Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Beynəlxalq Novruz Günü

2009-cu il Azərbaycan mədəniyyətinin dünyada tanıdılması sahəsində uğurlu bir il oldu. Heydər Əliyev Fondu və respublika Mədəniyyət və Turizm Nazirliyinin birgə əməyi sayəsində Novruz bayramı və Azərbaycan aşıq sənəti YUNESKO tərəfindən dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edildi.
Bu yaxınlarda isə BMT-nin Baş Məclisindən daha bir xoş xəbər gəldi.
Fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında "Sülh mədəniyyəti" adlı 49-cu bəndə müvafiq olaraq Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduqları "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsinin Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev tərəfindən təqdimatı keçirilmişdir. Qətnamə yekdilliklə qəbul edilmiş, BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan etmişdir.
Bu hadisə Azərbaycan dövlətinin bütün xalqlarla həmrəylik, dostluq və anlaşma şəraitində yaşamaq istəyini bir daha dünya dövlətlərinin diqqətinə çatdırmaq baxımından da çox önəmlidir. Qəbul edilmiş qətnamənin başqa bir cəhətini də qeyd etmək vacibdir. BMT-də 18 illik üzvlük dövründə Azərbaycan bu təşkilatda böyük nüfuz qazanmış, onu özünün milli-mənəvi dəyərlərini dünyada yaymaq üçün nüfuzlu bir tribunaya çevirmişdir. Bu isə bilavasitə ölkəmizdə mədəni dəyərlərimizin qorunub saxlanmasına və bərpasına ardıcıl olaraq göstərilən düzgün dövlət siyasətinin məntiqi nəticəsidir. Məlum olduğu kimi, xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə milli-mədəni dəyərlərimizə güclü qayıdış başlanmışdı.
Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin bərpası və qorunub saxlanması sahəsində ardıcıl olaraq dövlət siyasətini formalaşdıraraq qədim bayramlarımızı bərpa etmiş, onlara ümummilli bayram statusu vermişdir.
Məhz bundan sonra Novruz bayramı xalq arasında daha geniş qeyd edilməyə başladı, azərbaycançılıq ideologiyası baxımından yüksək dəyərləndirildi. Prezidentin də Novruz şənliklərində iştirakı xalqın böyük sevincinə səbəb oldu. Novruzun üzərindən bütün qadağalar götürüldü, bayramın həyatında yeni bir mərhələ başladı. Heydər Əliyev siyasətini Prezident İlham Əliyevin uğurla inkişaf etdirməsi də öz bəhrəsini verdi. Azərbaycanın zəngin mədəni dəyərlərini qlobal dünyaya tam və bütöv şəkildə təqdim etmək sahəsində daha böyük uğurlara imza atıldı.
İstər Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin Novruz bayramını - martın 21-ni Beynəlxalq Novruz Günü kimi elan etməsi, istərsə də ondan xeyli əvvəl YUNESKO-nun Novruz bayramını və Azərbaycan aşıq sənətini dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil etməsi, təbii ki, ictimai və humanitar elmlər, xüsusən folklorşünaslıq sahəsində qarşıya yeni vəzifələr qoyur. Göstərilən böyük etimada cavab olaraq Novruzun və aşıq sənətimizin dünyaya daha geniş və əsaslı şəkildə çatdırılması sahəsində hansı tədbirlər həyata keçirilməlidir? Ümumilikdə, Azərbaycan folklorşünaslığının qarşısında hansı vəzifələr durur?
Bu suallara cavab verməzdən öncə böyük iftixarla qeyd etmək lazımdır ki, xalqımız yüzilliklər və minilliklər ərzində yaradıb-yaşatdığı milli mədəni dəyərlərini qədirşünaslıqla qoruyub saxlamış və Sovetlər dövründə belə milli sərvətimiz müxtəlif qadağalara, yasaqlara məruz qalsa da, məhv edilib sıradan çıxarıla bilməmişdir. O, zaman-zaman cilalanaraq nəsildən-nəslə keçmiş, öz ətrini, təravətini saxlamış və günümüzə gəlib çatmışdır. Ötən yüzillikdə onun toplanması, nəşri və tədqiqi sahəsində böyük işlər görülmüş və həmin iş bu gün də davam etdirilməkdədir. Mədəni dəyərlərimizi toplayıb nəşr edən, araşdıran məcmuələrin, cəmiyyətlərin, bu işdə iştirak edən çoxsaylı ziyalıların adı minnətdarlıqla çəkilir. Ə.Abidin, H.Zeynallının, S.Mümtazın, Y.V.Çəmənzəminlinin, H.Araslının, M.H.Təhmasibin, Ə.Axundovun və başqalarının bu sahədəki xidmətləri kifayət qədər dəyərləndirilir.
