Əməkdaşımız Azərbaycan radiosunun “Dünya bir nağıldı” verilişinin qonağı olub
25 aprel 2021-ci ildə AMEA Folklor İnstitutunun əməkdaşı, fil.ü.f.d. Elçin Qaliboğlu Azərbaycan radiosunun “Dünya bir nağıldı” verilişinin qonağı olub. Verilişdə “Azərbaycan nağıllarında qəhrəman” mövzusunda danışılıb. Bildirilib ki, nağılçılıqda bu və ya digər gözəl istəyin gerçəkləşməsi üçün qəhrəman tələb olunur, ondan umulan tələblər var. Hər şeydən öncə qəhrəman düşüncə yiyəsidir. Qəhrəmanın obrazını ağılda, düşüncədə xalq ruhuna uyğun olaraq söyləyici yaradır, yaşadır. Ənənə beləcə qırılmır. Bu obraz Məlikməmməddirmi, Nərbaladırmı, Cırtdandırmı? Hər birində nağıl qəhrəmanının çox, ya bütün cəhətləri var. Nağıl düşüncəsi qəhrəmanın istər-istəməz çətinliyi aşmasını tələb edir. “Məlikməmmədin nağılı”nda Məlikməmməd quyudan çıxmaq üçün çalışır: qəhrəman, ya da yarımqəhrəman olduğunu sübut etməlidir. Nə qədər ki Məlikməmməd özünü qəhrəman olaraq sübut etməyib, onun haqqında təsəvvürümüz tam deyil. Nağıl düşüncəsində yarımçıq qəhrəman mahiyyətcə yalançı qəhrəmandır. Nağıl dünyasında qəhrəman gedişatın düzənini dəyişir.
Nağıllarda Xeyir və Şər ideyalarının bir-biriylə döyüşünün şahidi oluruq. Xeyir işığı, Şər qaranlığı təmsil edir. Nə qədər qatı olsa da, qaranlığın yarılacağına nağıllarda qəti inam var. Nağıllarda bütöv qəhrəman doğruçu, tərəddüdsüz, yəni qətiyyətli, yarımçıq qəhrəman yalançı, tərəddüdlü, yəni qətiyyətsizdir. Azərbaycan nağıllarında əsl
qəhrəman tilsimi qırır, çətinlikləri aşır, səadətə yetir, yetirir.
Türkan Nəsibovanın aparıcısı olduğu verilişdə xalq artisti, tanınmış diktor Eldost Bayramın ifasında Azərbaycan nağıllarından örnəklər təqdim olunub. |