Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
14.06.2021
AMEA Folklor İnstitutunun Müasir folklor şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucovun "Dədə Qorqud" jurnalının 3-cü sayında "Müdrik və işıqlı adamın nağıl dünyası" başlıqlı yazısı çap edilib.

Müdrik və işıqlı adamın nağıl dünyası

(Oruc Əliyev. Azərbaycan nağılları: janr, süjet və
obraz problemləri. Bakı, Elm və təhsil, 2020)

İnsan Ulu Yaradan tərəfindən müəyyən edilmiş bir zamanda və məkanda dünyaya gəlir. Bu, ondan asılı deyil, bu, onun alın yazısı, taleyi, qismətidir. Heç bir insan bundan qaça bilməz və hər kəs öz taleyini, qismətini yaşayır. Oruc Əliyevi tanıdığım uzun illərdən bəri mənə elə gəlib ki, onun folklora, nağıla bağlılığı elə onun dünyaya gəlişi ilə qoşa yaranıb. Oruc Əliyev Azərbaycan nağılşünaslığında öz sözü olan və sözünə hər zaman ehtiyac duyulan alimlərimizdəndir. O. Əliyev Azərbaycan folklorşünaslığına verdiyi töhfələr, göstərdiyi xidmətlər barədə istənilən qədər danışmaq, yazmaq olar. Ancaq təkcə bunu demək kifayətdir ki, Oruc Əliyev Azərbaycan nağılşünaslığında az tədqiq edilmiş bir çox ə problemlərə aydınlıq gətirmiş, onlara öz münasibətini bildirmişdir.
O. Əliyev gördüyü bütün bu fundamental araşdırmaları ilə yanaşı, özünü çalışdığı mühitdə, onu tanıyanlar arasında gözəl bir insan, müdrik və işıqlı bir şəxsiyyət kimi tanıtdıra bilmişdir. Çünki əminəm ki, mənim kimi onu tanıyanların əksəriyyətinin yaddaşlarında Oruc Əliyev hansısa bir xoş əməli, parlaq xarakteri və yaratdığı unudulmaz nağıllar dünyasından hansısa bir epizod, çizgi ilə yadda qala bilib… Bunu ona görə belə əminliklə yazram ki, məncə, nağılı tədqiqat kimi seçən hər bir araşdırmaçının daxilində sanki bir işıq, bir ziya və bir xeyirxahlıq olmalıdır. AMEA Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, fil. ü. fəlsəfə doktoru, dosent Oruc Əliyev məhz belə müdrik və işıqlı insanlardandır.
Oruc Söhrab oğlu Əliyev 1949-cu il noyabr ayının 10-da Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1974-ci ildə Azərbaycan Dövlət Universi-tetinin (İndiki BDU-nun) filologiya fakultəsini bitirmişdir. Universiteti bitirdikdən sonra təyinatla Biləsuvar rayonuna göndərilmiş və orada dil və ədəbiyyat müəllimi olaraq çalışmışdır.
1981-1984-cü illərdə Oruc Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. O. Əliyev 1988-ci ildə “Azərbaycan sehrli nağıllarının ideya-bədii xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Oruc Əliyev hazırda AMEA Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir.
O. Əliyev Azərbaycan folklorunun epik janrlarının (nağıl, dastan, qaravəlli, lətifə, rəvayət və s.) tədqiqinə həsr olunmuş iki monoqrafiyanın və əllidən çox elmi məqalənin müəllifidir. Bir neçə kitabın elmi redaktoru və tərtibçisi olmuşdur.
Məlumdur ki, nağıl hər bir xalqın folklorunun ən geniş yayılmış janrlarından biridir. İnanmıram ki, uşaqlığında nağılı və ona qulaq asmağı sevməyən hansısa bir insan olsun. Mənə elə gəlib ki, nağılla başlanan insan ömrü özü də sanki həyat davam etdikcə də nağıla çevrilir, nağılllaşır... Elə Oruc müəllimin nağıl dünyalı bir ömrü kimi...
