Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
25.05.2021

“Aşıq Ələsgər: sazın sehri və sözün şöhrəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

24-25 may 2021-ci il tarixlərində AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə “Aşıq Ələsgər: sazın sehri və sözün şöhrəti” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Zoom platforması üzərindən onlayn formatda keçirilən və Aşıq Ələsgərin zəngin yaradıcılığının müxtəlif istiqamətlərinin tədqiqinə həsr edilmiş konfransı açılış nitqi ilə institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb. O, ölkə başçısının sərəncamı çərçivəsində təşkil olunan bu konfransın aktuallığına və əhəmiyyətinə diqqət çəkib, tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Ukrayna və Rusiyadan olan mütəxəssislərin iştirak etdiyini vurğulayıb. Akademik bildirib ki, aşıq sənətinin ən qüdrətli nümayəndələrindən biri olan Aşıq Ələsgərin yaradıcılığı aşıq sənətinin poetikası ilə yanaşı, genezisinin və tipologiyasının öyrənilməsinə də xeyli materal verir. Müasir dövrümüzdə aşıq sənətinin ayrı-ayrı nümayəndələri, o cümlədən Aşıq Ələsgərin özü ilə bağlı öyrəniləcək çox məsələlər mövduddur. Məsələnin ən sadə şəkli hesab edilən aşıq sənətində şifahi sənət və müəllif tərbiyəsi məsələsinin özü belə bu gün mübahisə predmeti olaraq qalmaqdadır. Akademik M.Kazımoğlu-İmanov çıxışının sonunda bildirib ki, ənənəyə təkcə məzmun baxımından deyil, həm də ifa tərzi baxımından qırılmaz tellərlə bağlı olan Aşıq Ələsgər özünün şifahi ənənə daxilində qüdrətli bir sənətkar olduğunu təsdiq edib, eyni zamanda müəllif fərdiyyətini də ortaya qoyub.


Sonra giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, ölkə Prezidentinin Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı verilmiş sərəncamı ölkəmizdə xalq ədəbiyyatına, aşıq sənətinə, milli-mənəvi dəyərlərimizə, bütövlükdə ədəbiyyatımıza, mədəniyyətimizə verilən böyük qiymətin və dəstəyin ifadəsidir və bu sərəncam üzərimizə mühüm vəzifələr qoyur. O, Folklor İnstitutunun keçirdiyi beynəlxalq konfransı akademiyada sərəncamın icrası ilə bağlı ilk addım kimi yüksək dəyərləndirib, yaxın gələcəkdə digər institut və təşkilatların da bu səpkili tədbirlər keçirəcəyini vurğulayıb. Akademik İsa Həbibbəyli Sovetlər İttifaqı çərçivəsində Aşıq Ələsgərə yalnız Azərbaycan hadisəsi kimi baxıldığını qeyd edərək bildirib ki, Aşıq Ələsgərə təkcə Azərbaycan yox, bütün türk dünyası aşıq sənətinin böyük klassiklərindən biri kimi yanaşılmalıdır.


Konfransın plenar iclasında ilk çıxış AMEA Folklor İnstitutunun professoru Füzuli Bayatın “Aşıq sənəti kontekstində Aşıq Ələsgər qolu (məktəbi)” mövzusunda məruzəsi olub. Prof. F.Bayat folklorşünaslıqda mühit və məktəb terminlərinin çox işlədildiyini, bu terminlərin işlədilməsinin müsbət və mənfi tərəflərinin olduğunu qeyd edərək, mühit və məktəb məsələsinin daha çox coğrafi anlamda, ərazi anlamında işlədildiyindən bəzi sıxıntıların yaşandığına diqqət çəkib. O,“aşıq qolu” terminini işlətməyi daha məqsədəuyğun hesab edərək bildirib ki, qol məsələsi bizdə çox araşdırılmamış ustad-şagird məsələsi ilə bağlıdır. Çünki aşıq sənətinin ötürülməsi, yaşadılması yalnız ustad-şagird probleminə, münasibətinə bağlıdır. Ustad-şagird ənənəsində aşıq sənətinin ötürülməsi bütövlükdə aşığın adı ilə bağlı olur. Aşıq Ələsgər qolu Aşıq Ələsgər ocağı ətrafında formalaşıb və bu qolun təsiri Naxçıvandan Türkiyənin Anadolu qisminə qədər keçib gedib.


