklor İnstitutunun aparıcı elmi işçisi,f.ü.f.d., dos. Sönməz Abbaslının “Qarabağ folklorunda dini-mənqəbəvi görüşlər”, ADPU-nun dosenti, f.ü.f.d. Vaqif İsrafilovun “Düşünən və düşündürən alim”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı, doktorant Əlvan Cəfərovun “Ramazan Qafarlı və türk dünyası araşdırmaları” mövzularında 100-dən artıq məruz oxunub müzakirə edilmişdir.

AMEA Folklor İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi,
f.u.f.d., dos. Sonməz Abbaslı

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.