Oruc Əliyevin elmi axtarışlarının əsas obyektində birmənalı olaraq Azərbaycan nağılları və onların araşdırılması durur. Məlumdur ki, Azərbaycan nağılları zəngin tədqiq tarixinə malikdir. Nağılların öyrənilməsində və tədqiqində Azərbaycan tədqiqatçılarından H.Zeynallı, M.H.Təhmasib, H.Araslı, N.Seyidov, P.Əfəndiyev, V.Vəliyev, Y. V. Çəmənzəminli, M. Hatəmi, R. Əliyev, F. Bayat, R. Qafarlı, rus alimlərindən V.Y. Propp, Y.A. Kostyuxin, V.E. Qusev, N.V.Novikov E.V.Pomerantseva, V. P. Anikin və başqa alimlərin böyük zəhməti vardır. Çox yaxşı haldır ki, bu məşhur tədqiqatşılarla yanaşı, O. Əliyevin də uzun illər ərzində apardığı elmi araşdırmaşlar, yazmış olduğu elmi məqalələr, kitab və monoqrafiyqlar Azərbaycan nağılşünaslığının tədqiqi sahəsində mühüm bir mərhələni əhatə edir. O. Əliyevin tədqiqatları içərisində onun “Azərbaycan nağılları: janr, süjet və obraz problemləri.”( Bakı, Elm və təhsil, 2020, 304 s.) monoqrafiyası mühüm yer tutur. Belə ki, tədqiqatçının uzun illər davam etmiş elmi-nəzəri axtarışları bu monoqrafiyada sistemli şəklində öz əksini tapmışdır.
O. Əliyev “Azərbaycan nağılları: janr, süjet və obraz problemləri.” adlı bu monoqrafiyasında qarşısına qoyduğu məqsəd və vəzifələri 4 fəsildə araşdırmağı məqsədəuyğun hesab etmişdir:
I fəsil- Nağıllarin süjet tərkibi və obrazları.
II fəsil- Nağıl kompozisiyasının struktur elementləri.
III fəsil- Nağılda söyləyicilik ənənəsi.
IV fəsil- Nağıl və dastanlarda janrlararası əlaqə.
Məlumdur ki, nağılları şifahi xalq yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Xalqın əsrlər boyu qəlblərdə yaşayan xəyal dünyasını özündə ehtiva edən nağıllar qədim və zəngin mənbələrdir. Dövrümüzə qədər gəlib çatan bu örnəklər xalqın əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərdir. Bir çox ənənəvi mədəniyyət nümunələri, mənəvi dəyərlər və mentalitent xalq nağıllarında qorunmuşdur.
Nağıl həm də xalqın mədəni varlığının göstəricisi kimi də özünü göstərmişdir. Ümumilikdə nağılın əsasında xaos-kosmos qarşıdurması dayanır və söyləyici şüuru kosmos qütbündə dayanan qəhrəmanın qələbəsi ilə harmoniyanı bərpa edir. Bu baxımdan O. Əliyevin bu monoqrafiyası nağılın az öyrənilmiş aspektlərini diqqət mərkəzinə gətirir.
O. Əliyevin fikrincə, “nağıl xalq epik yaradıcılığının məhsulu olub, nəsildən-nəsilə keçərək yaşayan, xalqın həyat, məişət tərzini, tarixi ənənələrini və cəmiyyətdəki ictimai ziddiyyətləri qabarıq halda, fantastik bədii uydurmalar vasitəsilə əks etdirən, sonu, əsasən, nikbin ovqatla qurtaran bir janrdır.”
Xalq nağılları süjet tərkibinə, təsvir vasitə və üsullarına görə çox zəngindir. Odur ki, dünya folklorşünaslığında olduğu kimi, Azərbaycan folklorşünasları, tədqiqatşılar və araşdırmaşıları da nağılları qruplaşdırmağa, sistemləşdirməyə çalışmışlar. Y.V.Çəmənzəminli və H.Zeynallı, Azərbaycan nağıllarının bölgüsünü aparmış, M.H.Təhmasib, N.Seyidov, V.Vəliyev, P.Əfəndiyev, A.Nəbiyev və başqaları da bu məsələlərdən bəhs etmişlər.