XXI yüzillik isə tarixə milli-mədəni və əxlaqi dəyərlərimizin ümumsivilizasiya kontekstində dəyərləndirilməsi və inteqrasiya prosesinin başlanğıcı kimi daxil olmuşdur. Sivil dünyanın bir çox xalqları kimi, biz də hazırda çox mühüm bir problemlə üz-üzəyik. Ya öz mədəni dəyərlərimizi dünya xalqlarının diqqətinə çatdırıb onları dünyəvi, qlobal dəyər kimi inteqrasiya meydanına qoymalı, ya da Avropa dəyərlərini qəbul edib onların yaşam və əxlaq tərzini qəbul etməliyik.
Biz, təbii ki, birinci yolu seçmişik. Qazanılan uğurlar bu istiqamətdə fəaliyyətimizi intensiv şəkildə davam etdirməyin vacib olduğunu göstərir. Bu isə tələb edir ki, biz mədəni dəyərlərimizə bundan sonra daha çox sahib durmalı və onları dünyaya daha yaxşı tanıtmalıyıq. Buna görə də Azərbaycan elmi öz mədəni dəyərlərini - bayramlarını, mərasimlərini, adət-ənənə və rituallarını, aşıq yaradıcılığı nümunələrini, bütövlükdə zəngin folklor yaradıcılığını qloballaşmaqda olan dünyaya inteqrasiya etməli və dünyanın yeni düzümündə öz layiqli yerini tutmalıdır. Bunun üçün isə mədəni dəyərlərimizin həm fəlsəfi, etik-estetik, həm də tarix və folklorşünaslıq baxımından dünya elmi standartlarına cavab verə biləcək səviyyədə tədqiqatlara cəlb edilməsi çox vacibdir. Ən mühüm tələblərdən biri isə sahə üzrə yüksək ixtisaslı, dünya elminə bələd olan, folklorşünas kadrların hazırlanmasına diqqətin artırılmasıdır. Ona görə də qeyri-aktual mövzularda aşağı səviyyəli namizədlik və doktorluq dissertasiyalarının müdafiəsinə imkan verilməməlidir, elmi rəhbərlərin və məsləhətçilərin, elmi şuraların, dissertasiya və AAK-ın ekspert şuralarının tələbkarlığı artırılmalıdır. Elmi işlərə verilən rəylər obyektiv olmalıdır. Bu gün folklorşünaslıq üzrə müstəqil dissertasiya və ekspert şuralarının yaradılmasına xüsusi ehtiyac var. Yazılan dissertasiyalar Azərbaycan elminin inkişafına xidmət etməlidir. Mövzular təkrarlanmamalı, dissertasiyalar müdafiə prosesində kifayət qədər obyektiv müzakirə edilməlidir.
Hazırda folklorşünas doktor kadrların hazırlanması işinə mənfi təsir göstərən məsələlərdən biri də aparılan tədqiqatların koordinasiyası ilə bağlıdır. Belə ki, AMEA-nın tərkibində Folklor İnstitutu fəaliyyət göstərir. Bununla paralel şəkildə eyni adda başqa bir şöbə də mövcuddur. Onların arasında hər hansı bir koordinasiya mövcud olmadığı üçün dissertasiya şurası daha çox elmlər doktoru olan Folklor İnstitutunda deyil, folklor şöbəsindədir. Şöbə əməkdaşlarının Folklor İnstitutu ilə qarşılıqlı əlaqəsi isə bir-birini uzun illərdir təkzibetmə vəziyyətindədir. Çox təəssüf ki, bu günlərdə şöbə institutdan xəbərsiz "Novruz ensiklopediyası" adlı qüsurlu bir nəşr hazırlamışdır. Ensiklopediya adına xələl gətirən nəşrdə Novruzun məzmunu və dünyəvi dəyərləri təhrif edilməklə yanaşı, bayramın tarixi, bağlı olduğu dəyərlər haqqında oxuculara yanlış məlumatlar verilir. Bir vaxtlar Novruz çərşənbələrini köçəri tayfaların hazırladığı ağartı məhsulları - süd, qatıq, bulama və sairlə bağlayanlar indi də onlara elmi əsası olmayan adlar verirlər. Çərşənbələrin sayını yeddiyə çatdırır, sırasını təhrif edir, onlara Yalançı çərşənbə, Xəbərçi çərşənbə, Ölülər çərşənbəsi və s. kimi elmi əsası olmayan adlar verirlər.
