Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
22.06.2021

“Nizami və Nəvai irsinin mif və folklor qaynaqları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

21-22 iyun 2021-ci il tarixlərində AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə “Nizami və Nəvai irsinin mif və folklor qaynaqları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Dahi sənətkar Nizami Gəncəvi və Əlişir Nəvainin yubileylərinə həsr edilmiş konfransı AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb. O, Nizami Gəncəvi yaradıcılığının ümumtürk mədəniyyətinin, xüsusən ədəbiyyatının inkişafındakı əvəzolunmaz rolundan danışıb, Əlişir Nəvainin də Nizami Gəncəvi ədəbi məktəbinin nümayəndələrindən biri, “Xəmsə” yaradan sənətkar olduğunu vurğulayıb. Akademik qeyd edib ki, Nəvai orta əsr türk dünyasının əksər sənətkarlarından fərqli olaraq əsərlərinin əksər hissəsini doğma türk dilində yazıb. M.Kazımoğlu-İmanov bildirib ki, Nəvai həm də türk ədəbiyyatının və milliyyətinin bayrağını qaldırıb, türk dilində ədəbiyyat yaratmaq və bu yolla türk millətini vahid millət halına gətirmək kimi böyük işlə fəxr edib. Nizami və Nəvai mövzusunda konfrans keçirmək bir tərəfdən Nizaminin dahiliyini bir daha ortaya qoymağa, digər tərəfdən də Nəvainin böyüklüyünü, qüdrətini göstərməyə xidmət edir.
Sonra giriş nitqi üçün söz AMEA-nın vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə verilib. Akademik 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar keçirilən tədbirlərin əhəmiyyətindən, Nizami böyüklüyünün həm ölkəmizə, həm də dünyaya yenidən tanıdılması istiqamətində görülən işlərdən danışıb. Akademik qeyd edib ki, türk dünyasının digər böyük sənətkarı Əlişir Nəvainin qələmə aldığı “Xəmsə” artıq Azərbaycan dilinə çevrilib və çapa təqdim olunub.


Daha sonra ilk məruzə üçün söz AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Cəlal Qasımova verilib. Prof. C.Qasımov “Nizami Gəncəvinin milli və ədəbi kimliyi” mövzusunda məruzəsində bildirib ki, “Nizami ili” təkcə Nizamini deyil, Azərbaycan ədəbiyyatının Nizamiyəqədərki və Nizamidən sonrakı mərhələlərini, Nizaminin müasirlərini, klassik əsərlərin poetika, struktur, dil-üslub məsələlərini yenidən nəzərdən keçirmək, yeni fikirlər irəli sürmək, əsərlər yazmaq üçün gözəl imkan yaradıb. Professor qeyd edib ki, Nizaminin milli kimliyi məsələsi ötən əsrin 20-30-cu illərində meydana çıxıb. Bəzi dövlətlərin elmi dairələri Nizaminin milli kimliyi məsələsində öz milli maraqlarına uyğun mövqe tutur, onu özünküləşdirməyə çalışırdılar. Prof. C.Qasımov çıxışı zamanı ötən əsrin 30-cu illərində Səməd Vurğunun Nizami barədə fikirlərinə, Aleksandr Fadayevin Nizamini rus adlandırmasına, farslar və ermənilərin isə onu fars adlandırmalarına, ermənilərin bir qədər də irəli gedərək Nizamini “kürd kökənli fars” adlandırmalarına diqqət çəkib.


Konfransa Özbəkistan Səmərqənd Dövlət Xarici Dillər İnstitutundan qatılan filologiya elmləri doktoru, professor Dilaram Salohiy “Şeyx Nizami və Əmir Nəvai epik şeirində folklor elementlərinin yeri” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, Şərq epik poeziyasının yenilənməsində Şeyx Nizami Gəncəvi və Əmir Əlişir Nəvainin bədii-estetik və ideoloji prinsipləri iki xalqın folklor mənbələrindən istifadəyə əsaslanıb.
Sonra AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlı “Nizami və Nəvai “Xəmsə”lərində zaman və məkan vəhdəti” mövzusunda məruzə edib. O bildirib ki, türk dünyasının orta əsrlərin müxtəlif çağlarında yaşayıb-yaradan iki böyük söz ustadı ─ Nizami və Nəvai eyni kökdən gələn gen yaddaşına söykənib, epik əsərlərini dünyanın ilkin ümumi strukturuna uyğun şəkildə qurmuşlar. Həmin struktura əsasən bütün yaranışların ─ istər maddi, istərsə də mənəvi - quruluşu eynidir. Alim qeyd edib ki, Nizami və Nəvai məsnəvilərinin quruluşunun dünya modelinin strukturu ilə üst-üstə düşən tərəfləri çoxdur və hər iki sənətkarın əsərlərinin girişində dünya haqqındakı qənaətlərdə yaxşını-pisi, xeyir-şəri, işığı və qaranlığı meydana gətirən Allahdır.


“Dörd dahi xəmsənəvis: Nizami, Dəhləvi, Cami və Nəvai” mövzusunda çıxış edən Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər bildirib ki, Şərq ədəbiyyatında bir çox istedadlı şair “Xəmsə” hətta “Səba” yazmışdır. Lakin bu işi ən mükəmməl şəkildə yerinə yetirən dörd dahi xəmsənəvis vardır. Bunlar Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və Əlişir Nəvaidir. Xəmsə yazan bu dörd dahidən üçü (Nizami, Dəhləvi və Nəvai) milliyyətcə türk, biri isə (Cami) qeyri-türkdür. Bu dörd şairdən üçü (Nizami, Dəhləvi və Cami) öz xəmsəsini fars dilində, biri isə (Əlişir Nəvai) türkcə yazmışdır. Prof. R.Əskər daha sonra qeyd edib ki, Nizami Gəncəvi öz “Xəmsə”sini əxilik, Əmir Xosrov Dəhləvi isə Çiştiyyə sufi ordeninin fəlsəfi əsasları istiqamətində qələmə almışdır.


Özbəkistan Elmlər Akademiyası Əlişir Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Mamatkul Jurayev isə “Əlişir Nəvainin əsərlərində "gül" və "ənqa" obrazlarının mifopoetik şərhi”mövzusunda məruzə edib.
Sonda “Nizami və Nəvai yaradıcılığında folklor ənənələri” mövzusunda məruzə edən AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy qeyd edib ki, Nizaminin “Xəmsə”si bütövlükdə türk milli-siyasi ideologiyasına xidmət edib. Milli şüur Nizamiyə qədər Oğuznamədə şifahi olaraq yaşayırdısa da, onu yazılı ədəbiyyata ilk dəfə keçirən Nizami olub. Əlişir Nəvai isə türk etik-mədəni sistemində türklüyün ideologiyasını ortaya qoyub.
Açılış məruzələrindən sonra konfrans öz işini bölmələrdə davam etdirib. İki gün davam edən konfransda 5 bölmədə 60-a yaxın məruzə dinlənilib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.