Nağıl janrı haqqında adı çəkilən alimlərin fikirlərdən məlum olur ki, hər bir müəllif nağıllara xas olan mühüm əlamətlərdən bir və ya bir neçəsini göstərməyə çalışmışdır. H.Zeynallı nağılların «fantastik və satirik (qaravəllisayaq) olduğunu, M.H.Təhmasib, «əsli olmayan uydurma», «yalan» və «quraşdırma»nın bu janrda öz əksini tapmasını, H.Araslı «zəhmətkeş xalqın öz həyat və mübarizəsini, arzularını əks etdirdiyini», «xalqın təbiət qüvvələrinə qalib gəlmək arzusunun olduğunu», «zalımlara qarşı mübarizə hissini», N.Seyidov «nağıllardakı fantaziyanın arxasında real həyat hadisələrinin durduğunu», P.Əfəndiyev «Nağıllarda xalqın milli xüsusiyyətlərinin, adət-ənənələrinin və məişət tərzinin təsvir edildiyini», «xalqın dünyagörüşünün, inamının əksini tapdığını», V.Vəliyev «Nağıllarda müsbət sehrli qüvvələrin şər qüvvələri təmsil edənlərə qarşı olduğunu», «istismarçı təbəqələrinin lağa qoyulduğunu», ədəbiyyatşünas Ə.Mirəhmədov isə «nağıllarda xalqın həyata baxışının, milli xüsusiyyətlərinin, sinfi münasibətlərinin və qədim adət-ənənələrinin öz əksini tapdığını xüsusi olaraq vurğulayırlar.
Ə.Səfərli və X.Yusifov nağılların bir çoxunda «cəmiyyət həyatının ən qədim dövrlərinə məxsus izlərin olduğunu», «xeyirxah qüvvələrlə yanaşı, şər qüvvələrin də iştirak etdiyini», C.Heyət, nağıllarda «nikbinliyi», «yaxşılığın pisliyə və haqqın nahaqqa qələbə çaldığını», Ş.Mikaylov nağıllarda «xalq müdrikliyinin təbliğ edildiyini», «ağıla və düşüncəyə üstün yer verildiyini», «dərin mühakiməni», Elçin və V.Quliyev nağıllarda «yumoristik, satirik və fantastik çalarların üstünlük təşkil etdiyini», «yaxşılıqla pisliyin, xeyirxahlıqla bədxahlığın, işıqla qaranlığın qarşılaşmasını, O.Əliyev isə nağılların «sonunun, əsasən, nikbin ovqatla qurtaran bir janr» olduğunu nağılın əsas əlamətləri və ünsürləri kimi götürürlər.
Görkəmli rus folklorşünas alimləri olan V.Y.Propp, V.P.Anikin, E.V.Pomerantseva, N.V.Novikov, V.E.Qusev və başqaları da nağıllardan, onların, quruluş vətipolagiyasından, bədii xüsusiyyətlərindən bəhs etmişlər. Məsələn V.Y.Propp, nağıllarına əsas əlaməti kimi «danışılan gerçəkliyə uyğun olmadığını» və «nağılın bünövrəsinin xəyal, uydurma təşkil etdiyini», V.P.Anikin «nağıldakı uydurmanın xarakterini və onun həqiqətlə əlaqəsinin olduğunu», E.V.Pomerantseva nağılın «qruplaşdırılmış uydurma xarakteri daşıdığını», N.V.Novikov nağılın «bədii cəhətdən obyektiv surətdə əsaslandırılmış əfsanəvi əsər» olduğunu, V.E.Qusev isə nağılın «fantastik uydurma xarakterinə» malik olmasını əsas əlamət kimi götürürlər.
Nağıl haqqında qeyd edilən bütün bu əlamət və xüsusiyyətləri, eləcə də H.Zeynallı, M.Cəlal , R.Qafarlı, L.Həsənova, türk folklorşünaslarından E.Aslan, B.Ögel, rus alimlərindən E.M.Meletinski, D.M.Moldavski, V.Y.Propp, N. B. Soboleva və başqalarının nağıl haqqında yazdıqlarını ümumiləşdirsək, onda nağıl janrı haqqında aşağıdakı xüsusiyyətləri söyləmək olar:
1. Nağıl şifahi xalq ədəbiyyatının epik növünə daxildir və müstəqil bir janrdır.
2. Nağıllarda xalqın arzusu və istəkləri, həyat və mübarizəsi, şər qüvvələrə qalib gəlmək niyyətləri təsvir olunur.
3. Nağıllarda güclü təhkiyə var və onlar geniş süjetə malik olub, xalqın dünyagörüşünü, inamını, məişətini, milli xüsusiyyətlərini, adət-ənənələrini özündə əks etdirir və əsasən, nikbin ovqatla qurtarır.
4. Nağılların bünövrəsində «uydurma», «xəyal», «fantaziya» və «quraşdırma» dayanır və orada sehrli qüvvələrə, heyvanlara və quşlara, xeyirxah və şər qüvvələrə, eləcə də dərin mühakiməyə və düşüncəyə geniş yer verilir.