Son vaxtlarda Novruzu Şaman görüşləri ilə bağlayıb öz tarixi kökündən uzaqlaşdırmaq, bayramın adını Ərgənəkon, İlbaşı adlandırıb onu dünyəvi yaz bayramları çevrəsindən çıxarmaq meyilləri də artmaqdadır. Zərərli cəhətlərdən biri isə Novruz ənənələri içərisində Zərdüşt ənənələrinin təhrif edilməsidir. Şübhə yoxdur ki, Novruzu özününküləşdirmək istəyən zərdüştilər bunun mümkün olmadığını gördükdə həmin bayramı yeni-yeni mərasim və əmək nəğmələri ilə zənginləşdirib onun dünyəvi yaz bayramı səviyyəsinə yüksəldilməsinə, yaşanıb gələcək nəsillərə ötürülməsinə, yaxın və uzaq ellərdə bayram edilməsinə az töhfə verməmişlər. Qədim əcdadlarımızın ilk istilik mənbəyinin ağacla bağlı etiqadlarını zərdüştilər "Şəhrivər" şənliklərində qoruyub saxlayaraq yaşatmış, "Səddə", Azərkan şənliklərində zərdüştilikdən əvvəlki təsəvvürlər barədə məlumat vermişlər. Şamançılıq isə bütün bunlardan sonrakı dövrlərin təsəvvürləri olmaqla, azərbaycançılıq görüşlərindən çox-çox uzaqdır.
Zərdüştilik və Novruz ənənələrindən xəbəri olmayanlar dünyada zərdüştilərin başlıca yaşadığı - İranın Bəm şəhərində və Hindistanın qərb vilayətlərində keçirilən Novruz şənliklərindən xəbərdar olsaydılar, tarixi mənbələrə müraciət etsəydilər, nə qədər böyük yanlışlıqlara yol verdiklərini görərdilər. Elm zorakılıq sevmir, elmi əsası olmayan, illüziya və uydurmaları xalq daim rədd etmişdir və gələcəkdə də, təbii ki, qəbul etməyəcəkdir, elmin sabaha uzanan yolu sağlam istiqamətlidir.
Novruz bayramı və aşıq sənətinin dünya xalqlarına YUNESKO və BMT Baş Məclisi tərəfindən təqdim edilməsi ölkəmizin mədəni həyatında nə qədər böyük hadisədirsə, Azərbaycan ictimai və humanitar elmlərinin qarşısına qoyulan vəzifələr də bir o qədər əzəmətli və genişdir. Biz ən qısa vaxtda Novruzun və Azərbaycan aşıq sənətinin ictimai-siyasi və fəlsəfi dəyərlərini, etik-estetik mahiyyətini araşdırıb üzə çıxarmalı və dünya xalqlarına təqdim etməliyik. Novruzun dünyəvi dəyərlərini araşdırmaq, onu ayrı-ayrı türk boylarının mərasim şənliklərindən fərqli mövqeyini daha tam və bütöv şəkildə açmağa, milli aşıq sənətinin yanlışlıqlardan və təhriflərdən təmizlənmiş tarixini hazırlamağa nail olmalıyıq. Bunlara isə mütəxəssislərin birgə işi sayəsində nail olmaq mümkündür.
Azərbaycan Milli Elmlər Akademiyasında son vaxtlarda böyük yenidənqurma işləri gedir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı təsdiq edilmişdir. Milli Strategiyada respublikamızda elmin inkişafı, idarə edilməsi və əlaqələndirilməsinin təkmilləşdirilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Milli Strategiyanın həyata keçirilməsi sahəsində AMEA-da son vaxtlarda çox təsirli və səmərəli işlər görülür. Həmin vəzifələrin həyata keçirilməsini sürətləndirmək və keyfiyyətini yüksəltmək məqsədilə respublika Elmi Təqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası üzrə burada müxtəlif elm sahələrini əhatə edən bölmələr yaradılmışdır. Yaxşı haldır ki, ilk dəfə olaraq ölkədə folklorşünaslıq üzrə müstəqil problem şurası da yaradılmışdır. Şübhəsiz ki, bu, folklorşünaslıq sahəsində bundan sonra da milli-mənəvi dəyərlərimizin daha geniş və səmərəli şəkildə öyrənilməsinə, onun müxtəlif dillərdə nəşr edilib dünyaya yayılmasına öz köməyini göstərəcəkdir.

Azad NƏBİYEV,
Bakı Dövlət Universitetinin
professoru, AMEA-nın
müxbir üzvü

30.03.2010

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.