Türkiyənin Ərzincan Binali Yıldırım Universitetinin professoru Əli Kafkasyalı isə “Dede Korkut Ozan Aşık Kimliğinin Dede Elesger’de Tecellisi” mövzusunda məzruzə edərək bildirib ki, ədəbi şəxsiyyətləri və ya əsərləri dəyənləndirərkən onların mövcud olduğu dövr, sosial yaşam və soy-kök nəzərə alınmalıdır. Sənətkarın yaşayıb-yaratdığı mühit araşdırılmadan sənətkar və əsər haqda fikir söyləmək olmaz. Məruzəsində Aşıq Ələsgər yaradıcılığına toxunan prof.Ə.Kafkasyalı deyib ki, ustad aşığın şeirlərində eşq, məhəbbət, varlıq real həyatın özüdür. Çıraqdan ustada bütün aşıqlar ondan güc alıb, aşığın sözündən, səsindən, sazından faydalanmağa çalışıblar. Aşıq Ələsgər ozan sənətini insan mərifəti ilə əlşatmaz zirvəyə yüksəldib və sadəcə ozanlıq, bilik və bacarığı ilə deyil, ilahi ilhamla bu sənəti daşıyıb və buna görə də xalq ona Dədə Ələsgər deyib. Prof. Ə.Kafkasyalı çıxışının sonunda aşığın şeirlərinin Yunus Əmrənin ilahiləri, Qaracaoğlanın türküləri kimi xalq tərəfindən sevilərək qəbul edilib, hafizələrə, könüllərə yol tapıb, dildən-dilə, qəlbdən-qəlbə keçərək günümüzədək gəlib çıxdığını vurğulayıb.


Sonra söz Ukraynanın Kiyev Taras Şevçenko Milli Universitetinin dosenti Tudora Arnauta verilib. O, “Gagauz edebiyatında nazım türlerinin gelişimi ve gagauz şairlerin eserlerinde Aşık Alesker’in izleri” adlı məruzəsində qaqauz ədəbiyyatındakı janrlara toxunaraq qeyd edib ki, qaqauzların türk dünyası, xüsusilə Azərbaycanla ortaq dastanları mövcuddur. Mənzum dastanların bir çoxuna qaqauz ədəbiyyatında da rast gəlinir. “Arzu və Qəmbər”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Koroğlu” kimi dastanların variantlarına da qaqauz şifahi ədəbiyyatında təsadüf olunur. Dos.T.Arnaut deyib ki, qaqauzlarda aşıq ədəbiyyatı mövcud olmasa da, qış gecələrində gəlib nağıl, hekayə söyləyən, eləcə də yas mərasimlərində ağı deyən türkücülər deyilən bir qrup şəxslər var ki, bunu aşıq ədəbiyyatında var olan ənənənin bənzər nümunəsi hesab etmək olar. T.Arnaut çıxışı zamanı həm də Aşıq Ələsgərdən qaynaqlanan qaqauz şairlərinin yaradıcılığına diqqət çəkib, nümunələrlə fikrini əsaslandırıb.


Sonra AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən konfransa qatılan filologiya elmləri doktoru Xatirə Bəşirlinin “Aşıq sənətində Ələsgər mərhələsi” başlıqlı məruzəsi dinlənilib. O, XV əsrdə fəaliyyətə başlasa da, əsasən XVI əsrdən formalaşma prosesini tamamlayan aşıq ədəbiyyatının XIX –XX əsrlərdə Aşıq Ələsgərlə zirvə nöqtəsinə qalxdığını vurğulayıb, onun həm ifaçılığa, həm aşıq şeirinə gətirdiyi yeniliklər, dastan yaradıcılığı, şagirdləri barədə danışıb. Alim, Aşıq Ələsgərin özündən sonra böyük bir irs qoyub getdiyini diqqətə çatdırıb. X.Bəşirli qeyd edib ki, bunun başlıca səbəbi, Aşıq Ələsgərin aşıq şeirinin bütün növlərində yazması, eləcə də fitri istedadı ilə dövrünün digər aşıqlarından fərqlənməsidir.


Türkiyənin Kastamonu Universitetinin professoru Vüsalə Musalı isə “Aşıq Ələsgər yaradıcılığında əhli-beyt” mövzusunda məruzəsi zamanı Aşıq Ələsgər yaradıcılığında bəzən epizodik olaraq keçən və ya əhli-beytə həsr olunan şeirlərin təhlilinə yer verib. Prof. V.Musalı çıxışında qeyd edib ki, Azərbaycan aşıq ədəbiyyatının böyük nümayəndəsi olan Aşıq Ələsgərin əhli-beytlə əlaqəli şeirləri əsasən onunla bağlı müxtəlif rəvayətlərdə rastlanılır, lakin bu rəvayətlərin əksəriyyəti hələ də nəşrlərdə yer almamışdır.
Plenar iclasından sonra konfrans öz işinə dörd bölmədə davam edib. İki gün davam edən konfransda qoyulan mövzu ətrafında 56 məruzə dinlənilib.


           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.