5. Nağıllarda sehrli, fantastik, əfsanəvi və satirik-yumoristik çalarlar üstünlük təşkil edir və o, məzmununa görə sehrli, heyvanlar haqqında və satirik məişət nağıllara bölünürlər.
6. Nağıllar, adətən «biri vardı, biri yox» ifadəsi və ya pişvovla başlayır və «göydən öz alma düşdü» ifadəsi ilə qurtarır.
O.Əliyevi bu monoqrafiyasında nağılları, ilk növbədə, xalqın epik düşüncəsini özündə daşıyan informasiya qaynağı kimi təqdim edir: «Nağılların daşıdığı humanist, bəşəri ideyalar onu yaradan və yaşadan xalqın xarakterini özündə əks etdirməklə onu dünyaya mədəni fenomen kimi təqdim etmişdir. Bu mənada nağıl həm də xalqın mədəni varlığının göstəricisi, idrak və fantaziyası arasında harmoniyanın nikbin ifadəsi, humanist resursların qaynağıdır.
Nağıl xalq yaradıcılığının, epik özünüifadənin və dünyanı əski düşüncə çərçivəsində dərketmənin səciyyəvi janrlarından biri olaraq birinci növbədə şüurun gerçəkliyə münasibətinin folklor qanunauyğunluqları əsasında semantik strukturunu təqdim edir. Ümumilikdə nağılın əsasında xaos-kosmos qarşıdurması dayanır və söyləyici şüuru kosmos qütbündə dayanan qəhrəmanın qələbəsi ilə harmoniyanı bərpa edir.
Beləliklə, O.Əliyevin fkirlərindən aydın olur ki, nağıllar:
1. Xalqın epik düşüncənin strukturunun mühüm hissəsini nağıllar təşkil edir.
2. Nağıllarda etnik-mədəni düşüncənin uzaq keçmişlərin düşüncəsi əks olunmuşdur;
3. Nağıllar uzun illər xalqın yaddaşında və hafizəsində yaşamış, nəsillərdən-nəsillərə keçərək əbədiyaşarlıq qazanmışdır.
4. Xalqın tarixi-mədəni inkişaf təcrübəsi nağılllarda öz aydın təcəssümünü taparaq nağıllar daim zənginləşmiqdir;
5. Nağıl xalq yaradıcılığının, epik özünüifadənin və dünyanı əski düşüncə çərçivəsində dərketmənin səciyyəvi janrlarından biri olaraq birinci növbədə şüurun gerçəkliyə münasibətinin folklor qanunauyğunluqları əsasında semantik strukturunu təqdim edir.
O. Əliyevin qənaətinə görə nağıllar ənənəvi olaraq üç qrupa bolünür:
1. Sehrli nağıllar,
2. Heyvanlar haqqındakı nağıllar
3. Məişət nağılları.
Tədqiqatçı sehrli nağılların səciyyəvi xüsusiyyətləri haqqında yazır: «Sehrli nağılların bir çoxunun bəzi motiv və obrazları bu və ya digər dərəcədə mifoloji görüşlərlə səsləşir. Belə qəhrəmanlar ən müşkül məsələləri yerinə yetirir, ən çətin sınaqlardan uğurla keçərək öz istəklərinə yetirlər. Azərbaycan sehrli nağıllarının böyük bir bölümündə baş qəhrəman onu əhatə edənlərdən möcüzəli doğuluşu ilə seçilir.
Qəhrəmanın ideallaşdırılması üsulu ilə nağıl yaradıcıları onun məğlubedilməzliyini, yenilməzliyini əsaslandırmağa çalışmışlar. Əgər sehrli nağılların bir bölümündə xalqın xeyirxah ideallarını möcüzəli yolla dünyaya gələn qəhrəmanlar icra edirsə, ikinci bölümündə bu idealları xalqın içərisindən çıxmış qəhrəmanlar ifadə edirlər. Keçəl bu tipli nağılların ən xarakterik personajı kimi diqqəti çəkir. Bəllidir ki, mövzu və problematikasından asılı olmayaraq, bir çox nağıllarda qarşıdurma aşağı ilə yuxarının, zəiflə güclünün mübarizəsi şəklində öz ifadəsini tapır. Bir çox maraqlı tədqiqatların obyektinə çevrilmiş bu problem Azərbaycan nağıllarında da öz əksini tapmışdır. Bu tipli nağıllarda qəhrəman daim sehrli vasitələrin köməyilə istəyinə çatır.”
O. Əliyevin fikrincə:” Hər bir sehrli nağıl süjeti baş qəhrəmanın həyatının təsviri ilə başlayır və uzun mübarizələrdən sonra onun istəyinə çatması ilə sona yetir. Qalan personajların rolu ona münasibətlə (köməkçi, yaxud düşmən) müəyyənləşdirilir. Sehrli nağılların böyük bir bölümündə baş qəhrəman fantastik möcüzələrə sahib olan divlərlə, əjdahalarla, təpəgözlərlə və b. möcüzəli qüvvələrlə qarşılaşdırılır.
Sehrli nağılların müxtəlif süjet tipləri üçün ən səciyyəvi cəhət odur ki, bu tipli nağllar nikbin sonluqla bitir. Sehrli nağılların kompozisiyasında möcüzəli məsləhətçilər, əfsanəvi heyvanlar və quşlar, sehrli üzük, papaq, xalça və s. bu kimi qeyri-adi əşyalar mühüm yer tutur.
Ümumiyyətlə, sehrli nağılların müxtəlif süjet tipləri üçün ən səciyyəvi cəhət bu nağıllarda möcüzəli motiv, obraz və hərəkətlərin süjetin özəyində durmasıdır.”
Alim heyvanlar haqqında olan nağılları səciyyələndirərkən göstərir:” Azərbaycan xalq nağıllarının bir bölümünü heyvanlar aləmindən bəhs edən nağıllar təşkil edir. Bu nağıllarda heyvanlar aləmi insan fikir və hissi, onun həyati görüşlərinin əksi forması kimi ifadə olunur. İnsan kimi düşünən, özünü insan kimi aparan, danışan heyvanlar poetik şərtilik daşıyır.
Heyvanlar haqqındakı nağıllar folklorun ən qədim janrlarındandır. Onda heyvanların və quşların mənşəyi, heyvanlar və insanlar arasındakı əlaqə, totem heyvanlar barədə süjetlərə rast gəlinir. Heyvanlar və quşlar nağıllarda düşünür və danışır. Təbiətin canlandırılması animist dünyagörüşündən gəlir. Poetik şərtilik daşıyan bu xüsusiyyət sehrli nağıllarda, tapmacalarda, əfsanələrdə və b. janrlarda da təsadüf olunur. Deməli, nə personajlar - heyvanlar, nə də onların düşünmək və danışmaq qabiliyyəti, təkcə heyvanlar haqqındakı nağıllarda təsadüf olunmur. Ancaq sehrli nağıllarda heyvanlar baş iştirakçı olmur, əsasən, köməkçi funksiyasını yerinə yetirirlər. Heyvanlar aləmindən bəhs edən nağıllarda isə müxtəlif heyvan və quşlar əsas iştirakçı olur, onların hərəkət və münasibətləri süjetin əsasında durur.”
O.Əliyev məişət nağıllarını nağıl janrının reallığa «yaxın dayanan» tərəfi kimi belə xarakterizə etmişdir: «Məişət nağılları sehrli və heyvanlar haqqındakı nağıllarla müqayisədə real həqiqətə, ictimai və məişət problemlərinə daha yaxındır. Başqa növlərdən fərqli olaraq, “...burada uydurma təsəvvür olunan hadisələrin adi düşüncə normalarına uyğun gəlməsinə əsaslanır. Fantastik uydurma bu halda da bütün təhkiyənin əsasını təşkil edir”.
Öz məzmununa görə məişət nağılları müxtəlifdir. Bu nağıllar tapmacanın, çətin sualın müdrik cavabı; qəddar və ağılsız hökmdarın, mülkədarın, mollanın, tənbəlin, fərsizin ələ salınması və s. haqqında süjetləri özündə birləşdirir. Məişət nağıllarının mövzusu kimi mənşəyi də müxtəlifdir. Müdrik cavab, məsləhət haqqında süjetlər qədim mərasimlərdən doğur. Yelbeyin, fərsiz barədə, quldur və oğrulardan bəhs edən süjetlərin mənbəyi məişətlə bağlıdır, mülkədar və mollalar barədəki nağıllar isə ictimai ziddiyyətlərdən törəyir. Bütün bu nağılları həqiqətin bir prinsipinə görə təsvir olunması əsasında bir janr qrupunda birləşdirmək olar.
Məişət nağıllarının öz süjet dövrəsi, obrazları, öz spesifik bədii üsulları var. Məişət nağılları sehrli nağıllardan fərqli olaraq, tamamilə başqa ideya və zəmin əsasında qurulur. Zəhmətkeş insanın əxlaqi fikrinin iddiası onların məzmun xüsusiyyətlərini müəyyənləşdirir. Ümumi cəmiyyət iddialarını irəli çəkərək məişət nağılları sehrli nağılların fantaziyasını, heyvanlar aləmindən bəhs edən nağılların kinayəsini inkar edir. Onun qəhrəmanları həqiqi dünyada yaşayır, öz zirəkliyi, ağlı ilə istəyinə çatır. Onların hərəkətləri yaşadıqları cəmiyyətin əxlaq normalarını tənqid edir. Məişət nağılları real həqiqətin təsviri metodunu seçir.”
Oruc Əliyev “Azərbaycan nağılları: janr, süjet və obraz problemləri” monoqrafiyasınınnın II fəslində nağıl kompozisiyasının struktur elementləri, III fəslində nağılda söyləyicilik ənənəsi, IV fəslində isə Nağıl və dastanlarda janrlararası əlaqələrdən bəhs etmişdir.
Alimin tədqiqatın “Nağıl kompozisiyasının struktur elementləri” adlı II fəslinldə gəldiyi qənaət, əsasən, bu fikirdən ibarətdir: “Nağıl süjetinin bir xətt üzrə inkişafı, nağıl qəhrəmanının sərgüzəştləri müəyyən zaman və məkan hüdudlarında cərəyan edir. Nağıllarda ən səciyyəvi vasitələrdən biri ənənəvi formullardır. Onları məzmununa görə başlanğıc, təhkiyə və final formullarına bölmək olar.”
O. Əliyev monoqrafiyanın “Nağılda söyləyicilik ənənəsi” adlı III fəslində bu fikrə gəlir ki, folklor örnəklərini, eləcə də nağılları yaddaşında saxlayan, onları gələcək nəsillərə çatdıran söyləyici yaşadığı doğma mühitdən ayrı düşdüyü halda, yaddaşındakı örnəkləri unutmaması söyləyicilik ənənəsinin nə qədər dərin köklərə bağlı olduğunu bir daha sübut edir.
Digər folklor janrları kimi, nağıl janrının da nəinki hər xalqda, eləcə də hər bir regionda özünəməxsus fərqləndirici xüsusiyyətlərinin olduğunu görməmək mümkün deyildir. Bu yaradıcılıq prosesi, söyləyicilik ənənəsi ilə bağlıdır.
Monoqrafiyanın IV fəslində-“Nağıl və dastanlarda janrlararası əlaqələr” bölməsində O.Əliyev IV fəslində isə Azərbaycan nağıl və dastanlarda janrlararası əlaqələrdən bəhs etmiş, bu sahədə hər iki epik janrın bir-birinə təsir əlaqələrindən, onların oxşar formuıllarından ətraflə bəhs etmişdir.
O.Əliyevin « Azərbaycan nağılları: janr, süjet və obraz problemləri» monoqrafiyası nağılşünaslıq sahəsində aparılmış ciddi bir tədqiqat əsəridir. Əsərin əhəmiyyətini ümumiləşdirib, aşağıdakıları demək mümkündür:
1. Nağıllar monoqrfiyada təsnif və ətraflı təhlil edilmişdir.
2. Nagılların hər qrupunun obrazlar sistemi öyrənilmiş, onların xüsusiyyətləri aşkarlanmışdır.
3. Nağılların kompozisiya strukturu ətraflı şəkildə tədqiq edilmiş, nağıllardakı bir çox motiv və epizodların semantikası öyrənilmişdir.
4. Nağılların morfoloji strukturu onun fuknsional formulları səviyyəsində tədqiq edilmiş, başlanğıc, medial və final formulları tədqiqata cəlb edilmişdir.
Sonda onu da vurğulamaq istəyirik ki, O.Əliyevin «Azərbaycan nağılları: janr, süjet və obraz problemləri» monoqrafiyasında milli nağılşünaslıq sahəsində mövcud olan bir çox məsələlər müstəqil tədqiqat əsas mövzusuna çevrilməklə, daha geniş planda və zəngin faktlar əsasında ətraflı şəkildə təhlil edilmişdir.




Tahir ORUCOV
AMEA Folklor İnstitutu,
Filogiya üzrə fəlsəfə doktoru, dosent
email: tahiroruclu@gmail.com

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.